Saleh Rüstəmov yeni cinayət işi ilə hədələndiyini deyib

Saleh Rüstəmov yeni cinayət işi ilə hədələndiyini deyib
Загрузка...
Sabiq icra başçısı ailəsinə bu barədə məlumat verib
Gədəbəy rayonunun keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs olunan Saleh Rüstəmov yeni cinayət işi ilə hədələndiyi bildirilir. Bu barədə Meydan TV-yə onun oğlu Sezgin Rüstəmov məlumat verib. Oğlunun sözlərinə görə, S.Rüstəmov iyunun 3-də ailə üzvlərilə telefonla danışarkən belə deyib. Bildirib ki, saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində onu barəsində yeni cinayət işi başlanacağı, 7 il 3 aylıq cəza müddətinin artırılacağıyla hədələyirlər: "Bu gün atam telefon danışığı zamanı bildirdi ki, onun işini artıracaqları ilə hədələyirlər”.
13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında koronavirusun yayılması, buna baxmayaraq, ciddi tədbir görülməməsinə əsas etiraz edənlərdən biri məhz S.Rüstəmov idi. Ailə üzvlərinin sözlərinə görə, hər dəfə telefon danışığı zamanı S.Rüstəmov bu və başqa problemlər haqda məlumat verdiyinə görə sonradan orada təzyiqə məruz qalır.
Penitensiar Xidmət isə S.Rüstəmova qarşı təzyiqlər, onun hədələnməsi barədə deyilənləri təkzib edir. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, penitensiar müəssisələrdə saxlanılan məhkumların heç birinə qarşı təzyiqlərdən söhbət gedə bilməz.
Qarabağ döyüşçüsü S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.
Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, S.Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. S.Rüstəmov bildirib ki, uzun illər AXCP-nin üzvü olub.
1998-ci ildən Rusiyada yaşayır. Orada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

Xəbər lenti