“Qılıcov camaatı yığıb elan elədi ki, Nərmini öldürən İlkindir...”

“Qılıcov camaatı yığıb elan elədi ki, Nərmini öldürən İlkindir...”
 Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə mərhum Nərminin əmisi Arif Quliyevin dindirməsi davam etdirilib.
10 yaşlı Nərmin 21 noyabr 2019-cu ildə sonuncu dəfə əmisi A.Quliyevin evində olub, ondan sonra itkin düşüb. Tərəflərin suallarını cavablandıran şahid deyib ki, günorta saatlarında Nərmin onlarda təxminən bir dəqiqə dayanıb və gedib. Bundan təxminən saat yarım sonra Nərminin böyük bacısı Şəbnəm onlara gələrək bacısının evə gəlib çıxmadığını deyib. Şəbnəm bacısının əmisi evində olmadığını dəqiqləşdirdikdən sonra öz evlərinə qayıdıb. 

İstintaq materiallarına görə, təqsirləndirilən İlkin Süleymanov Nərmin itkin olduğu 47 gün ərzində onu həyətlərindəki ikinci evdə daimi olaraq nəzarət altında saxlayıb. A.Quliyev isə deyir ki, həmin müddətdə bir neçə dəfə İ.Süleymanovu kəndin içində görüb. Rəsmi sənədlərdə İ.Süleymanovun ötən il yanvarın 10-da saxlandığı yazılıb. İ.Süleymanov isə yanvarın 6-da saxlanıldığını, dörd gün ərzində işgəncəyə məruz qaldığını, işgəncələrə dözməyib, yanvarın 10-da uşağı oğurlayıb öldürməsi barədə ifadəyə imza atdığını deyib.
Mərhumun əmisi A.Quliyev də vəkillərin suallarını cavablandırarkən İ. Süleymanovun yanvarın 6-da saxlanıldığını təsdiqləyib "İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Saxlandığını həmin gündən bilirdik. Uşağın üç mərasimində yas mağarında Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi-red.) camaatı yığıb uşağı öldürənin İlkin olduğunu dedi”. 

A.Quliyev sualları cavablandırarkən bildirib ki, ötən il yanvarın 6-da axşam saatlarında qardaşı qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşidib: "Oraya gedəndə gördüm çoxlu polislər var. Meyitə lap yaxından baxmadım, aramızda təxminən beş metr məsafə olardı. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. Gedib atasına xəbər verdim, təxminən 11-ə işləmiş olardı, o da gəldi...”
Dindirmə zamanı məlum olub ki, uşağın atası da gələndə meyitə baxmayıb. Heç anası Aynurə İsmayılova da nə həmin gün, nə də sonradan tapılan meyiti görməyib. Nərmin itkin olduğu müddətdə kənddə evlərdə axtarışlar aparılıb. Dondar Quşçuya gətirilən əhilləşdirilmiş itlər uşağın əmisi Arif Quliyevin, onunla eyni həyətdə yaşayan nənəsinin və yanaşı həyətdə yerləşən qonşunun evlərinə daxil olub. Kənddəki digər evlərə də polis əməkdaşları baxış keçiriblər.
A.Quliyev istintaqa verdiyi ifadəsində deyib ki, təqsirləndirilən İ.Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanov axtarışlar zamanı onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışıb. Məhkəmədə isə deyib ki, evlərə baxış keçirməyə qadağa qoyulmayıb. Sadəcə olaraq Murad özü polis olduğuna görə baxmayıblar.
Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.

Xəbər lenti