Psixoloq: ‘Elinanın vəziyyəti barədə direktora dəfələrlə demişdim’

Psixoloq: ‘Elinanın vəziyyəti barədə direktora dəfələrlə demişdim’
Загрузка...
Sentyabrın 19-da Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam edib. Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.
E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb. "Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib",-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.
İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib. Sentyabrın 19-da Prosesdə şahidlər dindirilib. Məktəb direktorunun təlim-tərbiyyə işləri üzrə müavini Tünzalə Mikayılova bildirib ki, hadisə günü (aprelin 4-də) işdə olub: "Gördüm ki, üç oğlan Elinanı qucağına alıb məktəbin içinə apardı. Direktorun otağına girəndə gördüm ki, divanda uzanıb, sonra direktor mənə məktəbdə uşaqları sakitləşdirməyi tapşırdı".
O əvvəlcə hadisəni birinci müəllimlərdən, sonra isə uşaqlardan eşitdiyini söyləyib. Hadisə zamanı məktəbdə psixoloq işləyən, sonra isə işdən çıxarılan Könül Ağayeva isə deyib ki, orada cəmi 5 ay işləyib və ondan əvvəl psixoloq vəzifəsi bir il yarım boş olub: "Əvvəlki psixoloq rəhmətə getdi və mən işə başlayanda gördüm ki, uşaqların psixoloji vəziyyəti ilə bağlı heç bir sənəd yoxdu, halbuki, olmalı idi. Mənim heç otağım yox idi. Hər dəfə bu barədə direktora deyəndə, mənə "məndən otaq istəmə" cavab verirdi. Məcbur idim gah bufetdə, gah kitabxanada, ya da digər otaqlarda uşaqlarla danışam, onların problemləri ilə məşğul olam".
O əlavə edib ki, bir neçə dəfə Elina Hacıyeva ilə söhbət edib: "O saçlarına rəng qoymuşdu...O bir dəfə boğazını kəsməyə cəhd edəndən sonra mənə dedi ki, əvvəl oxuduğu 203 saylı məktəbə qayıtmaq istəyir, ordakı uşaqlar üçün darıxır. Mən onun vəziyyətini görürdüm və direktora demişdim ki, onun tələbi yerinə yetirilməlidir. Çünki, yenə intihara cəhd edə bilər".
Psixoloqun dediyinə görə, lakin Elina Hacıyevanı 203 saylı məktəbdə qəbul etməkdən imtina ediblər: "Bizim məktəbdə oxuduğu dövrdə bilikləri aşağı düşmüşdü. Boğazını kəsməyini mən təsadüfən eşitdim və direktorun otağında polis çağırılmasının vacibliyini dedim. Təraddüd etdilər..."
Psixoloqun sözlərinə görə, problemlər barədə direktora deyib, amma heç bir tədbir görülməyib: "Direktora deyirdim Elinaya psixoloq yox psixiatr lazımdır".
Psixoloqun sözlərinə görə, məktəbin rəhbərliyi ona valideynlərlə birbaşa əlaqə saxlamağa da icazə verməyib. Məktəbin şagirdlərindən isə bəziləri deyiblər ki, Elina Hacıyeva kənardan gələn uşaqların da təzyiqləri ilə üzləşib.
"Digər uşaqlar şikayət edəndə onları araşdırırdılar, Elinanın şikayətlərinə baxılmırdı. Çünki Elinanın anası polis çağırırdı. Məktəbə isə bu lazım deyildi" - deyə ifadələrin birində də qeyd edilib. Kliniki Tibb Mərkəzinin psixoloq həkimi Aytən Namazova isə bildirib ki, xəstə Mərkəzə gətiriləndən sonra reanimasiyaya yerləşdirilib. Onun deməsinə görə, intihar etməsinin səbəbini isə o, uşaqlarla probleminin olması ilə izah edib. Məktəbin müəllimlərində biri isə deyib ki, Elina Hacıyeva onun dərsində həb qəbul edib, lakin o, bunu görməyib: "Yalnız kameraya baxandan sonra bunu gördüm ...".
Psixoloq: "Elinanın vəziyyəti barədə direktora dəfələrlə demişdim" Proses sentyabrın 25-də davam edəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti