Qiyas İbrahimovun anası: 'Aksiyanı dayandırıblar'

Qiyas İbrahimovun anası: 'Aksiyanı dayandırıblar'
Загрузка...

«Həbsdə olan bloqer Mehman Hüseynova dəstək olaraq aclıq edən bəzi siyasi məhbuslar yanvarın 23-dən aksiyanı dayandırıblar».

Bunu AzadlıqRadiosuna hazırda həbsdə olan gənc fəallardan Qiyas İbrahimovun anası Şura Əmiraslanova bildirib. Onun sözlərinə görə, Qiyas İbrahimov, Bayram Məmmədov və Əhsən Nuruzadə yanvarın 23-dən qida qəbul etməyə başlayıblar: «Aksiyanı həm onlara olan müraciətlərə, həm də Mehman Hüseynova qarşı yeni cinayət işinin icraatına xitam verilməsinə görə dayandırıblar».

Ş.Əmiraslanova deyib ki, B.Məmmədli və Ə.Nuruzadə yanvarın 13-dən, Q.İbrahimov isə onlardan sonra aksiyaya qoşulmuşdu.

Həmin fəallardan başqa, İlkin Rüstəmzadə və Elçin İsmayıllının da aclıq aksiyası keçirdiyi bildirilirdi. İ.Rüstəmzadənin yaxınlar isə fəalların hamısının həbsdə aclıq aksiyasını dayandırdıqlarını bildiriblər.

Ancaq aclıq aksiyası keçirilməsi ilə bağlı deyilənləri Penitensiar Xidmətdən təsdiq etməmişdilər. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bu günlər bir neçə dəfə bildirmişdi ki, heç kim təcridxana və cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirmir.

Söhbət hansı məhbuslardan gedir

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.

B.Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilib və 10 il həbs cəzası alıb. Məhkəməsində ittihamı əsassız sayan gənc keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək» yazdığına görə şərləndiyini vurğulayıb.

Q.İbrahimov da B.Məmmədovla eyni gün, eyni ittihamla həbs edilib. Eyni cəza alan bu gəncin də eyni səbəbdən tutulduğu bildirilir. O da ittihamı qəbul etmir.

2017-ci ildə həbs edilən E.İsmayıllı isə bir sıra saytlarla əməkdaşlıq edib. Rüşvətdə ittiham edilən E.İsmayıllı ittihamı qurama sayır. Əvvəlcə 9 il həbs alsa da, sonradan cəzası 7 ilə endirilib.

Eyni il, 2017-ci ildə həbs edilən Ə.Nuruzadə narkotikdə ittiham edilib. O da ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Ə.Nuruzadə «Müsəlman Birliyi» Hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Azərbaycan həbsxanalarında 150 civarında siyasi məhbus olduğu bildirilir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq bloqer barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Загрузка...
Загрузка...

Xəbər lenti