"Rasim Quliyev o sərəncamı imzalayanda mən binanın ikinci mərtəbəsini tikmişdim..."

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə "FF-2012" MTK-nın rəhbəri Tamilla İbrahimova tərəflərin suallarını cavablandırıb. Daha sonra R.Quliyev tikinti şirkətinin rəhbərinə suallar ünvanlayıb.
R.Quliyev şirkət rəhbərindən tikinti işlərinə nə vaxtdan başladığını və sərəncamın ona nə zaman verildiyini soruşub. T.İbrahimova 2012-ci ildə bina tikməyə icazə verildiyini, sərəncam aldığını, 2013-cü ildən etibarən Bakı şəhər İcra Hakimiyyəti D.Əliyeva 145 saylı ünvanda söküntü işlərinə başlandığını deyib: "Binanın ərazisi toplandı, tikintiyə başlandı. Təməl atıldı. Baş memar Akif Abdullayev əraziyə gələrək armaturları yığıb apardı. 2015-ci ildə binanın katlavanı qazıldı, svaylar quruldu. 2017-ci ilə qədər binanın beşinci mərtəbəsini tikib qurtardıq. 2018-ci ildə artıq 6-cı mərtəbənin tikintisinə başladıq". 

Tikinti şirkətinin rəhbəri deyib ki, R.Quliyevə qədər binanın 5 mərtəbəsini tikib, daha sonra isə 2 mərtəbəsini qaldırıb:" 2018-ci ilin oktyabrında səhhətimlə bağlı Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də əməliyyatdan qayıdanda bina tikilirdi. Rasim Quliyevin sərəncamının mənim işimə aidiyyatı olmayıb. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Sərəncamın ləğv olunması barədə mənə məlumat verəndə də dedim ki, bu sərəncamın mənə aidiyyatı yoxdur. Mən tikintiyə Rasim Quliyevin sərəncamından əvvəl başlamışam, sərəncam ləğv ediləndən sonra da bir il tikinti aparmışam, heç kim də mənə heç nə deməyib. Mənim işimi pandemiyada saxladılar".
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Hakim bildirib ki, Nəsimi rayon icra başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaq zamanı dindiriliblər. Adları çəkilən şəxslər bildiriblər ki, D.Əliyeva küçəsindəki ərazi onların balansında deyil. 

Sənədlərin tədqiqi zamanı qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən R.Quliyev tərəfindən 31 may 2018-ci tarixli sərəncama əsasən "FF-2011" MTK tərəfindən D.Əliyeva küçəsi 145-də bina və ofis tikilməsinə icazə verilib.
R.Quliyev bildirib ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəni icra etməyib:" O sərəncamda səlahiyyətlərin müvəqqəti icrası yazılıb, vəzifənin icrası qeyd edilməyib. O sərəncamın tərtibatı da səhvdir. Mən müavin vəzifəsini icra etməmişəm, müavin rəhmətə getdiyi üçün səlahiyyətləri icra etmişəm. Sərəncamı mən tərtib etməmişəm, mən hazırlamışam, memarlıq hazırlayıb, mən qol çəkmişəm".
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində "FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.

Xəbər lenti