Saleh Rüstəmlinin atasının 1955-ci ildə tikdiyi evi də müsadirə olunub

Saleh Rüstəmlinin atasının 1955-ci ildə tikdiyi evi də müsadirə olunub
Загрузка...
AXCP üzvlərinin apelyasiya şikayətinə baxılır
AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, əmisinin göndərdiyi pulları partiya üzvlərinə çatdırmaqda günahlandırılan Vidadi Rüstəmli və ondan vəsaitləri alıb Əli Kərimliyə çatdırmaqda təqsirləndirilən üç nəfər - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin işi üzrə yenidən məhkəmə başlayıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyilə onların şikayətinə baxılır. Apelyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin onların haqqında çıxardığı hökmdən verilib. Aprelin 29-da ilkin baxış iclasında adları çəkilən şəxslərin vəkilləri şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması, həbsdə olanların məhkəmənin qərarı elan olunana qədər ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. Onlar bu işdə rəy vermiş ekspertin, S.Rüstəmlini həbs etmiş polislərin də məhkəmədə dindirilməsini istəyiblər.
S.Rüstəmlinin vəkili İlhamə Həsənova bildirib ki, birinci instansiya məhkəməsi bu işi obyektiv araşdırmayıb, dindirmə protokollları tədqiq olunmayıb, onun videogörüntülərinə tam baxış keçirilməyib. Həbs olunduqdan sonra S.Rüstəmlinin müdafiə hüququnun pozulması, ailəsinin müqavilə bağladığı vəkillərin onun yanına buraxılmaması, ona məcburi şəkildə həmin vəkillərdən imtina ərizəsi yazdırılmasından danışan İ.Həsənova dindirmənin əks olunduğu görüntülərə məhkəmədə baxış keçirilməsini istəyib.
Vəsatətini də belə əsaslandırıb ki, videoya baxılsa, S.Rüstəmlinin dindirmədə vəkilsiz olması sübuta yetirilə bilər. S.Rüstəmlinin digər vəkili Bəhruz Bayramov onun bütün qohum-qardaşının əmlakının müsadirə olunmasından danışıb. Bildirib ki, birinci instansiya məhkəməsi S.Rüstəmli heç dünyaya gəlməmiş - 1955-ci ildə onun atasının tikdiyi evi də müsadirə edib.
Vəkil bildirib ki, S.Rüstəmli Rusiyada bizneslə məşğul olub, bu ölkənin vətəndaşı olduğu halda, onu Azərbaycanda qanunsuz sahibkarlıqda ittiham etmək absurddur: "Ekspert rəyində yazılıb ki, Saleh Rüstəmli 712 min manat pul göndərib. Nəyə əsaslandığı, hansı sübutun əsasında bu rəqəmi aldığı isə məlum deyil. Necə ki, əmlakların müsadirəsi barədə qərar də əsaslandırılmayıb. Elə götürüb adamın bacı-qardaşının bütün əmlaklarının siyahısını yazıb, müsadirə ediblər. Hətta 1955-ci ildə atasının tikdiyi evi müsadirə ediblər". S.Rüstəmli özü həm ekspertin, həm də onu həbs edən polislərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb: "Buradan istintaq qrupunun üzvləri Moskvaya gedib bu işlə bağlı araşdırma aparıblar. Görüblər ki, "Sberbank"da cəmi 158 min rubl (təxminən 2500 dollar) pul olub. Ekspert o rəqəmi hardan çıxarıb, bilinmir. Polislər guya məni Şəmkirdə İstiqlal parkında tutublar. Əlbəttə, yalandır. Üç gün idi Rusiyadan gəlmişdim, qardaşımgillə gedəndə postda saxlayıb düşürtdülər. Əgər dedikləri kimi, üstümdə narkotik olubsa, deməli, Azərbaycanda almışam. Çünki gələndə iki sərhəd keçmişəm. O zaman niyə aldığım adamı, satacağım adamı tapmayıblar?"
Babək Həsənovun vəkili Cavad Cavadov deyib ki, narkotik ittihamının əsassızlığı birinci instansiya məhkəməsində sübuta yetirildi: "Postda saxlanılıb naməlum istiqamətdə aparılanda Saleh Rüstəmlinin qohumları DİN-in 102 xidmətinə zəng eləyib xəbər verib. Məhkəmə sorğu verib cavab alsa, məlum olar ki, Saleh Rüstəmlinin İstiqlal parkında saxlanması barədə yazılanlar doğru deyil".
Vəkil həmçinin hüquqlarını müdafiə etdiyi Babək Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Bildirib ki, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün göstərilən formal əsaslar da artıq aradan qalxıb, o, işin gedişinə təsir göstərə bilməz, ölkəni tərk edə bilməz. Vəkil Fariz Namazlı işdəki şübhəli məqamlara diqqət çəkib. Bildirib ki, S.Rüstəmli öncə narkotik ittihamıyla həbs olunur, birinci dəfə bu barədə dindirilir. İkinci dindirmədə qəfildən AXCP-yə pul göndərilməsi barədə danışırsa, bu, artıq onun öz iradəsilə belə ifadə verməsinə şübhə yaradır. Vəkil onun həbsilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasını da yada salıb.
Qeyd edib ki, o açıqlamada narkotik ittihamı barədə bir kəlmə yoxdur, orada əsasən AXCP-nin fəaliyyəti pislənilir. Babək Həsənli Babək Həsənli Mənbə: meydan.tv F.Namazlı müvəkkili Ruslan Nəsirli haqqında Saatlı Rayon İcra Hakimiyyətinin verdiyi və iş materiallarına əlavə olunmuş xasiyyətnaməyə də münasibət bildirərək onun sübutlar siyahısından çıxarılmasını istəyib. Orada R.Nəsirli mənfi xarakterizə olunaraq, onun müxalifətin mitinqlərində iştirak etdiyi, hətta ailə üzvlərini də mitinqlərə cəlb etməyə çalışdığı vurğulanır.
Vəkil Aqil Layıc hüquqlarını müdafiə etdiyi Aqil Məhərrəmlinin günahsız olduğunu bildirərək, onun barəsində cinayət işinə xitam verilməsini istəyib. Vəkil Gülnar Quluzadə də birinci instansiya məhkəməsində bu işə ədalətsiz baxıldığını söyləyib: "Əks halda, biz şikayət etməzdik. Müdafiə tərəfinin vəsatətlərinin 90 faizi təmin olunmadı". Apelyasiya Məhkəməsində də hakimlər bu gün vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə prosesi isə mayın 8-nə qədər təxirə salınıb. Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib.
İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib. Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz. Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur.
Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar". Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib. S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti