"Qarabağ məhbusu"na 2 il 6 ay həbs cəzası verilib

Tahir Heydərov: "Mənim narkotiklə işim yoxdur, həbsim siyasi sifarişdir"
Sosial şəbəkələrdə "Tahir Zəngilanlı” adıyla tənqidi paylaşımlar edən Tahir Heydərov iyunun 17-də 2 il 6 ay azadlıqdan məhrum edilib. O həm də 2020-ci ilin iyununda Bakıda keçirilən Qarabağa və orduya dəstək yürüşünü Lökbatan qəsəbəsində təşkil edənlərdən biri olub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə keçirilən prosesdə əvvəl Tahir Heydərovun vəkili Elçin Sadıqov çıxış edib.
Vəkil bildirib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsilə irəli sürülmüş ittiham əsassızdır. "Bu ittihamı sübut edən heç bir fakt ortaya qoyulmayıb. Şahidlər də ancaq polislərdir, onlar isə bu işdə maraqlı olan şəxslərdir", - deyə vəkil bildirib.
Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin tənqidçi paylaşımlarına, ifadə azadlığına görə cəzalandırıldığını vurğulayaraq, onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Tahir Heydərov özü də son sözündə siyasi sifarişlə cəzalandırıldığını vurğulayıb: "Mənim narkotiklə işim yoxdur, ola da bilməz. Həbsim siyasi sifarişdir. Haqqım olanı tələb etdiyim üçün həbs olunmuşam. Məni tutanlar özləri də mənə açıq şəkildə dedilər ki, bu, "zakazdır”. Mən qarabağlıyam və torpağımın - Qarabağın azad edilməsini tələb eləmişəm. Əcəb eləmişəm. Buna görə adamı cibinə narkotik atıb şərləyərlər? Mən vətən xainiyəm? Mənə prokuror 6 il 6 ay iş istəyir. Ayıbdır. Mən ölsəm də, övladlarıma narkotik pulu yedizdirmərəm. Biz bu xalqın düşməni deyilik. Amma bizimlə dünən bu məhkəmədə mühakimə olunan ermənilər arasında fərq qoymurlar. Məni şərləyənlər bu dövlətin düşmənləridir. Dövlətə düşmən olanlar vicdanlı adamlara böhtan atanlardır”. Tahir Heydərov məruz qaldığı işgəncələrdən, ailəsilə təhdid olunmasından da danışıb.
Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Tahir Heydərova qarşı ittiham dəyişdirilib. Ona qarşı irəli sürülmüş ittiham Cinayət Məcəlləsinin 234.4.3 maddəsindən 234.1 maddəsinə tövsif olunub və ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.
Hakimlər belə nəticəyə gəlib ki, Tahir Heydərovun üzərində narkotik olub, lakin onun satış məqsədi olmayıb. Tahir Heydərovun vəkili deyib ki, hökmdən apelyasiya şikayəti verəcək:
"O, ümumiyyətlə, ittihamı qəbul etmir, narkotikin cibinə polis əməkdaşlarının tərəfindən atıldığını bildirir". Tahir Heydərov məhkəmədə ifadə verərkən bildirib ki, bundan əvvəl mitinqlərdə, etiraz aksiyalarında iştirakına görə bir neçə dəfə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və rayonun polis rəisi də ona xəbərdarlıq etmişdi:
"Qaçqınkom”un sədri Rövşən Rzayevin müavini mənə deyir ki, get, problemlərinin həllini hökumətdən istə. Mən nə istəyirdim, torpağımı istəyirdim də. Mən qarabağlıyam, torpağımı tələb edirdim. Vətən mənim üçün namus-qeyrətdir. Müharibə başlayandan cəbhəyə getmək üçün könüllü yazılmışdım. Amma buna görə mənim özümü həbsxanaya göndərdilər”.

Xəbər lenti