QARALOV BU QANUNSUZ VƏ MƏNTİQSİZ ADDIMI NİYƏ ATDI - "Siyahıdakı ən böyük borclu "Akkord" idi"

QARALOV BU QANUNSUZ VƏ MƏNTİQSİZ ADDIMI NİYƏ ATDI -
Загрузка...
"Proktoloq həkimin işi oftalmoloq həkimə tapşırıldı..."
Tanınmış vəkil Adil İsmayılov  "Beynəlxalq Bank işi" ilə bağlı növbəti sensasion yazısını yazıb. Criminal.az həmin yazını təqdim edir:
İŞİN BÜNÖVRƏSİ QANUNSUZ QOYULMUŞDU
Cinayət işinin materialları ilə tanış olarkən məlum oldu ki, o, bünövrədən qanunsuz başlanıb. Cinayət işinin başlanmasına formal əsas "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Emil Mustafayevin Azərbaycan Respublikası Daxili İşlər Nazirinə yazdığı 28.04.2015-ci il tarixli məktub olub.
Məktubda göstərilir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-də aparılmış müvafiq araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2001-2014-cü illərdə və 2015-ci ilin müvafiq dövründə ayrı-ayrı fiziki və hüquqi şəxslər Bankdan kredit götürərək həmin vəsaitləri şəxsi ehtiyacları üçün sərf edib xərçləyərək ələ keçirmişlər. Kreditlərin geri qaytarılması ilə bağlı tərəfimizdən görülmüş tədbirlər müsbət nəticə verməmişdir.
Odur ki, yuxarıda qeyd olunanları diqqətinizə çatdırmaqla kredit borcunu geri qatarmayan həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülməklə onlar tərəfindən Banka vurulmuş ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülməsinə dair göstəriş verməyinizi xahiş edirəm”.
ƏN BÖYÜK BORCLU AKKORD İDİ
Məktuba kredit borcu olan hüquqi şəxslərin 3 vərəqdən ibarət siyahısı əlavə edilmişdi. Yadımdadır ki, siyahıdakı ən böyük borclu "Akkord" idi. DİN-ə bu müraciətin qeyri-qanuni olması heç bir şübhə doğurmur. Məktub müəllifi 1994-cü ildən Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətdə müxtəlif vəzifələrdə, o cümlədən 2004-cü ildən 2015-ci ilin mart ayına kimi İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində işləmiş, 2011-ci ilin sentyabr ayından 2015-ci ilin mart ayına kimi həm də Kredit Komitəsinin sədri olmuşdu. 2015-ci ilin mart ayindan sədr vəzifəsini icra edirdi. Geri qaytarılmayan kreditlər məhz onun işlədiyi dövrdə onun rəhbərlik etdiyi Kredit komitəsinin qərarları ilə verilmişdi. Bankla müştəri - Borcverənlə Borcalan arasında olan mülki münasibətlərin polis vasitəsi ilə həll edilmədiyini Mustafayev bilməmiş deyildi. 

2 may 2015-ci il tarixdə həmin məktub və siyahı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə daxil olur. Həmin şöbənin müstəntiqi Murad Quliyev heç bir araşdırma aparmadan dərhal saat 9:30 dəqiqədə cinayət işi başlayır. Onun cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 02 may 2015-ci il tarixli qərarında göstərilir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müraciəti əsasında toplanmış materiallardan(?) görünür ki, ayrı-ayrı vətəndaşlar etibardan sui-istifadə edib götürdükləri kreditin əsas və faiz borclarını vaxtlı-vaxtında ödəyəcəklərinə dair yalan vəd verib aldatmaqla "Azərbaycan Beynəlxalq Bankı” ASC- dən aldıqları külli miqdarda pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edib xərçləyərək özgənin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmişlər. Göstərilən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlansın və icraata qəbul edilsin”.
BAŞ PROKURORDAN NÖVBƏTİ QANUNSUZ QƏRAR
Qanunla müstəntiq cinayət işi başlamaq haqda qərarı dərhal nəzarət edən prokurora göndərməlidir. Prokuror onu qanunsuz olduğunu müəyyən edərsə ləğv etməlidir. Bunun əvəzinə Zakir Qaralov qanunsuz və əsassız olaraq ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi barədə qərar verir. Görün Baş Prokuror qərarda nə yazır:
"İstintaq zərurəti ilə əlaqədar olaraq Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Rzayev Akif Əkbər oğlu və mühüm işlər üzrə müstəntiq 3-cü dərəcəli hüquqşünas Səfərli Cavid Kamil oğlu ayrı-ayrılıqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinə ezam olunmuşlar. İstintaq zamanı hər hansı şəxs və ya şəxslər tərəfindən dələduzluq cinayəti ilə yanaşı mənimsəmə, korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər CINAYƏTLƏRIN TÖRƏDILMƏSI EHTIMALININ YOXLANILACAĞI VƏ HÜQUQI QIYMƏT VERILƏCƏYI, habelə cinayət işinin mürəkkəb və çoxepizodlu olması nəzərə alınaraq cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli və tam araşdırılmasını, cinayətin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və ibtidai istintaqın qanunla müəyyən edilmiş müddətdə tamamlanmasını təmin etmək məqsədi ilə cinayət işi üzrə istintaqın davam etdirilməsinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə edilməsi məqsədəmüvafiqdir”.
QƏRAR QANUNSUZ OLMAQLA YANAŞI HƏM DƏ MƏNTIQSIZDIR
178-ci maddə ilə cinayət işi üzrə istintaq aparılması Daxili İşlər Nazirliyinin müstəntiqlərinin səlahiyyətinə aiddir. Baş Prokuror bu qərarı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.9-cu maddəsinə əsasən verdiyini göstərir, baxmayaraq ki, maddədə göstərilən müstəsna halların heç biri mövcud deyil Həmin maddəyə əsasən Bu Məcəllənin tələblərinə uyğun olaraq, başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər. Qərar verilən gün heç kimə ittiham elan edilməmişdi, nə toplanmış materialların həcminin böyüklüyündən, nə də təqsirləndirilən şəxslərin sayının çoxluğundan söhbət gedə bilməzdi...
QARALOV BU QANUNSUZ VƏ MƏNTİQSİZ ADDIMI NİYƏ ATDI
Burda qeyd edim ki, Qaralov cinayət işini DİN-ə heç də öz xoşuna vermədi. Həmin cinayət işində bu gün də ona bağlılığı iddia olunan "Akkord" şirkətinin adı hallanırdı. İstintaqı MTN-ə və ya DİN-ə həvalə etməyə gələndə üstünlük DİN-ə verildi. Çoxlarınız bilir ki, Cahangir Hacıyev Eldar Mahmudovla quda idi. Buna baxmayaraq 2015-ci ilin martında Hacıyev vəzifəsindən kənarlaşlırıldı, amma bir müddət azadlıqda qala bildi. Mahmudovun vəzifəsini itirməsi isə onun həbsi ilə nəticələndi.
 
Beləliklə, işin DİN-də istintaq edilməsi mübahisəsiz idi. Bu həm də prokurorluğun reputasiyasına növbəti tərs şapalaq demək idi. İnanıram ki, bu Azərbaycan istintaq tarixində DİN-in müstəntiqinin prokurorluğun müstəntiqinə rəhbərlik etdiyi birinci özü də qanuna zidd yaradılmış istintaq qrupu idi. Arzu edərdim ki, həm də sonuncu olsun.
Bildiyimə görə istintaqın DİN-də aparılması üçün şəxsən ölkə başçısının razılığı alınmışdı, bunun daha bir səbəbi barədə az sonra yazaram. Qeyd edim ki, istintaq aidiyyətinin bu cür pozulması Hacı Məmmədov işində olduğu kimi bu işdə də müəyyən problemlər yaratdı. Qəsdən adam öldürmə işləri üzrə ixtisaslaşmamış MTN müstəntiqlərinin yol verdiyi biabırçı nöqsanlara, özgə əmlakını talama maddəsi ilə ixtisaslaşmamış DİN müstəntiqləri də yol verdilər. Belə deyək, proktoloq həkimin işi oftalmoloq həkimə tapşırıldı.
MƏNİMSƏMƏ VƏ YA İSRAF ETMƏKLƏ ÖZGƏ ƏMLAKINI TALAMA
Əvvəlki fikrimin bir qədər aydın olması üçün deyim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində MƏNIMSƏMƏ VƏ YA ISRAF ETMƏ adlanan 179-cu maddə var. Həmin maddə mənimsəmə VƏ YA israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə məsuliyyət müəyyən edir. Adından da göründüyü kimi bu maddədə talamanın iki müstəqil növü müəyyən edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu onları 14 may 1999-cu il tarixli qərarında belə fərqləndirir: "mənimsəmə yolu ilə talama dedikdə təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür”.
Hər kəsin başa düşəcəyi dildə bu o deməkdir ki, əgər təqsirkar ona etibar edilmiş taladığı əmlakı özünə götürürsə bu mənimsəmə, başqasına verirsə israf etmə olur. Sizcə baş prokuror və onun birinci müavini Rüstəm Usubov bunu bilirdilərmi? Açığı bunu hüquq fakültəsinin 3-cü kurs tələbəsi cinayət hüququ fənnini keçəndən sonra bilməlidi. Bəs bunu bilə-bilə Cahangir Haçıyevi və onunla birlikdə onlarla adamın Beynəlxalq Banka məxsus pul vəsaitlərini MƏNIMSƏYIB ISRAF ETMƏKLƏ talamağa görə ittiham edilməsinə nə ad vermək olar? Hər halda bu savadsızlıq deyil. Hesab edirəm ki, bunun bir izahı var. İstintaq bilərəkdən talanmış pulların son nəticədə hara getməsini araşdırmaqda maraqlı olmayıb.
MƏHKƏMƏLƏRƏ NOTARİUS DEMƏYƏ DƏ ADAMIN DİLİ GƏLMİR
Kecən yazılardan birində qeyd etdim ki, məhkələrimiz əksər hallarda notarius rolunu oynayır. Prokurorluqdan gələn ittiham aktlarını ağına-bozuna baxmadan təsdiq edirlər. Bir az fikirləşəndə görürsən ki, belə müqayisə əslində doğru deyil. Vicdanlı notarius heç olmazsa surət təsdiq edəndə sənədin orijinalının həqiqiliyini yoxlayır. Beynəlxalq Bankın barəsində olan cinayət işlərinin bəziləri artıq Azərbaycanda bütün məhkəmə instansiyalarını keçib. Hətta Ali Məhkəməmizin özündən deyən hakimləri də bu işdə nöqsan tapmayıblar. Onlar da mənimsəməklə israf etmənin mümkünlüyünü öz qərarlarında təsdiq ediblər. Ali Məhkəmədə çalışan və hörmət etdiyim, savadına şübhə etmədiyim bir hakimlə söhbət zamanı dedim ki, nə etdiyinizin fərqindəsinizmi? Düşünün hüquq fakültəsinin tələbələrinə praktik təlim keçirsiniz.
Mənimsəmə və israf etmənin talama cinayətinin müstəqil növləri olmasını deyirsiniz. Tələbələrdən biri səhviniz tutur, Ali Məhkəmənin qanuni qüvvədə olan qərarını misal gətirir və mənimsəməklə israf etmənin mümkünlüyünü sübut edir. Hakim dedi ki, təkcə bu deyil ki, o qədər belə qərarlarımız var. Utandığımdan heç vaxt auditoriya qarşısına çıxmıram...
davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti