"Qolu qandallı Azərbaycana gətiriləcəksən" iddiasına Əli Həsənovun cavabı

Загрузка...
Sosial şəbəkələrdə iddia olunur ki, Əli Həsənovun xaricdə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Məlum olub ki, Həsənovun vəziyyəti avianəqliyyatla ucuşuna imkan verir. Həsənovun diqqətinə çatdırılıb ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.
Həmin xəbərlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir. Beləliklə, Baş Prokurorluq Həsənovun məsuliyyətə cəlb edilməsini birmənalı olaraq təsdiqləməsə də, bunu inkar da etməyib
Əli Həsənov təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu barədə məlumatları təkzib edib. O, "Feysbuk” səhifəsində yazıb ki, cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi cəlb edilməsi və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur. "Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”, - deyə Ə.Həsənov yazıb.
Baş Prokurorluq Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun KİVDF tərəfindən jurnalistlər üçün mənzillərin paylanmasında sui-istifadə hallarına görə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlara münasibət bildirib. 

Xəbər lenti