Rövşən Əkbərov həbsdən buraxılmaq üçün məhkəməyə üz tutdu

Rövşən Əkbərov həbsdən buraxılmaq üçün məhkəməyə üz tutdu
Məhkəmə general-leytenantı həbsdə saxladı
Bakı Apelyasiya Məhkəməsində general-leytenant Rövşən Əkbərovun şikayətinə baxılıb. Apelyasiya şikayəti generalın haqqında həbs qərarından verilib. Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham olunan general haqqında martın 16-da məhkəmə qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
O, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. General istintaq dövründə həbsdə qalmamaq üçün apelyasiya şikayəti verib.
Şikayətdə də göstərilib ki, onun istintaqdan qaçıb gizlənmək niyyəti, araşdırmalara təsir göstərmək imkanı yoxdur. Ona görə də barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Rövşən Əkbərov haqqında şikayətə hakim Habil Məmmədovun sədrliyilə baxılıb. Məhkəmədə generalın özü də iştirak edib. O, apelyasiya şikayətinin təmin olunmasını istəyib. Lakin məhkəmə onun əleyhinə qərar çıxarıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərar qüvvədə saxlanıb.
Hələ 2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib.
İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb. Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər.
Anası Səmayə Əliyeva bir neçə il öncə müsahibəsində bildirmişdi ki, hətta prezidentin Qəbələ səfərində çətinliklə də olsa, ona yaxınlaşıb, şəxsən özünə məktubunu vermişdi. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valieynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb.
Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb. Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov təqsirləndirilən şəxs qismində tanınaraq həbs olunub.
56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub. 2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Xəbər lenti