Rauf Xələfov Milli Məclisdə xidməti vəzifələrini yerinə yetirirdi - DTX

Rauf Xələfov Milli Məclisdə xidməti vəzifələrini yerinə yetirirdi - DTX
Dövlət Təhlükəsizliyi Xidməti sosial şəbəkələrdə yayılan iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Milli Məclisinin inzibati binasına daxil olmasının xüsusi xidmətlər tərəfindən təşkil edilməsi barədə iddiaları təkzib edib. İstifadəçilər bu iddianın dəlili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iğtişaşları sakitcə müşahidə etdiyini əks etdirən fotoşəkil yerləşdiriblər. İğtişaşların iştirakçıları arasında DTX generalı Rauf Xələfova oxşayan bir nəfər də göstərilib. DTX öz bəyanatında bu iddiaları absurd adlandırıb.
"Adı çəkilən əməkdaşın digər hüquq-mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlib”, deyə bəyanatda bildirilir.
Qeyd edək ki, iğtişaşlar iyulun 15-də səhər saat 4 radələrində baş verib. DTX bu saatda Rauf Xələfovun Parlament binasında nə işi olduğunu açıqlamır.

Xəbər lenti