Yaylağa çıxan icra başçısı töhmət aldı Yaylağa çıxan icra başçısı töhmət aldı

Yaylağa çıxan icra başçısı töhmət aldı
Загрузка...
 Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.  

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi saytında yazılanlardan məlum olur ki, icra başçısı turizmi inkişaf etdirmək üçün aprelin 18-də yaylağa çıxıb. Sayda verilən məlumatda deyilir ki, Prezident İlham Әliyevin tövsiyәlәrinә әsasәn vә İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib. Mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində "haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. 

Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur. N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. "Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir”.
COVİD 19 pandemiyası ilə əlaqədar aprelin 5-dən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin qaydalarına əsasən, sadə vətəndaşların evdən çıxışına gün ərzində 2 saat icazə verilir. Bunun üçün 8103 nömrəsinə müvafiq SMS göndərmək lazımdır. Bütün idarə və müəssisələrdə iş vaxtı xüsusi karantin rejiminə uyğunlaşdırılıb. Gəzintiyə getmək, piknik və tur təşkil etmək yasaqlanıb. Nahid Bağırov 5 mart 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xəbər lenti