Prezident qəzetlərə 1 milyon yardım verdi, pullar KİVDF-yə qaldı

Prezident qəzetlərə 1 milyon yardım verdi, pullar KİVDF-yə qaldı
Загрузка...
Ölkə başçısı İlham Əliyevin qəzetlərə ayırdığı bir milyon manat yardım pulu hələ də sahiblərinə verilməyib. Hər il həmin yardımdan yararlanan qəzet baş redaktorları prezidentin sərəncamının imzalanmasından 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, onlara verilməməsindən çox narahatdırlar. Hətta adının çəkilməsini istəməyən bəzi qəzet rəhbərləri prezidentin yardımın ümumiyyətlə verilməyəcəyi ilə bağlı mesajlar aldıqlarını da gizlətmirlər.
Prezident İlham Əliyev iyulun 22-də "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.
 
Akif Aşırlı 
Bəs görəsən, yardım gözləyən baş redaktorların narahatlığına səbəb nədir? Onların gözlədikləri prezident yardımı harada ilişib? 
''Şərq'' qəzetinin baş redaktoru Akif Aşırlı Criminal.az saytına açıqlamasında bununla bağlı KİVDF-yə müraciət edib daha dəqiq, ətraflı cavab almağı məsləhət gördü. Baş redaktor əlavə etdi ki, ölkə başçısının sərəncanında qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması üçün prezidentin ehtiyat fondundan bir milyon manat vəsait ayrılması göstərilib.
Qəzet rəhbərinin sözlərinə görə, bu yardım ənənəvi şəkildə müəyyən bölgü əsasında redaksiyalara ayrılıb: "Həmişə sərəncamdan bir neçə gün sonra elan olunurdu. Hazırda vəsaitin hansı şəkildə bölünəcəyi haqda heç nə deyə bilmərəm. Ancaq hələlik belə bir bölgü yoxdur. Ötən il prezidentin sərəncamından 1 gün sonra qəzetlərin siyahısı təyin olunurdu, qəzetlərin tırajına, gündəlik və ya həftəlik çapına görə bölgü aparılırdı. Qəti fikrim odur ki, qəzetlərə pul ayrılması ilə bağlı prezidentin sərəncamı var". 

Aqil Abbas 
"Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas Criminal.az-a qəzetlərə ayrılmış pulun verilib-verilməməsindən xəbərsiz olduğunu deyib: "Müdafiə naziri Zakir Həsənovla üç gündür bölgələrdə görüşlərdəyəm. KİVDF-yə zəng edin. Mən hardan bilirəm ki?".
Aydın Quliyev : "O pulun bir hissəsin almışıq..."
 
 
Aydın Quliyev 
"Bakı-xəbər" qəzetinin rəhbəri Aydın Quliyev bildirdi ki, prezidentin qəzetlərə ayırdığı yardım qəzetlərə paylamaq üçün deyil: "Belə görürəm sizin qəzetlərə ayrılan maliyyə yardımının mahiyyəti barədə məlumatınız səhvdir. Sərəncamda yazılır ki, Prezidentin ayırdığı bir milyion manat əlavə dəstək olaraq ayrılır. Yadınızdadırsa, ilin əvvəlində qəzetlərin maliyyələşmə prinsiplərin dəyişdilər. Qəzetlərin müəyyən bir hissəsinin, gündəlik və həftəlik çıxan qəzetlərin maliyyəsi artırıldı. KİVDF-nin o qədər vəsaiti yox idi, amma qəzetlərə maliyyə vəsaitini ayırdı. Təbii ki, o maliyyə vəsaitinin bir yerdən konpensasiyası lazım idi ki, bunu axıra çatdıra bilsin. Prezidentin ayırdığı bir milyon manat ilin əvvəlində KİVDF-nin qəzetlər üçün ayırdığı və artırdığı vəsaiti konpensasiya etmək üçündür, indi qəzetlərə paylamaq üçün yox. Qəzetlər artıq o pulu alıblar. O pulun bir hissəsin almışıq, ilin axıran kimi də yerdə qalanını alacağıq".
Vüqar Səfərli: "Bəs qəzetlər həmin yardımı hardan alıblar?"
 
Vüqar Səfərli
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Criminal.az-a açıqlamasında bildirdi ki, qəzetlər prezidentin onlara ayrıdığı yardımı artıq ilin əvvəlində alıblar. İcraçı direktorun sözlərinə görə, prezidentin bu il iyulun 22-də qəzetlər üçün ayırdığı 1 milyon manat əvvəl ayrılmış vəsaitə əlavədir:
"Yadınıza gəlirsə, bu ilin aprelində qəzetlərə edilən yardımın məbləği iki dəfə artırıldı. Həmin yardım layihəni icra edən qəzetlərə verilib. Əlavə heç kimə verilməyib. Bu dəfəki yardım bazanın yaradılması üçün əlavədir. Hər il birdəfəlik yardım verilirdi. Həmin yardım bölünürdü, paylanılırdı. Bu dəfəki isə həmin vəsaitə əlavədir. Həmin yardım artıq bölünüb, qəzetlər artıq həmin vasiti alıblar. Bəs qəzetlər həmin yardımı hardan alıblar? 6 aylıq yardım verilib və bu da ona əlavədir. İndi verilən pul əvvəlki yardımın əlavəsidir. Aprel ayından qəzetlərə yardımlar artırılıb, ona görə də, ilin əvvəlində ayrılmış vəsait bəs etmirdi. Bu vəsait ona əlavədir".  

 Ələsgər Əhmədoğlu
Hüquqşünas Ələsgər Əhmədoğlu Criminal.az-a bildirdi ki, bir milyon vəsaitin Milli Mətbuat Günü verilməsinə dair sərəncam imzalanması jurnalistlərə əlavə motivasiya xarakteri daşıyırdı. Bu baxımdan, prezidentin sərəncamı bütün hallarda icra olunmalıdır. Çünki sərəncamlar normativ hüquqi aktlar kateqoriyasındadır və icrası zəruridir.
"Heç kim havadan pul ayıra və bunu konpensasiya edə bilməz"
Ekspertin sözlərinə görə, prezidentin sərəncamının icrasına sahələr üzrə müəyyən olunan qurumlar məsuliyyət daşıyır:''Kütləvi informasiya vasitələrinə dəstəklə bağlı Prezident yanında fond fəaliyyət göstərir. Həmin fond bu sərəncamı icra etməlidir. Fonda təqdim olnunan vəsaiti hansı formada və kriteriyaları müəyyən olunmuş çərçivədə qəzetlərə verməlidir. Vüqar Səfərlinin açıqlaması ilə tanış deyiləm. Amma daha öncə ayrılmış vəsait hökmən hansısa qanuni qaynaqdan və səbəbdən ayrılıb. Heç kim havadan pul ayıra və bunu konpensasiya edə bilməz. Yəqin ki KİVDF-nin öncə ayırdığı vəsaitlər planlı şəkildə, dövlət büdcəsindən daha öncə nəzərdə tutulmuş vəsaitlər hesabına olub. Bu isə əlavədir və əlavə olduğu üçün yəqin ki, ayrıca ödəniləcək. Ola bilsin kimsə, Vüqar Səfərlinin ifadələrini doğru anlamayıb. Düşünmürəm ki, prezidentin 22 iyulda ayırdığı yardım əvvəl verilmiş yardımın konpensasiyası olacaq, bu mümkün deyil. Bu ayrıca sərəncamdır və icra olunmalıdır''.
"Mediaya pəncərələrlə yemək verilməsi, iftar çadırı qurub acları doyuzdurmağa bənzəyir"
Ə.Əhmədoğlu hesab edir ki, qəzetlərə hər il yardım edilməsi birmənalı olaraq ac adama bir dəfə yemək verməyə bənzəyir: ''Əgər bu yardımlar davamlı özünü doyuracaq şəkildə deyilsə, həmin adam yenə də ac qalacaq. Mediaya da pəncərələrlə belə yemək verilməsi, daha çox bir axşam hansısa iftar günü çadır qurub acları doyuzdurmağa bənzəyir. Amma həmin adamın səhəri gün yemək üçün küçələrə düşməsi və ya ac qalması ehtimalı böyükdür. Mediaya bu formada yardımdan çox institusional və texniki dəstək verilməlidir. Məsələn qəzetlərin hazırki formatda qalıb davam etməsi effektiv deyil, amma qəzetlərin bu çərçivədə bu vəsaitlər hesabına hansısa formada transformasiya prosesi, online mediaya transfer olunma prosesi hədəf qoyula bilərdi. Bu çərçivədə onlara hansısa məqsəd və ya meyar müəyyən oluna bilərdi. Tutaq ki, hansı online platforma üzərindən hansı müddətdə hansı traja çatmalıdır, bundan sonra redaksiyanın fəaliyyətini online mühitə daşıyıb gəlirliliyini həmin muhitdə davam etdirməlidir. Qəzetlərin çap və paylanma xərcləri də var, amma online medianın belə xərcləri yoxdur. Online media daha az xərclə daha uzunmüddətli fəaliyyət göstərmək imkanına malikdir''.
Загрузка...
Загрузка...

Xəbər lenti