Qocaman jurnalistdən 10 min istəyən deputat oğlunun şok əmlak siyahısı məhkəməyə təqdim olundu Qocaman jurnalistdən 10 min istəyən deputat oğlunun şok əmlak siyahısı məhkəməyə təqdim olundu

Qocaman jurnalistdən 10 min istəyən deputat oğlunun şok əmlak siyahısı məhkəməyə təqdim olundu
Загрузка...
Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə ölkə ictimaiyyətinin diqqət mərkəzində olan apelyasiya şikayətinə baxılır. Məhkəmədə buraxılmış parlamentin deputatı Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı hallanan qalmaqallı dələduzluq əməllərindən yazan qocaman jurnalist Firuz Haşımovun əsasız olaraq cərimələnməsi məsələsi mübahisə mövzusudur.
Criminal.az-ın məlumatına görə, 2013-cü ildə Axundovların adı 8 milyon manatlıq dələduzluq işində hallandıqdan sonra bir çox mətbu orqanlarında bu haqda yazılar dərc olunub. Həmin yazıların bir neçəsini iddialarına əlavə edən Elmira Axundova və oğlu Həbib Axundov ayrı-ayrı məhkəmə instansiyalarına üz tutublar. İddia ediblər ki, 8 milyon manatlıq dələduzluq işinə aidiyyatları yoxdur, onlar heç kimdən pul almayıblar.
Məhkəməyə təqdim etdikləri məqalələrdə yer alan faktların da şərəf və ləyaqətlərini alçaltdığını, işgüzar nüfuzlarına xələl gətirdiyini iddia ediblər. 82 yaşlı jurnalist Firuz Haşımovu məhkəməyə çəkməklə yazıların müəllifi olduğuna israr ediblər. Firuz Haşımov Binəqədi Rayon Məhkəməsində 3 il sərasər davam edən, faktiki isə heç bir araşdırma aparılmayan məhkəmə prosesləri boyu iddialara əlavə olunan məqalələrin müəllifi olmadığını bildirib.
İş üzrə 3 hakim dəyişsə də, nəticə etibarı ilə Firuz Haşımovu dinləyən olmayıb. Məqalələrin onun və Həbib Axundovun, Elmira Axundovanın adı hallanan 8 milyonluq dələduzluq işi üzrə digər zərərçəkənlərin yazması haqda qüyri-müəyyən qətnamə çıxarılıb. Firuz Haşımov da daxil olmaqda dələduzluq işi üzrə zərərçəkənlərin hər biri məqalələrə görə ayrı-ayrılıqda 10 min manat cərimə olunublar.
Qocaman jurnalist müəllifi olduğu məqalələrdə, hansılar ki, məhkəməyə təqdim olunmayıb, Axundovları tənqid etdiyini, təhqirə yol vermədiyini deyir. Firuz Haşımov Binəqədi Məhkəməsinin məlum qanun adına yamaq, böyük biabırçılıq adlandırıla biləcək qətnaməsindən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində Firuz Haşımovu müdafə edən vəkil Sahib Quliyev deyib ki, müvəkkili eyni iddia üzrə digər məhkəmə prosesində cərimə olunub. Həmin iş hazırda Avropa Məhkəməsindədir. "Həmin iddia yolverilməz olsa da, məhkəmə qəbul etmişdi. Forma və məzmununa görə düzgün olmayan iddia idi.
İddia ərizəsində yazırdılar ki, guya cavabdehlər Axundovlar haqda həqiqətə uyğun olmayan məlumatları KİV-də yayıblar. Söhbət ondan gedir ki, zərərçəkənlərin əksəriyyəti ittiham aktında, məhkəmə hökmündə də, konkret Fərman Məmmədovla bağlı hissədə göstərilir ki, Həbib Axundova 575 min manat biznes üçün pul verib. Bununla bağlı ölkə rəhbərliyinə müraciətlər ünvanlanıb və zərərçəkənlər xahiş ediblər ki, məsələ nəzarətə götürülsün. Burada təhqir, böhtan hardadır?”.
Sahib Quliyev deyib ki, Elmira Axundova bu məsələlərlə bağlı hüquq mühafizə orqanları rəhbərlərinə müraciətlər ünvanlayıb: "Axundovaya verilən cavablarda qeyd olunur ki, bəli, Həbib Axundov Fərman Məmmədovdan pul alıb. Həbib Axundov həmin pulu kimə verib özü bilir. Fərman Məmmədov həmin adamları tanımır. Yəni Binəqədi Məhkəməsi bu və digər çoxsaylı faktlar ola-ola iddianı icraata götürüb. Əslində isə iddianın icraata qəbulu yolverilməz idi. Ən əsası isə burada kiminsə təhqir olunmasından söhbət getmir. İddia əsassız olduğundan rədd olunmalıdır”. 

Axundovların vəkili Afət Qazıyeva vəkilin fikirlərinə münasibət bildirməyib. F.Haşımovun digər vəkili Elçin Sadıqov deyib ki, Binəqədi Rayon Məhkəməsi hesab edib ki, həmin məlumatlar subyektiv mülahizə xarakteri daşımaqla Axundovların şərəf və ləyaqətini ləkələyib:
"Cavabdehlərin həmin məlumatların doğruluğunu sübut edə bilməyiblər. Məhkəmə məqalələrdəki faktlara qiymətverici mülahizə kimi yanaşıb və ssübut olunmasını tələb edib. Yazır ki, bunu sübut edə bilmədilər. Avropa Məhkəməsinin birmənalı mövqeyi ondan ibarətdir ki, faktın doğruluğunu sübut etmək vəzifəsi qarşı tərəfin üzərinə qoyulmalı qanuni vəzifələrdən olsa da, qiymətverici mülahizələrin sübut olunmasını tələb etmək Konvensiyanın 10-cü(ifadə azadlığı) maddəsinə ziddir. Məhkəmə həmin məqalələrdəki fikirlərə mülahizə kimi yanaşdığından mülhizənin doğrulunu sübut etməni tələb etməsi əsassız olub. Qiymətləndirici mülahizənin deyilməsi üçün faktual baza var idi. Birinci instansiya məhkəməsində də sənədlər təqdim etmişik. Hazırda da faktları məhkəməyə təqdim edirik. Həbib Ramiz oğlu Axundov "Amalya” Məhdud Məsuliyyətli Cəmiyyətdə 40 faiz paya sahibdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində pulun mənimsənildiyi dövrdə əmlaklar əldə edib. Məhkəməyə Həbib Ramiz oğlu Axundova məxsus avtomobillərin siyahısını da təqdim edirik. Bu sənəd Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilib və onun 111 nömrəsi ilə olan avtomobillərinin siyahısıdır. Adamın sürdüyü avtomobillərin nömrəsi hamısı 111-lədir. Bu da ona məxsus villaların fotolarıdır. Bu siyahıda isə Axundovlara məxsus daşınmaz əmlakların siyahısıdır. 

Hörmətli sədr, baxın, deyirlər ki, Firuz Haşımov harınlıq milli xəyanətə bərabərdir qiymətləndirici mülahizə yazıb. Bu da Axundov Həbibin fotolarıdır, mətbuatda yayılıb. Xalq necə yaşayır, onun da yanında olan gəzdiyi qızın əlində 50 min dollar var. Möhtərəm hakim, bu foto da həmin qızla təyyarədə çəkilib, baxın Axundov Həbib dilini çıxarıb, bu da bir başqa fotodur, yenə də Həbib Axundov dilini çölə çıxarıb. Bu da həmin qızla bir başqa fotosudur Həbib Axundovun, yenə də əllərində pul paçkalarıdır. Xahiş edirəm bunları işə əlavə edin. Bu da Hafiz İbrahimovun fotosudur, cinayət işinin materiallarında onun bir gündən bir Elmira Axundovaya 5 min manat pul aparıb. Hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun əmisi oğludur. Məhkəməmə götürüb qətmanə çıxarıb ki, iş üzrə cavabdehlərin hər biri 10 min manat cərimələnməlidir. Məhkəmə aydınlaşdırmayıb ki, həqiqətən iddiaçılara zərər vurulubmu? Pul kompensasiyanın ödənilməsinə yönəlir yoxsa cavabdehləri cəzalandırmaq məqsədi daşıyır? Burada açıq-aşkar məhkəmə 10 min manatın haradan götürüldüyünü müəyyən etmir. 

Aydlınlaşdırmayıb ki, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi məqsədi daşıyıb ya yox. Qarşı tərəfin iddiası cavabdehləri cəzalandırmaq və öz yolundan döndərmək məqsədinə xidmət edib. İş materiallarında ərizə var, cavabdehlərdən biri yazılan ifadələrdən imtina edir və hər iki şəxs – Elmira Axundova və oğlu Həbib Axundov həmin gün ərizə verirlər ki, biz həmin cavabdehə qarşı iddia tələbindən imtina edirik. Yaxşı, əgər iddiaçılara zərər vurulmuşdusa, necə ola bilər ki, cavabdeh geri götürən kimi məsələ bitir? Bu iddia faktiki olaraq bu işdə cavabdeh olan, digər işdəsə zərərçəkən olan şəxslərin iddialarından əl çəkməsinə hesablanıb. Hazırda isə məqsəd odur ki, müdafiə etdiyim şəxsi öz fikrilərindən dönməyə məcbur etsinlər. Yəni bir ərizə yazsın ki, belə bir şey olmayıb”. Elçin Sadıqov məhkməyə Elmira və Həbib Axundovların dövlət qurumlarından verilən çoxsaylı avtomobillərinin, mal-mülklərinin siyahılarını da təqdim edib. Bundan başqa KİV-lərin sorğulara verdiyi cavablar da məhkəməyə təqdim olunub. İddiada yer alan məqalələrin müəllifinin Firuz Haşımov olmadığı bir daha təsdiq olunur”. 

Axundovların vəkili Afət Qazıyeva Binəqədi Məhkəməsinin qətnaməsini müdafiə edib. Konstitusiyanın 14-cü maddəsinə istinad edən vəkil deyib ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Deyib ki, hər kəsin ailə sirrini saxlamaq hüquq var: "Firuz Haşımov ilk gündən bu işdən yazır. Ekspertiza rəylərində müəyyən olunub ki, Elmira Axudnova və Həbib Axundov barəsində işlədilmiş ifadələr mənfi fikir yaratdığı üçün böhtan olduğu halda şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab olunur. Bu ekspertin verdiyi rəydir və hesab edirəm ki, bu rəyin qarşısında nəsə demək doğru deyil”. Hakim vəkilin diqqətinə çatdırıb ki, Firuz Haşımovun barəsində iş üzrə artıq cərimə olunması ilə bağlı iş olub.
Vəkil isə deyib ki, Xətai Rayon Məhkəməsində belə bir qətnamə çıxarılıb, həmin iş üzrə iddiaçı Elmira Axundova olub. Hazırda isə digər məqalələrdən söhbət gedir, Həbib Axundov da iddiaçıdır. Bundan sonra Elçin Sadıqov qarşı tərəfin vəkilinə suallar ünvanlayıb. Afət Qazıyevaya ünvanlanan "məqalələrdə ailə sirri hüququna toxunulduğundan danışdınız, konkret hansı məqalələrdən söhbət gedir” sualına cavab istənilib. Afət Qazıyeva suala cavab olaraq deyib ki, normaya istinad edərək bu fikri söyləyib: "O ki, qaldı şəxsi xüsusilə ağır ittihamda suçlamaq, KİV-də yaymaq, bu artıq şxəsin şərəf və ləyaqətini alçaltmaq deyil?”
Elçin Sadıqovun "iş materiallarında deputat Elmira Axundovanın və oğlunun əmlakları ilə bağlı sənədlər təqdim olunur. Bu barədə nə deyə bilərsiz” sualına Afət Qazıyeva "kimin nə haqqı var kiminsə əmlakları haqda məlumatları yaysın” şəkilində cavab verib. Elçin Sadıqov həmin sənədlərdə yer alan məlumatlar həqiqət olub-olmamasına Afət Qazıyevadan aydınlıq gətirməsini istəyib. Axundovların vəkili suala konkret cavab verməyib. Elçin Sadıqov məhkəməyə müraciət edərək suala cavab verilməsini istiyib. Afət Qazıyeva deyib ki, suala cavab vermək onun borcu deyil.
Elçin Sadıqovun "Siz şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırmısız. Niyə məhz şərəf və ləyaqətin ləkələndiyini hesab edirsiz? İşgüzar nüfuza zərbə vurulmasını niyə hesab etmirsiz?” sualına Afət Qzıyeva "bununla bağlı mütəxəssis rəyi var” cavabını verib. Elçin Sadıqov isə bildirib ki, verilmiş ekspert rəyindən görünür ki, ekspert şərəf və ləyaqət məsələsi ilə işgüzar nüfuz məsələsini ayırd edə bilmir. Bundan sonra prosesdə martın 31-nə qədər fasilə elan olunub.

Xəbər lenti