Rasim Quliyev ev dustaqlığına buraxılmadı

Rasim Quliyev ev dustaqlığına buraxılmadı
 Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri məhkəmə qarşısında
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyev məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Avqustun 16-da məhkəmənin hazırlıq iclasında Rasim Quliyevin vəkilləri Rəsul Yusifbəyli və Fuad Quliyev onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, hökm çıxarılana qədər onun ev dustaqlığına buraxılması haqda vəsatət verib. Hakimlər bu vəsatəti təmin etməyib. Qərar verilib ki, avqustun 23-dən Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları başlasın.
Rasim Quliyev Bakıda tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın söküntüsü və yerində yeni yaşayış binasının tikintisinə qanunsuz icazə verməkdə ittiham olunur. Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq Aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən binadan gedir.
İddia olunur ki, həmin binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün "FF-2011” şirkətinə qanunsuz icazə verilib. İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb:
"Ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlanması, tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olub”.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sabiq Aparat rəhbəri özünü təqsirli bilmir.
Yaxınlarının bildirdiyinə görə, o, ittihamlarla razılaşmır. Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, Bakı şəhər İcra Hakimiyyətinə Hacıbala Abutalıbov rəhbərlik etdiyi dövrdə orada çalışıb. Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub. 2010-cu ildə Abutalıbovun əmri ilə Aparat rəhbəri təyin edilib və uzun illər bu vəzifədə çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib.
Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.
Rasim Quliyev vaxtilə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub. Onun qardaşı Bəhruz Quliyev "Səs” qəzetinin baş redaktorudur.

Xəbər lenti