Rusiya qarşısında öhdəliyi olan sabiq nazirin oğlu DTX əməkdaşıdır - "Bu, səhlənkarlığın cinayət həddinə çatmasıdır" Rusiya qarşısında öhdəliyi olan sabiq nazirin oğlu DTX əməkdaşıdır -

Rusiya qarşısında öhdəliyi olan sabiq nazirin oğlu DTX əməkdaşıdır -
Загрузка...
46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalovun namizədliyi bu gün ləğv edilib. Mərkəzi Seçki Komissiyası 46 saylı Dairə Seçki Komissiyasının sədri tərəfindən edilmiş yazılı müraciətdən sonra belə qərar verib.
Səbəb kimi Rəşad Camalovun ikili vətəndaşlığı olması göstərilib. Məlum olub ki, namizədliyini dekabrın 21- də təqdim etmiş R.Camalov sənədlərində ikili vətəndaşlığının olmadığını və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib. Onun namizədliyi 30 dekabr 2019- cı ildə qeydə alınıb. MSK tərəfindən araşdırmalar aparılıb. Məlum olub ki, Rəşad Yavər oğlu Camalov həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb. 

 Rəşad Camalov
 Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.
İkili vətəndaşlığa görə deputatlığa namizədliyi ləğv edilmiş R.Camalov haqda MSK-nın saytında olduqca ilginc məlumat yerləşdirilib. 46 saylı Şirvan Seçki Dairəsi üzrə qeydə alınanların siyahısında R.Camalovun əsas iş və xidmət yeri, vəzifəsi Dövlət Təhlükəsizlik Xidməti (DTX) göstərilib.  

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Criminal.az saytına açıqlamasında bildirdi ki, ikili vətəndaşlığı olan şəxsin DTX-da işləməsi qanuna ziddir. Onun başqa dövlət qarşısında hüquqi öhdəlikləri var. Öhdəlikləri olan şəxsin DTX kimi məxfi qurumda işləməsi qeyri mümkündür. 

İlham İsmayıl 
"Həmin şəxs Azərbaycanda biznes qura bilər. Amma ikili vətəndaşlıq başqa ölkə qarşısında öhdəliyi olmaq deməkdir. O adamın məxfi idarədə, xüsusi xidmət orqanında işləməsi qeyri-mümkündür. Dünyanın bütün xüsusi xidmət orqanlarında belədir ki, ikili vətəndaşlığı olan adamları işə qəbul etmirlər, amma agent edə bilərlər. Kadr əməkdaşı kimi mümkün deyil. Ola bilsin, Rəşad Camalov vaxtilə həmin qurumda işləyib, sonradan ikili vətəndaşlıq qəbul edib. Eldar Mahmudovun zamanında ola bilərdi, amma indi ikili vətəndaşlığı olan şəxsin xüsusi xidmət orqanında işləməsi mümkün deyil. Əgər belə bir hal olubsa, böyük qüsurdur. Hətta səhlənkarlığın cinayət həddinə çatmasıdır".
Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, R.Camalov DTX Beynləxalq Antiterror Təlim Mərkəzinin rəisi olub. Onun fikrincə, məsələnin hüquqi tərəfi araşdırılsa ciddi səhlənkarlıqlara görə cəzalandırmalar qaçılmazıdır. Çünki, Rəşad Camalovun DTX-da vəzifə alması qanun pozuntusu sayılacaq məsələdir.
Dövlət qulluğu haqqında Qanunun 2.3-cü maddəsində bildirilir ki, dövlət təhlükəsizliyi xidmətində çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunla tənzimlənir. Qanunun 14-cü maddəsi isə deyir ki, dövlət qulluqçüsü, dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 

 Ələsgər Məmmədli
Ə.Məmmədli qeyd edir ki, DTX-nın Əsasnaməsi 2015-ci ildən gizli sənəd kimi yayılmır və əslində normativ Hüquqi aktlar haqqında Konstitusiya qanununun tələbinə uyğun deyil. Çünki, Prezidentin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanının bir hissəsi gizli saxlanıb. Lakin, DTX-nın varisi olduğu MTN-in Əsasnaməsinin 9.24. bəndində bildirilirdi ki, Nazirlik işə qəbul olunan şəxslər barəsində xüsusi yoxlama tədbirləri keçirmək hüququna malikdir. Məntiqlə, anoloji hüquq DTX-da da mövcuddur və işə qəbul etdiyi şxəslər haqqında xüsusi yoxlama keçib. İctimaiyyətə qaneedici açıqlama verilməli, məsuliyyət daşımalı olan şəxslər ortaya çıxarılmalıdır.
DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev Criminal.az-a bildirdi ki, bununla bağlı ya R.Camalovun özünə, ya da MSK-ya müraciət edin. 
Xatırladaq ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Xəbər lenti