Sabiq polis rəisi Prezidentə müraciət etdi

Sabiq polis rəisi Prezidentə müraciət etdi
Загрузка...
"Mülki Kollegiyanın qərarının icra olunmadan dayandırılması Elçin Bağırovun müdaxiləsi nəticəsində olub”
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev Prezident İlham Əliyevə müraciət edib. Müraciətə səbəb Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu ilin dekabrında Mahmud Hacıyevin özəl mühafizə və kommersiya şirkəti olan "Titan D” MMC-də işinə bərpa olunması haqqında qərarın icra olunmamasıdır. Mahmud Hacıyev yazır ki, Azərbaycan Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə özəl mühafizə və kommersiya şirkəti olan "Titan D” MMC-də işinə bərpa olunub. Amma şirkətin direktoru Cəmil Çaparlı məhkəmə qərarını icra etmir:
"Cəmil Çaparlı Prezident Adminustrasiyasında Protokol Şöbəsinin müdiri Elçin Bağırovun bacısının əridir. Elə Mülki Kollegiyanın qərarının icra olunmadan dayandırılması Protokol Şöbəsinin müdiri Elçin Bağırovun müdaxiləsi nəticəsində olub. Belə ki, 2018-ci ilin avqustundan mənimlə "Titan D” MMC arasında başlayan məhkəmə çəkişməsinin ötən ilin dekabrına qədər davam etməsi Elçin Bağırovun öz vəzifə səlahiyyətinə aid olmadan məhkəməyə təzyiqi nəticəsində baş verib. Respublikada korrupsiyaya qarşı prinsipial mübarizəyə və dövlət məmurlarının özəl kommersiya şirkətlərində iştirakını qadağan edən qanuna məhəl qoymadan Elçin Bağırov "Titan D” MMC-nin fəaliyyətində yaxından iştirak edib.
2020-ci ilin mayında mənə məlum oldu ki, "Titan D” MMC Konstitusiya Məhkəməsinə müraciət edib. Mülki qanunvericilikdə birbaşa göstərilib ki, Ali Məhkəmənin qərarı elan olunduğu gündən qüvvəyə minir. Bu baxımdan Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu ilin dekabrında qəbul etdiyi qərar 5 ay icra edilmədən saxlanılması da Elçin Bağırovun müdaxiləsi ilə baş verib. AR Konstitusiya Məhkəməsi haqqında qanunun 37.0.5 maddəsində hansı qərarları icraatına qəbul etməsi birbaşa göstərilir. Ali Məhkəmənin mənim işə bərpa barəsində verdiyi qərarın Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi 37.0.5 maddəsi ilə ziddiyyət təşkil edir. Yəni həmin maddə birbaşa bu cür qərarlarla Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasına qadağa qoyur. Sadaladığım qanun pozuntularına baxmayaraq, həmin iş 5 ay keçəndən sonra Konstitusiya Məhkəməsi icraatına qəbul edilib. Ali Məhkəmənin qərarının 5 ay hərəkətsiz saxlanılması və son nəticədə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsində Elçin Bağırovun məhkəmə heyətinə təsiri danılmazdır”.
Mahmud Hacıyev qeyd edib ki, hazırda Konstitusiya Məhkəməsində iştirakı olmadan işə baxılması haqqında hazırlıq işləri gedir: "Prezident Administrasiyasının Protokol Şöbəsinin müdiri Elçin Bağırovun səlahiyyəti olmadan məhkəməyə bu cür müdaxiləsi vətəndaşları məhkəmə orqanlarından narazı salır. Son nəticədə narazı qalan vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək məcburiyyətində qalır ki, bu hal dövlətin imicinə mənti təsir göstərir. Ona görə Möhtərəm Prezident, istəyirəm ki, hüquqlarımın bərpası üçün işi nəzarətə götürülməsinə göstəriş verəsiniz”.
Meydan TV "Titan D” MMC-nin rəhbəri Cəmil Çaparlı ilə əlaqə saxlayıb. Cəmil Çaparlı Mahmud Hacıyevin işdən çıxarılmadığını, 3 illik əmək müqaviləsinin bitdiyini bildirib: "Bu məsələdə olun işdən çıxarılmasından söhbət gedə bilməz, Mahmud Hacıyevlə əmək müqaviləmiz bitib və onunla birgə 14 nəfərin də müqaviləsi başa çatıb. Beləliklə, 15 nəfərlə müddətli əmək müqaviləsi bitdiyindən biz müqaviləni yeniləmədik. Bir daha təkrar edirəm, Mahmud Hacıyevlə 3 illik əmək müqaviləmiz olub, vaxt başa çatdığından uzatmadıq. Ancaq onlardan yalnız Mahmud Hacıyev məhkəməyə şikayət etdi, bütün instansiyalar onun şikayətlərini rədd edirdi, Ali Məhkəmə işə bərpa qərarı verdi. Deməli, onun biz tərəfdən məhkəməyə təzyiq barədə dedikləri də yalandır. Biz məhkəməyə hər hansı təzyiq etməmişik”.

Xəbər lenti