Prokuror sabiq komitə sədrinin qardaşına iş istədi

Prokuror sabiq komitə sədrinin qardaşına iş istədi
Загрузка...
 Zərərçəkmiş istənilən cəzadan narazı qaldı
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, "Azad Azərbaycan” telekanalının sabiq prezidenti Tağı İbrahimov və "İbrahim Nehrəmli” kimi tanınan, "Xəzər adaları” layihəsinin rəhbəri İbrahim İbrahimovun qardaşlarından biri də işadamı Sahib İbrahimovdur. Hündürmərtəbəli binaların tikintisiylə məşğul olan "STS” və "Sahil-D Company” şirkətlərinin rəhbəri S.İbrahimovun işinə təxminən bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 192 (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma ) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, paytaxtın Həsən Əliyev küçəsində lisenziyasız bina tikib, oradakı mənzilləri satıb, əldə olunan gəlirdən vergi ödəməyib; inşa etdirdiyi binalarda mənzil üçün alıcılardan pullar toplansa da, evlər təhvil verilməyib. S.İbrahimov 1.5 milyon manatlıq vergidən yayınmada, mənzil satmaq adıyla 2 milyonluq dələduzluqda ittiham olunur. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onu təqsirli bilib və ona 5 il 6 ay cəza verilməsini istəyib. Amma prokuror ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqini məqsədəuyğun sayıb. Təklif edib ki, S.İbrahimova həbs yox, şərti cəza verilsin. Bu iş üzrə zərərçəkmişlərin (mənzil almaq istəyənlər) bir qismi evlə təmin olunub, bəzilərinin verdiyi pul qaytarılıb. Həmin şəxslər məhkəmədə S.İbrahimovdan şikayətçi olmadıqlarını söyləyiblər. Lakin ziyanı ödənilməmiş zərərçəkmişlər də var. Onlar isə şikayətçidir.
Belə zərərçəkmişlərdən biri olan Ehtibar Allahverdiyev də ona ağır cəza verilməsini istəyir. O, özü ölkədə olmadığına görə məhkəmədə iştirak etməsə də, vəkili bu barədə danışıb. Vəkil Xaqani İmanov bildirib ki, nə dövlətə ödənilməli vergi ödənilib, nə də zərərçəkmişlərin hamısının ziyanı. Belə olan halda, prokurorun S.İbrahimova şərti cəza istəməsi zərərçəkmişlərə qarşı ədalətsizlikdir.
Zərərçəkmişin nümayəndəsi onu da əlavə edib ki, əgər məhkəmə də S.İbrahimova belə yüngül cəza versə, yuxarı instansiyalara şikayət edəcəklər. Təxminən 10 il öncə Bakının keçmiş Karl Marks dairəsi yaxınlığında xeyli bina söküldü. Onların arasında beşmərtəbələr, paytaxtın ilk 16-mərtəbəli binasıyla yanaşı, yeni inşa olunmuş iki çoxmərtəbəli bina da vardı. S.İbrahimovun haqqındakı cinayət işində mənzil məsələsilə əlaqədar zərərçəkmişlərin bir hissəsi hündürmərtəbəli binalarda ev almaq üçün pul vermiş şəxslərdir. Sökülən 16 mərtəbəli binanı S.İbrahimov tikdirmişdi. İş materiallarında S.Bəhlulzadə küçəsindəki sözügdən 16 mərtəbəli binanın ümumi şəkildə dövlət ehtiyaclarına görə söküldüyü yazılsa da, səbəb konkret göstərilməyib.
İttihama görə, həmin binada ev almaq üçün pul ödəmiş adamlara sonradan başqa binalardan mənzil veriləcəyi vəd olunub. Yeni mənzillərlə bağlı müqavilə də bağlanılıb. Halbuki, həmin mənzillər çoxdan başqasına satılmış evlər olub. S.İbrahimov həmçinin lisenziya almadan Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında ikibloklu yaşayış binası tikməkdə, həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə etməkdə ittiham olunur. Ona qarşı ittihamlardan biri də 1 milyon 438 min manatlıq vergidən yayınmadır. Bura gəlir, torpaq və s. vergilər daxildir. Bundan əlavə, o, 2.6 milyona aldığı villanın pulunu ödəməməkdə də günahlandırılır. Lakin S.İbrahimov özünü təqsirli bilmir.
O bildirib ki, 2.6 milyonluq evin sahibi ilə razılaşmaları belə olub - villanın əvəzində 500 min dollar və 7 mənzil: "Nağd pulu vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə, 100 min manat borcum qalıb, onunla bağlı borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”. Lisenziyasız bina tikintisi haqda danışan S.İbrahimov deyir ki, həmin binanın satışından gələn vəsaitlər Səttar Bəhlulzadə küçəsində sökülən binanın sakinlərinə verilib: "Çünki o bina mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb. Lakin biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilməmişik, ona görə vergini ödəmək imkanımız olmayıb”. S.İbrahimov yalnız vergi ilə bağlı ittihamı qismən qəbul edib. Deyib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 370 min manat ödəyib.

Xəbər lenti