Rüfət Səfərov sərbəst buraxılıb

Rüfət Səfərov sərbəst buraxılıb
Загрузка...
 Eldar Sabiroğlu: "Hara aparıldığı bilinmir”
Keçmiş müstəntiq Rüfət Səfərov fevralın 18-də yaşadığı binanın qarşısında saxlanılıb. Məlumatı Rüfət Səfərovun atası Eldar Sabiroğlu yayıb. Məlumata görə, Rüfət Səfərov Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb. Eldar Sabiroğlu oğlunun hara aparıldığını bilmir. Rüfət Səfərovun vəkili Bəhruz Bayramov Meydan TV-yə Rüfət Səfərovun saxlanıldığı zaman bacısı oğlunun yanında olduğunu, ancaq onu aparan maşının nömrəsini yadında saxlamadığını deyib.
O, DİN-in "qaynar xətti”ni məlumatlandırdıqlarını qeyd edib. 
***
Çevik polis alayının əməkdaşları tərəfindən evinin qarşısında saxlanıldığı bildirilən keçmiş müstəntiq Rüfət Səfərov sərbəst buraxılıb. Rüfət Səfərov hansı şəraitdə saxlanılması haqda məlumat paylaşıb. O bildirib ki, saat 16:00 radələrində yaşadığı evin qarşısında saxlanılıb: "12 yaşlı bacım oğlunun gözləri önündə üç mülki geyimli şəxs yaxınlaşaraq qollarımı burub, yaxınlıqda gözləyən avtomobilə apardılar. Üzərimdə olan mobil telefonu tələb edib, götürdülər. Uşaq isə qışqırırdı, ağlayırdı”. Rüfət Səfərov onu saxlayanların heç bir səbəb göstərmədiklərini bildirib:
"Məni Bakı Şəhər Baş Polis İdarəsinin qarşısına aparıb, hansısa yüksək rütbəli şəxsə zəng etdilər, saxladıqlarını məruzə etdilər. Təxminən üç saat avtomobildə saxladıqdan sonra telefonun şifrəsini istədilər, lakin rədd etdim. Hədə-qorxu gəlsələr də, bir nəticəsi olmadı. Bu zaman daha bir mülki geyimli şəxs avtomobilə yaxınlaşaraq mobil telefonu götürüb getdi. Saat 18.00 radələrində mənə məlum olmayan yüksək rütbəli yanımdakı mülki geyimli şəxslərə zəng edərək, Binəqədi Rayon Polis İdarəsinə aparılmağım barədə əmr verdi. Orada Cinayət Axtarış İdarəsinin rəisi qəbul edərək, "xoşagəlməz” nitq və mətnləri yaymamağımı tələb etdi. Nəticə çıxarmayacağım təqdirdə yuxarı instansiyaların daha kəskin qərarlar alacaqları ilə hədələdi”. O, bundan sonra sərbəst buraxıldığını bildirib.
2016-ci ilin əvvəlində Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. O, 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Rüfət Səfərov 2019-cu ildə əfv fərmanı ilə azad olunub.

Xəbər lenti