Qocaman jurnalistin işi Apelyasiya Məhkəməsində

Qocaman jurnalistin işi Apelyasiya Məhkəməsində
Загрузка...
Firuz Haşımov Elmira Axundova haqda təhqir yox, tənqid yazıb
Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə ölkə ictimaiyyətinin diqqət mərkəzində olan apelyasiya şikayətinə baxılacaq. Martın 3-də, 10:15-ə təyin olunmuş prosesdə buraxılmış parlamentin deputatı Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı hallanan qalmaqallı dələduzluq əməllərindən yazan qocaman jurnalist Firuz Haşımovun əsasız olaraq cərimələnməsi məsələsinə baxılacaq.
2013-cü ildə Axundovların adı 8 milyon manatlıq dələduzluq işində hallandıqdan sonra bir çox mətbu orqanlarda bu haqda yazılar dərc olunub. Həmin yazıların bir neçəsini qoltuğuna vuran Elmira Axundova və oğlu Həbib Axundov ayrı-ayrı məhkəmə instansiyalarına üz tutublar.
İddia ediblər ki, 8 milyon manatlıq dələduzluq işinə aidiyyatları yoxdur, onlar heç kimdən pul almayıblar. 82 yaşlı jurnalist Firuz Haşımovu məhkəməyə çəkməklə yazılarda təhqir olunduqlarını iddia ediblər. Qocaman jurnalist müəllifi olduğu yazılarda Axundovları tənqid etdiyini, təhqirə yol vermədiyini söyləyib. Məhkəməyə təqdim olunan yazıların bir çoxunun isə ümumiyyətlə yazmadığını, müəllifi olmadığını söyləyib.
Axundovlar eyni məzmunlu iddia ilə 8 milyonluq dələduzluq işində zərərçəkən olan şəxslərə qarşı da məhkəmə davası açıblar. Elmira Axundova cibində mandat gəzdirəndə Binəqədi, Xətai Rayon Məhkəmələri onun xeyrinə olan və qanun adına yamaq, böyük biabırçılıq adlandırıla biləcək qətnamələr çıxarıblar. Hakimlər Elmira Axundovanın zərərçəkmişlərə günahkarcasına yalvarışlarına, işlərinin pis getdiyi səbəbindən pullarını qaytarmaqda çətinlik çəkdiyini söylədiyi səs yazılarına rəğmən onun istədiyi qərarları vermişdilər.
İndi isə Elmira Axundovanın mandatı yoxdur. Daha deputat toxunulmazlığını üzünə sipər kimi tutaraq məhkəmələrə iradəsini diqtə edə bilmir. Onun adına bağlı olan cinayət işinin materiaları da ortalıqdadır. 8 milyonluq dələduzluğa aid cinayət dosyesində Elmira Axundovanın adı əksər sənəd-sübutlarda diqqət çəkir. Təsəvvür edin, deputat mandatını cibində gəzdirdiyi günlərdə, 2012-ci ildə Elmira Axundova ətrafında olan şəxslərə çağırış edərək oğlu Həbib Axudnovun biznesinə pul yatırmalarını istəyib.
Adamlar da yaxasında deputat nişanı gəzdirən Elmira Axundovaya inanıb onun çağırışına səs veriblər. Oğlu Həbib Axundova əlbəəl, Elmira Axundovanın evində bircə qeydiyyata düşməmiş Elnur İbrahimov vasitəsi ilə böyük pullar veriblər. 1 ilə bu minvalla Həbib Axundovun əlində 8 milyondan artıq pul yığılıb. 2013-c ildə isə Elmira Axundova adamlara "biznes ruxnul” deyib, pulları qaytaracağına söz verib. Bunu təsdiqləyən səs yazısı da saytlarda var. Əllərindəki pulları Elmira Axundovanın çağırışı ilə oğluna verənlər müflis duruma düşüb, Elmira Axundova isə sürətlə varlanmağa başlayıb.
Deputat olana qədər "Moskviç-412”də gəzən Axundovanın bu gün təkcə Azərbaycanda 30 milyon manatlıq əmlakı sənəd-sübutla ortalıqdadır. Və mətbuatda bu haqda 100-lə yazı dərc olunub. Elmira Axundova və oğlu Həbib Axundov məhkəmələrə iddialar verərək tələb edirdilər ki, iş üzrə məlumat və faktların araşdırıla biləcəyi işlərə ümumiyyətlə baxılmasın. Lakin buna nail ola bilmədilər. İddiaları rədd olundu.
Firuz Haşımovun vəkili Sahib Quliyev deyir ki, müvəkkilinin adına çıxarılan yazıların faktiki olaraq müəllifi o deyil: "Məhkəmələr bu iş üzrə qətnamə çıxararkən yazıların müəllifinin Firuz Haşımov olub-olmadığını araşdırmayıblar. Bundan başqa həmin yazıların müəllifi Firuz Haşımov olsaydı belə, onu həmin yazılara görə cərimə edə bilməzdilər. Üstəlik Firuz Haşımovu eyni məzmunlu işə görə 1 dəfə mülki qaydada cərimə ediblər. İndi eyni işlə bağlı onun bir daha cəzalanmasını tələb etmək özü də yolverilməzdir, Azərbaycan Konstitusiyasına ziddir”.
Firuz Haşımov məsələ ilə bağlı mətbuata açılamalaırnda deyib ki, deputat Elmira Axundova və oğlu Həbib Axundov barəsində heç bir təhqiramiz ifadə işlətməyib. Buna baxmayaraq Binəqədi Rayon Məhkəməsi deputatın iddiası əsasında onu 10 min manat cərimə edib. Firuz Haşımov bu qalmaqallı proseslə bağlı hələ 2016-cı ilin martında mətbuat vasitəsi ilə ölkə başçısına müraciət etmişdi.
"Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri…”
Onun 5 mart 2016-cı il tarixli müraciətindən sitat: "Deputat oğlunun fırıldaqları haqda mətbuatda, sosial şəbəkədə külli miqdarda material gedib. Elmira xanımın "gül balası” aradan çıxarılmış digər bir dələduzla əlbir olub neçə-neçə ailəni quru yerdə qoyub. Müflis olub qapılara düşən, intihar həddinə çatdırılmış zavallılar əllərində vacib dəlillər, sübutlar, təkzib edilməyən faktlarla daha o nüfuzlu təşkilat qalmayıb ki, oraya müraciət etməsinlər.
Neçə-neçə qəzetdə, saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb, səs yazıları yayılıb. Həftələr keçib, aylar ötüb, tədbir görən olmayıb.
Hörmətli Prezident!
Bu xanım "gül balasını” həbsdən, layiq olduğu cəzadan xilas etmək üçün daha o pəstah qalmayıb ki, çıxartmasın. Gah müflis günə düşüb var-yoxlarını itirənləri polisə çağırıb incidirlər, gah da mənim kimi heydən düşmüş veteranı məhkəmələrə çəkib iri məbləğdə cərimələyirlər. Guya mən Elmira Axundovanın işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələmək istəmişəm, hansısa ailə sirrini faş etmişəm. Günahsız, sadəlövh insanların yüz minlərlə pulu həyasızcasına həzm-rabedən keçirilib. Elmira Axundova hələ indiyə qədər bizim adi bir sualımıza cavab verməyib, cah-cəlalını, bahalı maşınlarını, təmtəraqlı mənzillərini hansı qonorarların hesabına əldə edib? Burada hansı ləyaqətdən söhbət gedə bilər?”
Firuz Haşımov Elmira Axundova haqda təhqir yox, tənqid yazıb Firuz Haşımov bildirir ki, məhkəmə prosesləri keçirilərkən onu, iş üzrə digər cavabdehləri, qarşılıqlı iddiaçıları diləyən belə olmayıb. Ümumiyyətlə isə deputatın, onun oğlu Həbib Axundovun iş üzrə iddialarının absurdluğunu, qeyri-müəyyənliyini işlə tanış olan hər kəs görə bilər.
Deputat Elmira Axundova ilkin olaraq Firuz Haşımovla bağlı iddiasını Xətai rayon Məhkəməsinə təqdim edib. İddiasında Firuz Haşımovun onun şərəf və ləyaqətini təhqir etdiyini göstərib. Firuz Haşımov isə deyir ki, o, Elmira Axundova haqda təhqir yox, tənqid yazıb. Elmira Axundova əvvəlcə bu işə aidiyyatının olmadığını desə də, sənəd-sübutlar ortaya çıxandan sonra mətbuatı susdurmaq üçün yollar aramağa başlayıb.
Jurnalistlərin şərlənərək həbsə alınması, məhkəmələr vasitəsi ilə susdurulmasına qədər gedib çıxan addımlar atıb. Mandatlı günlərində buna qismən nail olsa da, hazırda vəziyyət dəyişib. Ortada Elmira Axundovanın dələduzluğa görə bu gün həbsdə olan Elnur İbrahimova məsləhət verməsini sübut edən səs yazısı da var. Ümumiyyətlə dələduzluq işində birbaşa Elmira Axundovanın rolu olmasını söyləməyə əsas verən çeşidli səs yazıları var. Hansılara ki, bu günə qədər qiymət verilməyib. Artıq bu məlumatların araşdırılması zamanı çatıb...

Xəbər lenti