Qarabağa dəstək yürüşündə iştirak edən AXCP üzvləri həbs olundu

Qarabağa dəstək yürüşündə iştirak edən AXCP üzvləri həbs olundu
AXCP: "Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş Asif Yusiflini həbs eləmək bu hakimiyyətin Qarabağa münasibətinin ifadəsidir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli həbs olunub. İyulun 18-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Hakim Babək Pənahovun verdiyi qərarla A.Yusifli barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. A.Yusifli iyulun 14-dən 15-nə keçən gecə Bakıda Qarabağa dəstək yürüşündə iştiraka görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1 (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233 (İctimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittihamlar irəli sürülüb. İyulun 18-də Nəsimi Rayon Məhkəməsində AXCP-nin başqa bir fəalı Seymur Əhmədzadə haqqında da eyni qərar verilib. Ona qarşı da eyni ittihamlar irəli sürülüb. AXCP-dən Meydan TV-yə bildirilib ki, partiya fəallarına qarşı ittihamlar saxtadır.
Onlar həmin gün Qarabağa və Milli Orduya dəstəklərini ifadə etmək üçün yürüşdə iştirak etsələr də, heç bir qanunsuz addım atmayıblar. "Nə parlamentə daxil olanlar arasında, nə də polis maşınını aşıranlar arasında olublar. Minlərlə azərbaycanlı kimi, onlar da dinc şəkildə yürüşdə iştirak ediblər. Özləri də bunu məhkəmədə bildiriblər. Əgər onların həmin təxribatda iştirakını təsdiq edən nəsə olsaydı, hökumət çoxdan telekanallar və nəzarətində olan saytlar vasitəsilə yaymışdı. Bu ittihamlar da, cəbhəçilərin həbsi də İlham Əliyevin iyulun 15-də AXCP-nin ünvanına nifrət çıxışının nəticəsidir, şər-böhtandır. Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş Asif Yusiflini Bakıda Qarabağa dəstək verdiyinə görə həbs eləmək bu hakimiyyətin təkcə AXCP-yə yox, həm də Qarabağa münasibətinin ifadəsidir”, - deyə AXCP-dən bildirilib.
Son üç gündə partiyanın daha dörd üzvü saxlanılıb. Bunlar Elvin Məmmədov, Məhəmməd İmanlı, Vüqar Əbilov və Ramil Tağıyevdir. Partiyanın məlumatına görə, E.Məmmədov və M.İmanlı da Qarabağa dəstək yürüşünə görə saxlanılıb. Digər iki fəal isə iyulun 18-də saxlanılıb və səbəbi də bilinmir: "Bu dörd nəfərlə bağlı hələ ki, heç bir məlumat verilmir”. A.Yusifli 2015-ci ildə Qarabağ əlili Zaur Həsənovun intiharı ilə əlaqədar Bakının mərkəzində keçirdiyi etiraz aksiyasından az sonra da həbs olunmuşdu. Beş il həbsdə saxlanan A.Yusifli ötən ilin noyabrında azadlığa buraxılmışdı. Həm A.Yusiflinin, həm də S.Əhmədzadənin vəkilləri onların barəsindəki həbs qərarından apelyasiya şikayəti verəcəklərini bildirib.
AXCP sədri Əli Kərimli partiya üzvlərinin həbs olunmasına münasibət bildirərkən deyib ki, hakimiyyət Qarabağa dəstək yürüşündən də AXCP-yə qarşı repressiya məqsədilə sui-istifadə edir: "Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui- istifadə edir. Xalqa, ən kasıb insanlara çatmalı olan sosial müavinətləri oğurlamış icra başçılarına İlham Əliyev demişdi ki, Allahdan qorxsunlar, belə kasıb insanların malını yeməsinlər. İndi mən İlham Əliyevə xatırlatmaq istəyirəm ki, Qarabağ, Vətən sevdalısı olan, heç bir cinayət törətməmiş, vətənpərvər insanları şərlədib uzun müddətli həbslərə göndərmək həmin o işsizlik müavinətlərini yeməkdən heç də yüngül əməl deyil. İki balaca övladı anasız qalmış, Mətanət xanımı şərlətdirmək, Qarabağ qazisi, astma xəstəliyi olan Tofiq Yaqublunu Hepatit və vərəm xəstəlikləri olan məhbuslarla bir yerə salıb həyatına qəsd etmək, 5 illik siyasi məhbus həyatını yenicə başa vurub azadlığa çıxmış Qarabağ qazisi Asif Yusiflini yenidən şərlətdirmək isə həmin icra başçısının sosial yardımları yeməyindən daha ağır cinayət olar”.
Hüquq-mühafizə orqanları Qarabağa dəstək yürüşünə görə saxlanılanların sayı barədə rəsmi məlumat verməsə də, qeyri-rəsmi informasiyalarda təxminin 70 nəfərdən çox adamın saxlandığı, onlardan bir hissəsinin azadlığa buraxıldığı bildirilir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Xəbər lenti