Qırğızıstanlı hüquq müdafiəçisi ömürlük həbsdə qaldı

Qırğızıstanlı hüquq müdafiəçisi ömürlük həbsdə qaldı
Загрузка...
Vəkilləri onun həbsxanada olduğu 9 il ərzində səhhətinin "xeyli pisləşdiyini” bildiriblər
Qırğızıstanda məhkəmə həbsdə olan etnik özbək hüquq müdafiəçisi Əzimcan Əskərovun ömürlük cəzasını yenidən qüvvədə saxlayıb, - Azadlıq Radiosu xəbər verir. İyulun 30-da ölkənin şimalındakı Çuy regional məhkəməsində keçirilən dinləmədə Əskərovun ömürlük cəzasının dəyişdirilməməsi barədə qərar çıxarılıb. Məhkəmə Qırğızıstanın Cinayət Məcəlləsinin yanvarın 1-dən qüvvəyə minən bir çox maddəsinin yüngülləşdirilərək dəyişdirilməsindən sonra keçirilib.
68 yaşlı fəal 2010-cu ilin iyununda Qırğızıstanın cənubunda 450-dən çox şəxsin, əsasən özbəklərin öldürülməsi və on minlərlə insanın məcburi köçkün düşməsiylə nəticələnən millətlərarası qarşıdurmalardan sonra mühakimə olunub Məhkəmə onu yerli özbəklər və qırğızlar arasında qarşıdurmanın təşkilində və zorakılıq zamanı bir polis məmurunun öldürülməsində günahkar bilib. Əskərov bu səbəbdən ömürlük həbs cəzasına məhkum edilib. İşinin siyasi sifarişli olduğunu söyləyən Əskərov iyulun 30-da keçirilən məhkəmə iclasında iştirak etməyib. Onun vəkili Valeryan Vaxitov hakimdən müvəkkilinin sərbəst buraxılmasını istəyib.
Prokurorlar vəkilin tələbinə etiraz ediblər. Onlar Əskərovun cinayətinin ağırlığını əsas gətiriblər. BMT İnsan Hüquqları Komitəsi də daxil olmaqla beynəlxalq hüquq qrupları Qırğızıstanı Əskərovu sərbəst buraxmağa çağırıb. Beynəlxalq ictimaiyyət Əskərovun qanunsuz həbs edildiyini, həbsdəykən işgəncələrə məruz qaldığını və ədalətli məhkəmə hüququndan məhrum edildiyini qeyd edirlər.
İyulun 30-da keçirilən məhkəmə iclasında İngiltərə, Almaniya və İsveçrə səfirliklərinin nümayəndələri, həmçinin "Human Rights Watch” və UNHRC nümayəndələri iştirak ediblər. 2016-cı ilin iyulunda Qırğızıstan Ali Məhkəməsi Əskərovun ittihamını ləğv edərək işi yenidən "meydana çıxan yeni hallar” nəzərə alınmaqla aşağı instansiyalı məhkəməyə göndərib. Ancaq 2017-ci ilin yanvar ayında Bişkekdəki bir məhkəmə yenidən Əskərovu etnik nifrət oyatmaqda və bir polis məmurunun qətlində iştirak etməkdə təqsirli bilərək, onun ömürlük həbs cəzasını bərpa edib.
İyun ayının əvvəlində səkkiz beynəlxalq insan haqları və media azadlığı təşkilatları Avropa Birliyi (AB) xarici siyasət idarəsinin rəhbəri Federika Mogherini və AB-nin digər rəsmilərini Əskərovun həbsdən dərhal azad edilməsinə çağırış etməyə səsləyib. Əskərovun vəkilləri onun həbsxanada olduğu 9 il ərzində səhhətinin "xeyli pisləşdiyini” bildiriblər.
Загрузка...
Загрузка...

Xəbər lenti