Rusiya qoşunları yenə də paytaxta can atır

Rusiya qoşunları yenə də paytaxta can atır
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiya ilə müharibənin 8-ci günündə operativ vəziyyətə dair məlumat yayıb. Məlumatda deyilir ki, Volınsk istiqamətində düşmən dövlət sərhədi boyu nümayişkarənə manevrlərini davam etdirir. Polesye istiqamətində Rusiya ordusu Kozaroviçi, Vışqorod, Fastov, Obuxov yaşayış məntəqələri rayonunda hücum əməliyyatları keçirir. Borodyanka, Katyujanka və Qovornişnı rayonlarında səhra logistika mərkəzləri qurulur.
Şimal istiqamətində Rusiya ordusu Çerniqov, Nejin, Sum, Lebedine və Axtırka yaşayış məntəqələrini ələ keçirmək cəhdlərinin boşa çıxmasından sonra Ukrayna ordusu ilə birbaşa toqquşmadan yayınır və Kiyevin şimal ətraflarına çatmağa çalışır. Düşmən hissələri və bölmələri Barışevka, Novaya Basan, Lyubeç rayonları istiqamətində cəmləşdirilib. Rusiya ordusunun hissələri yenidən qruplaşma həyata keçirir və Brovarı, Kiyev istiqamətində hücuma cəhd edir. Slobajansk istiqamətində düşmən Zoloçev, Xarkov, Balakleya istiqamətində hücum edir, Lozovoy istiqamətində hücuma cəhd göstərir, ancaq şəxsi heyət və texnika sarıdan fəlakətli miqyasda itkiləri var. Donetsk istiqamətində Rusiya qoşunları artilleriyanın dəstəyi ilə Novıy Aydar, Volnovaxa və Mariupol istiqamətində hücum fəaliyyətlərini davam etdirir. Lakin Mariupolu ələ keçirmək, beləliklə də Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq məqsədinə hələ çata bilməyib.
Tavriya istiqamətində Rusiya ordusu hücum cəhdlərindən əl çəkmir, əsas səylərini Nikolayev-Voznesensk istiqamətinə yönəldib. Qara dəniz zonasında Rusiya donanmasının gəmiləri mülki gəmilərə atəş açır və dənizçiləri əsir götürür. Habelə dörd iri desant gəmisi üç raket katerinin müşaiyəti ilə Odessa istiqamətində hərəkət edir.

Xəbər lenti