"Polislər oğlumun başına o qədər vurmuşdular ki, neçə yerdən yarılmışdı"

Загрузка...
 ''Həbsdən çıxandan ayyarım sonra narkotiklə şərlədilər''
"Eşidib ki, evə polis gəlib, nə baş verdiyini öyrənmək üçün özü rayon polis idarəsinə getmək istəyib. Buna görə yol kənarında dayanıb taksi gözləyəndə polislər gəlib, qandallayıb, maşına basıb, aparıblar. Orada döyüb, işgəncə verib boynuna ittihamı narkotik qoyublar, ordan "Bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi nəzərdə tutulur - red), sonra da Bakı İstintaq Təcridxanasına aparıblar”.
Ötən ilin sentyabrında Agstafanın Dağ Kəsəmənli kənd sakini Natiq Cəfərov narkotik ittihamı ilə həbs olunub. Ailə üzvləri Meydan TV-yə Natiq Cəfərovun şərləndiyini iddia edir.
"Evdə nə axtardılarsa, tapmadılar”
Anası Elzima Sultanovanın sözlərinə görə, ötən il sentyabrın 21-də bir neçə maşınla yaşadıqları ünvana gələn polislər Natiqi soruşublar. Həmin vaxt Natiq evdə olmayıb. Polislər məhkəmə qərarı göstərmədən evdə axtarış aparıblar. Nə axtardıqlarını isə ailə üzvlərinə deməyiblər:
"Evin altını üstünə çevirdilər, ancaq nə axtardıqlarını demədilər, heç nə də tapmadılar, çıxıb getdilər. Biz həmin vaxt Natqlə əlaqə saxlayıb baş verənləri ona dedik. O da heç nə anlamadı, dedi ki, indi polisə gedib niyə gəldiklərini aydınlaşdıraram. Dağ Kəsəmənlidə "keçid” deyilən bir yer var, orda maşını xarab olub, düşüb yol taksisi gözləyib ki, minib rayon polisinə getsin. Bu vaxt həmin ərazidən keçən polislər Natiqi yol kənarından götürüb, qollarını qandallayıb aparıblar”.
"Polisə gedən özü ilə heroin götürərdi?”
Ana deyir, oğlunu bir gün Ağstafa Rayon Polis Şöbəsində saxlayıblar. Növbəti gün xəbər tutublar ki, o, Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb:
"Guya üstündən heroin tapılıb. Birincisi, mənim oğlumun heç vaxt narkotiklə əlaqəsi olmayıb. İkincisi, polisə gedən adam özüylə üstündə heroin aparardı? Heroin Ağstafa polisində işgəncəylə və saxta hal şahidlərinin ifadələri ilə oğlumun adına sənədləşdirilib. Natiqə çox işgəncə verilmişdi, başına o qədər vurmuşdular ki, neçə yerdən yarılmışdı. Böyrəklərinə, ciyərlərinə o qədər təpik, "dubinka” dəymişdi ki... İndinin özündə də ciyərləri, öd kisəsi pis vəziyyətdədi. Aldığı zədələrdən əməliyyata ehtiyacı var, nə biz həbsxanaya cərrah apara bilirik, nə də özləri edirlər...”
"Laboratoriya rəisi olanda silahla şərlənib”
Natiq Cəfərovun 39 yaşı var. Kənd Təsərrüfatı Akademiyasının (Dövlət Aqrar Universiteti) İstehlak Mallarının Ekspertizası fakültəsini bitirib. 10 ilə yaxın Qazax rayonu, aqrokimya laboratoriyasının müdiri işləyib. İlk dəfə qanunsuz odlu silah ittihamı ilə həbsdə olub. Həbsdən çıxandan ayyarım sonra şərlənib:
"2015-ci ilin dekabrında hələ laboratoriya müdiri olanda tutdular, odlu silah ittihamı ilə 3 il iş verdilər. O, şər deyildi. Günahə vardı, cəzasını aldı. 2 il 8 ay həbsdə qaldı, 2018-ci ilin avqustunda azadlığa çıxdı. Ayyarım sonra – sentyabrda şərlədilər. Ağstafa polisi buraxmaq üçün pul istədi, biz də pul vermədik. Natiq özü də pul tapıb verməyimizə razı olmadı, çünki bilirdi ki, günahsızdır”.
"Bağışla, narkotiki cibinə mən atdım”
Ananın iddiasına görə, oğluna Ağstafa polisində işgəncələr verilib: "İşgəncə veriblər, deyiblər, bu narkotiki üstünə götürməsən, aparıb ananın yatağına atıb, ordan "tapacağıq”. Oğlum bircə ona görə götürüb boynuna... Natiq deyir ki, sentyabrın 21-də aparanda heç nə etməyiblər, sabahı gün işgəncələr, narotika, yalançı hal şahidləri... İşgəncələrdən sonra deyiblər, əlini sal, arxa sağ cibindəki narkotiki çıxart, o da deyib, kim qoyubsa, özü də çıxartsın. Orda bir serjant olub, oğlumdan üzr istəyib, deyib, Natiq, bağışla, məni məcbur elədilər, atdım cibinə, həbsdən buraxılanda sənə qonaqlıq verəcəm”.
Ananın sözlərinə görə, rəsmi qurumlara bəlkə yüzdən çox məktub yazıblar, gələn cavabsa yalnız bundan ibarət olub ki, "məktubunuz ünvana çatdı...”
Saxtakarlıq
62 yaşlı Elzima xanım oğlu tutulan gündən xəstəlik tapdığını, əl-ayağının tutulduğunu deyir. Ananı narahat edən səbəblərdən biri də 7 ay ərzində istintaq müddətinin iki dəfə uzadılması, işin məhkəməyə göndərilməməsidir:
"Biz bunların qanunsuzluğunu, oğlumu şərlədiklərini sübut edəndən sonra düşünüblər ki, onun üstünə başqa nə cinayətlər yıxsınlar... Onlar işi belə rəsmiləşdiriblər ki, guya Natiqi sentyabrın 22-də saxlayıblar, üstündən narkotik aşkar ediblər. Çünki əvvəldən narkotik həmin tarixə rəsmiləşib, sonradan düşünüblər ki, narkotik ayın 22-də rəsmiləşəndə, yalanlarının üstü açılır. Belə çıxır ki, vətəndaşı polisdə bir gün saxlayandan sonra ciblərini axtarıblar. Ona görə də məcbur olublar saxtalaşdırma aparsınlar. Ancaq baş tutmayıb. Çünki oğlum tutulan gün – yəni sentyabrın 21-də atası DİN 102 xidmətinə zəng edib, məlumat verib, qeydiyyata alınıb. Bu, üzə çıxanda çıxılmaz duruma düşdülər. Saxtakarlığın içində batırlar. İndi də çalışırlar ki, Natiqin üstünə daha ağır cinayətlər atsınlar, öz saxtakarlıqlarını ört-basdır eləsinlər. Başqa saxtakatlıq da odur ki, aktda göstərilib, guya Natiqin üstündən tapdıqları maddəni Gəncəyə ekspertizaya göndəriblər, laboratoriyada yoxlanılıb, heroin olduğu təsdiqlənib. Aktda qeyd olunmuş saat fərqinə baxanda, məlum olur ki, bunlar bütün bu işləri 20 dəqiqəyə görüblər. Yəni 20 dəqiqəyə Ağstafadan Gəncəyə laboratoriyaya gedib maddənin tərkibini yoxlatdırıb qayıdıblar”.
Ağstafa Rayon Polis Şöbəsindən bildirilib ki, ötən ilin sentyabrında saxlanılan Dağ Kəsəmənli kənd sakini Natiq Cəfərovla bağlı istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi apardığından hər hansı məlumat verə bilməzlər. Polisdən ailə üzvlərinin işgəncə, rüşvət istənilməsi, sənədlərin saxtalaşdırılması ilə bağlı deyilənlər də təkzib olunub. Bildirilib ki, ailənin polislə bağlı belə iddiaları var idisə, şikayət edə, araşdırma tələb edə bilərdi.
Загрузка...
Загрузка...

Xəbər lenti