Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxs dindirildi: "Peşmanam..."

Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxs dindirildi:
Загрузка...
Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə prosesində təqsirləndirilən Elnur Rzayev vəsatəti olduğunu deyib. Rzayev azadlığa çıxmaq istəyib.
O, barəsində seçilmiş həbs qəyimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü qismən təqsirli bilib. Sərbəst ifadəsində Elnur Rzayev söyləyib ki, yalnız üç epizodda iştirak edib və özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. O deyib ki, daha əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində çalışıb: "Bizdə həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Mən orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Biz daha əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni Əli müəllimə verə bilmədik". İfadəsinin davamında E.Rzayev tutduğu əməldən peşman olduğunu deyib: "Əvvəllər məhkum olunmuşam. Heç bir yerdə işə götürmürdülər. Düzdür, dələduzluq etmişəm, amma ailəmi saxlamaq məcburiyyətində idim".
Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Загрузка...
Загрузка...

Xəbər lenti