Prokuror Yunis Səfərova ömürlük həbs cəzası istədi

Prokuror Yunis Səfərova ömürlük həbs cəzası istədi
 Məhkəmədə təqsirləndirilən şəxsin valideynin halı pisləşdi
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə bir ildir davam edən məhkəmə prosesi yekunlaşır. Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan edib.
Daha sonra çıxış edən prokuror bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və s. ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, onlardan ikisi - Anar Bağırov və Ağa Sərxani həyatda yoxdur. Onların hər ikisi 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Adları çəkilən hər iki təqsirləndirilən şəxsin hüquqi varisi məhkəmədə iştirak edir, onlara bəraət verilməsini tələb edirlər.
Anar Bağırovun bacısı Aynur Bağırova prokurorun çıxışına etiraz edib. O bildirib ki, qardaşı günahsızdır: "Əksinə, mənim qardaşım cinayətin qurbanı olub, vəhşicəsinə qətlə yetirilib. Mənim qardaşımı güman ki, Yunis Səfərovu polis idarəsində vəhşi kimi döyənlərdən biri, Elmar Vəliyevin qohumları öldürüb. Çünki DTX əməkdaşları adamdan elə qisas almaqdı. Mənim qardaşımda silah olmayıb. Onun yanında otaq yoldaşı olub. İçəri girən üç nəfərin biri onu çıxarıb və dərhal içəridən dörd güllə səsi gəlib. İkisini başından vurub öldürəndən sonra ürəkləri soyumayıb, daha bir güllə ürəyindən, bir güllə də qaraciyərindən vurublar. Bunu özümdən demirəm, əlimdəki qərarda yazılıb ki, öləndən sonra ürəyindən vurublar. Belə qansızlığı adi DTX əməkdaşı niyə eləsin ki?”
Mahir Əzizovun anası Məhbubə Əzizova oğlu üçün tələb olunan cəzanı eşidəndən sonra məhkəmə zalında vəziyyəti pisləşib. Ona xeyli yardım göstərəndən sonra durumu nisbətən yaxşılaşıb.
Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək. 2018-ci ilin iyulunda Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov məhkəmədə ifadə verərkən sabiq icra başçısını əhaliyə qarşı davranışlarına görə öldürmək istədiyini bildirib. Hərəkətindən peşman olmadığını vurğulayan Yunis Səfərov onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib və onların azadlığa buraxılmasını istəyib. O, terror törətmək, dövlət çevrilişinə cəhd etməsi haqda ittihamda yazılanları da təkzib edib.

Xəbər lenti