“Semaşko”nun həkimləri Elinanın ölümü barədə nələr danışırlar?

“Semaşko”nun həkimləri Elinanın ölümü barədə nələr danışırlar?
Загрузка...
"O məktəbdə çox adam əlini ülgüclə kəsirdi, cəsarətli görünmək üçün belə edirdilər”
162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü üçüncü mərtəbədən ataraq intihar etməsilə bağlı məhkəmə araşdırmaları davam edir. Məktəbin keçmiş direktoru Sevinc Abbasova bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunsa da, həbs edilməyib, ev dustaqlığındadır. Sentyabrın 25-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Elinanın anasının vəkilləri S.Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin ləğv olunması, onun həbs edilməsi barədə vəsatət qaldırıb.
Vəkil Emin İsayev bildirib ki, S.Abbasovanın azadlıqda şahidlərə təzyiq göstərmək, onların fikrini yönləndirmək imkanı var və o, bu imkandan istifadə edir. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin şahidlə danışığını əks etdirən görüntülər sosial şəbəkələrdə də yayılıb.
Prokuror bildirib ki, indiki mərhələdə ev dustaqlığı qətimkan tədbirinin ləğvi üçün əsas yoxdur. Hakim də vəsatəti təmin etməyib. Zərərçəkmiş tərəfin daha bir vəsatəti isə məhkəmə iclaslarının audioyazısı barədə olub. Vəkil Sevinc Əliyeva bildirib ki, bu halda, məhkəmə iclas protokolunda da qeyri-dəqiqlik olmaz. Hakim Azər Tağıyev bu vəsatəti də təmin etməyib.
Daha sonra 162 saylı orta məktəbin şagirdlərindən Oqtay Hacıyev ifadə verib. O bildirib ki, hadisə günü məktəbin ikinci mərtəbəsində, pəncərənin qarşısında dayanmışdı. Bu zaman yuxarıdan nəyinsə düşdüyünü görüb. Əvvəlcə elə bilib ki, yuxarıdan şagirdlərdən kiminsə gödəkçəsi düşüb. Lakin pəncərədən aşağı baxanda yerdə qızın uzandığını görüb və cəld həyətə qaçıb. Onun bildirdiyinə görə, məktəbin Hüseyn adlı başqa bir şagirdi ilə birlikdə Elinanı götürüb direktorun otağına aparıblar.
Direktorun katibəsi Nigar Məmmədova şahid qismində ifadəsində bildirib ki, Elinanı əvvəlcə tibb bacısının otağına aparmaq istəyiblər. Lakin qapı bağlı olduğuna görə direktorun otağına gətiriblər. Onun sözlərinə görə, məktəbdə bir tibb bacısının otağında divan var, bir də direktorun otağında: "Mən otaqda idim, kimya müəlliməsi gəlib dedi ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mənim uşaqlarım da bizim məktəbdə oxuyur. Otaqdan çıxıb nə baş verdiyini öyrənməyə gedəndə gördüm ki, uşaqlar Elinanı qucaqlarında gətirirlər”.
N.Məmmədovanın sözlərinə görə, divana uzadandan sonra direktorun müavini Elinadan intihara cəhd etməsinin səbəbini soruşub. O isə dərman atdığını, yuxulu olduğunu deyib, bir-birilə əlaqəsi olmayan fikirlər səsləndirib.Şahid onu da qeyd edib ki, hadisədən bir qədər sonra Səbail Rayon Polis İdarəsinin əməkdaşları, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova gəlib. Zərərçəkmiş tərəfin vəkilləri N.Məmmədovadan təcili yardımın niyə vaxtında çağrılmadığını soruşublar. O isə bildirib ki, bu məsələ onun səlahiyyətinə aid deyil.
Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri, Təcili Tibbi Yardımın əməkdaşları da məhkəmədə dindirilib.Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov bildirib ki, hadisə günü işdə növbətçi idi. Elina xəstəxanaya gətiriləndə qəbul şöbəsində iki həkim həmkarı ilə birlikdə onu müayinə ediblər: "İlkin rəyimiz belə oldu ki, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Amma ağciyərində ödəm vardı. Ona görə reanimasiyaya köçürüldü”.Həkimin sözlərinə görə, Elinanı gətirəndən bir qədər sonra xəstəxanaya Xalidə Bayramova gəlib. Rəhbərlik Ə.Çovdarova göstəriş verib ki, X.Bayramovanı reanimasiyaya – Elinanın yanına aparsın. O da aparıb. "Həkimin sözlərinə görə, Elinanı gətirəndən bir qədər sonra xəstəxanaya Xalidə Bayramova gəlib" Mərkəzin Kompüter Tomoqrafiya bölməsinin işçisi Məhəmməd Əmrahov bildirib ki, Elina gətiriləndən sonra şok əleyhinə tədbirlər görülüb. Onun başı və ağciyərləri müayinə edilib: "Başında zədə yox idi. Amma ağciyərində qan yığılmışdı. Təkrar müayinədən sonra son diaqnozu həkim qoyur. Ödəm prosesi təzə başlamışdı, problem getdikcə artırdı”. Toksikoloq Faiq Süleymanov ifadəsində göstərib ki, Elina xəstəxanaya saat 11.36-da Təcili Tibbi Yardım vasitəsilə çatdırılıb: "Demişdi ki, axşam 30, səhər də 30 həb "ketatifen” içib. Bizə pəncərədən yıxıldığı bildirilmişdi. Onun bu qədər həb içməsinə inanmadım. Çünki bu qədər dərman içən adam dərin yuxuya gedərdi. Amma onda yüngül zəhərlənmə var idi. Mən müalicəni yazıb çıxdım. Müalicə reanimasiyada həyata keçirilməliydi”.
19 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Vaqif Mursaqulovun sözlərinə görə, stansiyaya çağırış gələndə məktəbdə uşağın durumunun pisləşdirini deyiblər, onun üçüncü mərtəbədən düşməsi haqda danışılmayıb. Məktəbə gedəndən sonra bunu öyrənib: "Biz çatanda divanda uzatmışdılar. Dedi ki, çoxlu "ketatifen” içib. Soruşdum ki, niyə belə elədin? Cavab verdi ki, "məni nə evdə, nə də məktəbdə istəyən var. Bundan əvvəl də intihara cəhd eləmişəm. Bu dəfə də 15 gündür ki, ölmək barədə düşünürdüm. Başında və döş qəfəsində ağrılar vardı”. 

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin həkimi Vaqif Rəhimov bildirib ki, Elina xəstəxanaya gətiriləndə şok vəziyyətində idi. Ona görə də dərhal şok əleyhinə tədbirlər görüblər: "Müayinələrdən keçirdik. Ağciyərində maye yığıntısı göründü. Onu müalicə həkiminə təhvil verdim. Ertəsi gün vəziyyətin nisbətən pisləşdiyini gördük. Bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Onun müalicə həkimi Əkrəm Çovdarov idi. Amma nə diaqnozda, nə də müalicədə səhv vardı. Ağciyərində ödəm olan xəstələrin 46 faizində iki sutka ərzində ölüm hallarına rast gəlinir”.
Reanimatoloq Fazil Alıyev ifadəsində bildirib ki, həmin gecə növbədə idi. Elinanı ona təhvil vermişdilər. Yoxlayanda görüb ki, təzyiqi düşüb: "Daxili qanaxmadan şübhələnib UZİ-yə göndərdim. Qarın boşluğu təmiz çıxdı. Ayın 5-də səhər mən növbədən çıxanda başqa həkimə təhvil verdim. Əkrəm Çovdarov ayın 5-də səhər baxış keçirəndə dedi ki, bu dinamika ilə getsə, bir gün sonra palataya köçürüləcək”.
Uşaq cərrahiyyə şöbəsinin müdiri İlqar Haqverdiyev də Elinanın gələrkən şokda olduğunu və şok əleyhimə tədbirlər görüldüyünü bildirib: "Mən də ilkin diaqnozla razılaşdım. Əməliyyat üçün göstəriş yox idi. Dedi ki, axşam və səhər 30 tabletka dərman içib. İnanmadım, elə olsaydı, komaya düşərdi. Onun ölümünə ağciyərin zədələnməsi və ödəmi səbəb oldu”.
162 saylı məktəbin şagirdləri Aysel Murtuzayeva, Xədicə Mədətova da ifadə verib. Aysel bildirib ki, Elina əsəbiləşəndə boğazını, əlini kəsirdi: "Sinifdə yaxın dostu yox idi. Digər sinfin uşaqları onu geyiminə görə incidirdi. Bir dəfə biologiya dərsində boğazını kəsmişdi. Deyirdi ki, özümü kəsəndə xoşuma gəlir. Bilirdim ki, mütəmadi dərman içir. Deyirdi ki, boy və əsəbə görədi. Amma təfərrüatlarını demirdi”.
Xədicə Mədətova deyib ki, təxminən ay yarım idi Elina ilə tanış idilər. Onunla adətən tənəffüs vaxtı görüşüb danışırdılar: "Sinif yoldaşları xətrinə dəyirdi. Deyirdim ki, gəl, müəllimlərə deyək. Deyirdi ki, onsuz da heç kimin məndən xoşu gəlmir. O, hamı ilə normal davranırdı. Amma onu pozğun kimi qəbul edirdilər. Məktəbdə çox adam əlini ülgüclə kəsirdi. Cəsarətli görünmək üçün belə edirdilər. Elina əvvəl oxuduğu məktəbə qayıtmaq istəyirdi”.
Bakı Təhsil İdarəsinin Daxili nəzarət sektorunun müdiri Sərxan Rzayev də şahid qismində ifadə verib. O bildirib ki, məktəbin direktoru hadisə günü əlaqə saxlayaraq, bir şagirdin yıxıldığını söyləyib: "Dedi ki, görünən xəsarət yoxdur, tibb bacısı yardım göstərir. Sonra məlum oldu ki, üçüncü mərtəbədən özünü atıb, dərman içib. Ona dedim ki, təcili yardıma xəbər verin. Mən də Təhsil Nazirliyinə xəbər verdim. Sonra direktordan öyrəndim ki, xəstəxanada dərman zəhərlənməsi və çanaq sümüyü sınması diaqnozu qoyulub”.
Elinanın bundan əvvəl intihara cəhd etməsi barədə direktorun onlara heç bir məlumat vermədiyini deyən S.Rzayev bildirib ki, şagirdlər arasında belə hallar haqda mütləq müvafiq qurumlara xəbər çatdırılmalıdır: "Direktor psixoloji və fiziki təsir barədə aidiyyəti qurumlara, təhsil idarəsinə məlumat verməlidir”. S.Rzayev əlavə edib ki, şagirdin məktəbini tez-tez dəyişmək asan məsələ deyil. Amma zərurət varsa, mütləq nəzərə alınır. Elina ilə bağlı məsələdə onların şagirdin əvvəlki məktəbinə qayıtmaq istəyindən xəbəri olmayıb. Məhkəmə prosesi sentyabrın 27-nə qədər təxirə salınıb.
E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib. Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.
Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: "Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı...”
Загрузка...
Загрузка...

Xəbər lenti