“Qoca”nın qaçışı: təşkilatçı Fədayə Laçını da buraxdılar, amma Tural Platxanov içəridədir…

“Qoca”nın qaçışı: təşkilatçı Fədayə Laçını da buraxdılar, amma Tural Platxanov içəridədir…
Загрузка...
"Oğlumla birlikdə həbs olunanların biri azadlığa buraxıldı, o birisi də gələn il martda buraxılacaq. Hətta bu işin təşkilatçısı olan Fədayə Laçın belə azadlığa çıxdı. Heç bir günahı olmayan, səhhətində ciddi problemlər yaranan oğlum isə hələ də həbsxanada cəza çəkir” Bunu virtualaz.org-a açıqlamasında "Qoca” ləqəbli kriminal avtoritetin qaçmasına yardım etməkdə təqsirləndirilən və hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Penitensiar xidmətin konvoy taborunun sabiq əməkdaşı Tural Platxanovun atası Oktay Platxanov deyib.

Məhbus atası deyir ki, vaqondan qaçan dustaqlara görə oğlunun təqsiri olmayıb. Hadisə baş verən ərəfədə T.Platxanov müvəqqəti olaraq, qaravul rəisinin köməkçisi vəzifəsində işləyib. Həmin vəzifədə işləməsinin 1 ayı tamam olmamış isə bu hadisə baş verib. Törətmədiyi cinayətə görə Turala Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) , 311.3.1-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Ata deyir ki, əgər oğlu həqiqətən də hansısa səhlənkarlığa yol veribsə buna görə 2 ildir ki, cəza çəkir:
"Məhkəmə bu işi düzgün araşdırmadı. Bütün proseslərdə əvvəldən axıradək iştirak etmişəm. Dindirilən şahidlər heç biri Turalı tanımadıqlarını dedilər. Fədayə Laçının rəfiqəsi, təqsirləndirilən Günay Atakişiyeva da məhkəməyə bildirdi ki, vaqonda olan kanvoyları tanımır, onlara heç kəsin pul verdiyini görməyib. İstintaq zamanı Günaya təzyiq olunub deyə, yazılmış başqa vərəqləri imzalatdırıblar”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində Tural Platxanovla birlikdə həbs olunanlardan bir neçəsinin, həmçinin Fədayə Laçının apellyasiya şikayət təmin edilib və azadlığa buraxılıb:

"Oğlumla birgə saxlanılan işçilərdən biri azadlığa buraxıldı, digəri də 2020-ci ilin martında buraxılacaq. Bu işin təşkilatçısı olan müğənni Fədayə Laçın da azadlığa çıxdı. Tural isə hələ də həbsxanadadır”.
Məhbus atası oğlunun səhhətində ciddi problemlər yarandığını bildirib: "Hal-hazırda oğlumun vəziyyəti yaxşı deyil. Böyrəklərində problem yaranıb. Ayağından əməliyyat olunub. Yenə də həkim nəzarətindədir və ayağı ağrayır. Oğlumun həm də 4 yaşında nevroloji xəstə bir qızı var”.
Məhbus atası yeganə oğlunun azadlığa buraxılması üçün əlaqədar qurumlardan köməklik istəyir: "İnanıram ki, oğlumun işinə düzgün və ədalətli baxılacaq. Yaxın günlərdə Ali məhkəməyə müraciət edəcəyik”.
Qeyd edək ki, iki il öncə - 23 oktyabr 2017-ci ildə Bakı-Astara-Bakı planlı dəmir yolu qaravolu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Məmmədov və Əli Ağami Biləcəri qəsəbəsi ərazisində müşayət altından qaçıblar. Oktyabrın 26-da mühafizə altından qaçan Ə.Ağami Salyan rayonu ərazisində saxlanılıb, noyabrın 1-də isə Ələt qəsəbəsi ərazisində polisə silahlı müqavimət göstərdiyi üçün E.Məmmədov əməliyyat zamanı öldürülüb. Faktla bağlı Baş prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Penitensiar Xidmətin Konvoy toborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qaravul rəisi Ceyhun Səmədov, qaravul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə bu cinayət işi üzrə 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən biri də müğənni Fədayə Laçın olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Bəhruz Abdullayev 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Platxanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabrı 2019-cu il tarixli qərarına əsasən, B.Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Fadayə Laçının cəzası 2 ilə endirilib. F.Laçının həbs müddəti ötən ay başa çatıb və azadlığa buraxılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti