"Qanunvericilikdə dünyaya gəlməkdəki ardıcıllığın nömrəsinə görə ayrı-seçkilik edilməsi nəzərdə tutulmayıb"

Загрузка...
Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Məlumatı Səhiyyə Nazirliyi yayıb. Bildirilir ki, Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Paytaxtın bütün rayonlarında 10 milyonuncu vətəndaşın doğulması münasibəti ilə ağacəkmə aksiyası və Bakı bulvarında konsert proqramı keçirilib. Körpənin valideynləri uşağa Birinci vitse-prezident Mehriban Əliyevanın adını qoyublar. Ölkə başçısı İlham Əliyev 10 milyonuncu sakinə mənzil hədiyyə edib.
Hüquqşünas Ələsgər Əhmədoğlu "facebook” hesabında körpəyə ev verilməsinin hüquqi baxımından qəbul edilən olmaması ilə bağlı yazıb. Həmin yazını təqdim edirik: 
Əslində, 10 milyonuncu sakinlə bağlı hər hansı bir fikir paylaşmaq istəmirdim. Bu fikirlərim də kəsinliklə həmin körpəyə və ya onun valideyinlərinə qarşı deyil. Öncəliklə bunun bilinməsini istədim. İndi keçək əsas məsələyə. "Report"da bir xəbər diqqətimi çəkdi. Şərh bölümünə yerləşdirirəm. Xəbər həmin körpəyə ev bağışlanması və hesab açılaraq bank hesabına pul köçürülməsi ilə bağlıdır. İlk baxışdan hümanist addımdır və istənilən xeyriyyə aksiyası alqışlanmalıdır. Əlbəttə, bu fərdi təşəbbüs olmaq və fərdi vəsaitlərdən ayrılmaq şərti ilə. Amma işin bir əmması var. Bu vəsait dövlət büdcəsindən verildikdə işin içərisinə hüquq girir.
Hüquq nə deyir?
Konstitusiyanın 25-ci maddəsi Dövlətin hər hansı ayrı-seçkilik etmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini bildirir və heç kimə bu əsaslarla zərər vurmayacağı, habelə güzəştlər və ya imtiyazlar verə bilməyəcəyini nəzərdə tutur. Ayrı-seçkiliyin istisnası yoxdurmu? Əlbəttə, var. Buna pozitiv ayrı-seçkilik deyilir. Qanunvericilikdə bununla bağlı müəyyən müddəalar var. Amma pozitiv ayrı-seçkilik fərdə yönəlik yox, bəlli eyni stuatsiyada olan qrupa yönəlik ola bilər.
Məsələn, qadınların ağır işlərdə işlədilməməsi, kişilərlə nisbətdə qadınların daha erkən yaşda pensiyaya çıxması, əlilliyi olanlara əlavə imtiyazların, güzəştlərin olması, dövlət və xalq qarşısında bəlli xidmətlərinin olması kimi və s. Lakin qanunvericilikdə dünyaya gəlməkdəki ardıcıllığın nömrəsinə görə ayrı-seçkilik (pozitiv də olsa) edilməsi nəzərdə tutulmayıb. 10 milyonuncu körpədən öncə və sonra eyni gündə ortalama 300-400 körpə də dünyaya gəlib. Nədən onlara da ev bağışlanmayıb, pul verilməyib? O zaman həmin gecə eyni doğum evində dünyaya körpə gətirən digər anaların hansı hislər keçirdiyi, necə ayrı-seçkiliyə məruz qaldıqlarının yaratdığı mənəvi sarsıntını kompensasiya etmələri üçün bu məsələni hüquq müstəvisinə daşısalar, hansı nəticələr doğacağını heç düşünən olmadımı?
10 milyonuncu şəxsə istənilən xeyriyyəçi şəxsi əmlakından istədiyi qədər bağışlaması hüquq problemi olmaz. Lakin dövlət adına, dövlət vəsaitindən bunun edilməsi hüquq çərçivəsində qəbul edilən deyil."
Загрузка...
Загрузка...

Xəbər lenti