Samir Talıbov: Hakimlikdən könüllü şəkildə getmişəm

Samir Talıbov: Hakimlikdən könüllü şəkildə getmişəm
Загрузка...
 "Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin fəalı Aqil Hümbətovun xeyrinə məhkəmə qərarı verərək, onu psixiatriya xəstəxanasından çıxarmış Samir Talıbov bundan sonra hakimlikdən uzaqlaşdırıldığını təsdiqləyib. Amma o, hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin sözügedən qərarla əlaqələndirilməsinin əleyhinədir. O bildirir ki, iş yükünün ağırlığına görə hakimlikdən könüllü şəkildə gedib.
"Hüquqşünas olmaq uşaqlıq arzum olub. Uzun illər məhkəmə orqanlarında fəaliyyət göstərəndən sonra özümü hakimlikdə sınamaq istəmişəm. Şəffaf təşkil olunmuş hakim seçkisində iştirak edərək uğur qazanmışam. Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı, həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim. Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi. Ona görə götür-qoy edib, vəkillik fəaliyyətinə keçib, daha sərbəst olmaq və elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan müraciətimə anlayışla və hörmətlə yanaşıldı, öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi. Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm. Onu da bildirim ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu hüquqi islahatlara bir hüquqşünas kimi hər zaman töhfə verməyə hazıram”, - deyə "Facebook” hesabında yazıb.
Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə Prezident İlham Əliyev də daxil olmaqla, hakimiyyəti tənqid edirdi. Martın 29-da axşam saatlarında sosial şəbəkələrdə canlı yayımda yenə hökuməti tənqid edib. Martın 30-da küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən onu polislər tutub, Xəzər rayonu, 1-ci polis bölməsinə aparıblar. Bir qədər sonra polis bölməsinə gələn həkimlər Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra xəstəxanaya Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Talıbov gəlib. Hakim onunla söhbətləşdikdən sonra Aqilə deyilib ki, evə buraxılır. A.Hümbətov xəstəxanadan buraxıldıqdan sonra "Facebook”da canlı yayımda bildirmişdi ki, evinə gəlmək üçün taksi pulunu da həmin hakim öz cibindən verib. Sonradan məlum oldu ki, A.Hümbətov məhz S.Talıbovun çıxardığı qərar əsasında xəstəxanadan buraxılıb. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov Sabunçu Rayon Məhkəməsinə ərizə yazaraq, onun məcburi saxlanması üçün icazə verilməsini istəyib.
Baş həkim ərizəsində göstərib ki, A.Hümbətov martın 30-da xəstəxanaya polis bölməsinin məktubuyla gətirilib. Polisin məktubda yazdığına görə, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, ondan şikayətlər var. Bundan sonra xəstəxananın Həkim-Məsləhət Komissiyası da onu müayinə edib, "şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozu qoyub, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Ona görə də baş həkim onun məcburi müalicəyə cəlb edilməsi üçün məhkəmədən bu haqda qərar çıxarmasını istəyib. Lakin hakim S.Talıbov baş həkimin ərizəsini təmin etməyib.
Qərarda da yazıb ki, A.Hümbətovun məcburi psixiatriya xəstəxanasında saxlanılması üçün kifayət qədər əsaslar göstərilməyib. S.Talıbov aprelin 1-də Aqili xəstəxanadan çıxarsa da, aprelin 2-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov baş həkimin şikayətini təmin edib və dərhal da cəbhəçi fəalı tutub, yenidən ora yerləşdiriblər. Bundan bir neçə gün sonra S.Talıbovun hakimlik səlahiyyətinə xitam verilib. Keçmiş hakimə yaxın mənbələr isə Azadlıq Radiosuna onun məhz bu qərara görə cəzalandırıldığını iddia edib. Meydan TV-nin sabiq hakim haqqında əldə etdiyi məlumatlardan görünür ki, o, cəmi 1 il 4 ay hakim kimi fəaliyyət göstərə bilib. 2018-ci ilin dekabrında bu vəzifəyə təyin edilib, 2020-ci ilin aprelində isə səlahiyyətlərinə xitam verilib. "40 yaşı var. Uzun illər məhkəmə sistemində işləyib. On ilə yaxın Ali Məhkəmədə işləyib. Əvvəl məhkəmə iclas katibi işləyib, sonra hakim köməkçisi. Birinci təhsilini Odlar Yurdu Universitetində alıb. Təxminən on il sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib”, - deyə mənbə bildirib.

Xəbər lenti