Şəfəq Ağacan: Etiraz olaraq, bu gündən aclıq aksiyasına başlayıram

Şəfəq Ağacan: Etiraz olaraq, bu gündən aclıq aksiyasına başlayıram
Загрузка...
Baş redaktorun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib
Mayın 3-də Xətai Rayon Məhkəməsi "Bakupress” Milli İnformasiya Agentliyinin baş redaktoru Şəfəq Ağacan barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçib. Şəfəq Ağacan məhkəmədən çıxarılarkən bildirib ki, ona böhtan atılıb:
"Etiraz olaraq, bu gündən aclıq aksiyasına başlayıram". Baş redaktor mayın 1-də saxlanılıb. "ONA”-nın verdiyi məlumata görə, polis paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.
Mayın 3-də Şəfəq Ağacanın "Facebook”dakı hesabından onun müraciəti yayılıb: "Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə insan olduğumu yaxşı bilir. Mənə işçi olaraq götürdüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir işçimin yardımıyla böyük bir böhtan atılıb. Mən şərlənmişəm. Bunu demək istəyirəm ki, bugünə qədər ayağımda, qolumda qüvvət olduqca, bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan möhtəşəm ssenarinin qurbanı olmaq istəmirəm".
Baş redaktor müraciətində deyir ki, həmişə narkomaniyaya qarşı olub. Ona qarşı narkotik ittihamı verilməsi absurddur: "Azərbaycanın qızı olaraq bir çox işlərə imza atmışam. Məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam... Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm mənə atılan bu iyrənc böhtana mənə dəstək olmanızı gözləyəcəm".
Sosial şəbəkələrdə yayılan məlumata görə, Şəfəq Ağacana verilən narkotik ittihamında polisə kömək edən onun iş yoldaşı Toma İsmayılova olub. Onun əvvəllər ANS və "Real TV”-də çalışdığı bildirilir. Meydan TV T.İsmayılovadan məsələ ilə bağlı münasibət öyrənə bilməyib. Şəfəq Ağacanın rəhbərlik etdiyi saytda isə narkotik və psixotrop tərkibli dərmanların apteklərdə satışını tənqid edən məqalələr yer alıb. Hələ 2017-ci il noyabrın 14-də Şəfəq Ağacan saytın "Youtube” kanalıvasitəsilə müraciət yayaraq, bununla bağlı tədbir keçirdiyini, aidiyyatı dövlət orqanlarını və mətbuatı ora dəvət etdiyini, lakin heç kimin bu tədbirə gəlmədiyini bəyan edib. Şəfəq Ağacan müraciətində deyib ki, rəhbərlik etdiyi agentliyin əməkdaşları apteklərdə bununla bağlı reydlər aparırlar və qaldırdıqları suallar aidiyyatı olan orqanlar tərəfindən cavabsız qalıb.
"Bakupress.az” saytında "Əli Həsənov apteklərdə psixotrop dərmanların satışına havadarlıq edir?” başlıqlı material paylaşıb. Yaxınlarının sözlərinə görə, məhz bu məqalələr baş redaktorun şərlənib saxlanmasına səbəb olub. 2016-cı ildə isə Şəfəq Ağacan mətbuatda intihara cəhd edən jurnalist kimi tanınıb. Belə ki, o, Nicat adlı şəxs tərəfindən şantaj edildiyi üçün çoxlu sayda dərman preparatı qəbul etdiyini bildirib. Məlumata görə, onu dərhal xəstəxanaya yerləşdiriblər və həkimlər onun həyatını xilas ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti