Ramiz Mehdiyev: Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanda ikrah hissi doğurur

Ramiz Mehdiyev: Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanda ikrah hissi doğurur
Загрузка...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəvəsinin pandemiya dövrü baş tutan toyu ilə bağlı açıqlama verib. O, avqustun 18-də Novxanıda bağ evində nəvəsi Fidan Əliyevanın toyu olduğunu təsdiqləyib. Bildirib ki, həmin yığıncağa məhdud sayda qonaq çağırılıb. Ancaq yenə də avqustun 20-dən toy mərasiminin sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Ramiz Mehdiyev əlavə edib ki, nəvəsinin yığıncağı pandemiya dövründə təşkil olunmuş ilk toy məclisi olmayıb. Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil ediblər:
"Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldi. Düzdür, aidiyyatı orqanlar baş verənlərə münasibətdə tutduqları mövqedə haqlıdırlar. Çünki, qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir. Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmadı. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır”.
Ramiz Mehdiyev inanmaq istəyir ki, ölkənin hüquq-mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq. Müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Ramiz Mehdiyev düşünür ki, belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq: "Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurub: "Ey camaat, sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”".
Ramiz Mehdiyev sonda deyir ki, o, tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərindən qətiyyən incimir. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar: "Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”
5 gün əvvəl, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olub. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Həmin məclisdə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov və onun xanımı, Ombudsman Səbinə Əliyevanın da iştirak edib.
Buna görə YAP Siyavuş Novruzova töhmət verib. Bir gün sonra isə o, YAP-dan çıxmaqla bağlı istefa ərizəsi verib. Toyda iştirak edən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, deputat Siyavuş Novruzob, Ombusman Səbinə Əliyeva və digər şəxslər xüsusi karantin qaydalarını pozduqlarına görə, 400 manat cərimə olunublar.
Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Koronavirus pandemiyası ilə bağlı, martdan bəri Azərbaycanda toylara qadağa var.

Xəbər lenti