“Polislər dedilər ki, əgər telefonun kodunu verməsən, dubinkanı arxana soxacağıq”

“Polislər dedilər ki, əgər telefonun kodunu verməsən, dubinkanı arxana soxacağıq”
Загрузка...
 "Müsəlman Birliyi” Hərəkatının üzvü polis idarəsində işgəncəyə məruz qaldığını deyir
Xüsusi karantin rejiminin tətbiqindən sonra ölkədə həbs olunan fəallar arasında "Müsəlman Birliyi” Hərəkatının üzvləri də var. Onlardan biri - 25 sutkalıq həbs cəzası alan Hikmət Ağayev prokurorluğa şikayət edib. İnanclı gənc şikayətində günahsız olduğunu vurğulayıb. Xətai Rayon Polis İdarəsində döyülməsi, zorlanmaqla hədələnməsi barədə yazaraq, ona işgəncə verənlərin cəzalandırılmasını istəyib:
"11 apreldə saat 15.00 radələrində icarəyə götürdüyüm meyvə-tərəvəz dükanında idim. Koronavirusla əlaqədar işsiz olan bir neçə ehtiyaclı ailə zəng etmişdi. Onlara müəyyən qədər meyvə-tərəvəzi təmənnasız vermək üçün hazırladım. Bu vaxt iki maşın polislər gəldilər. Onlar mülki geyimdə idilər. Əllərimi qandallayıb, telefonumu aldılar. Məni Xətai Rayon Polis İdarəsinə apardılar. Üçüncü mərtəbəyə qaldırıb, pilləkəndən sağa dönəndə birinci otağa saldılar. Polislərdən birinin adı Hikmət idi. Dedilər ki, telefonun kodunu açım. Açmadım. Dörd nəfər əllərim qandallı vəziyyətdə məni ayaqla, dəyənəklə döyməyə başladılar. Yerə yıxdılar. Mənə dedilər ki, əgər kodu verməsən, dubinkanı arxana soxacağıq. Mən şalvarımın çıxarılmasına imkan vermirdim. Qandallı vəziyyətdə əllərimlə şalvarımı tutub saxlamışdım. Qışqırırdım. Qapı açıldı və bir nəfər dedi ki, dubinkanı arxasına soxub, videoya çəkəcəyik. Bu zaman mən özümdən getdim. Bundan sonra məndən əl çəkdilər. Məni ayıldandan sonra hamama apardılar, üzümü yumağa imkan verdilər. Otağa gətirib, mənə "volokardin” verdilər. Sonra yenə telefonun kodunu istədilər. Verməyəndə yenə döyməyə başladılar. Gördülər ki, yenə özümdən getdim. Tam əl çəkdilər. Sonra idarənin rəisinin yanına apardılar. Dedi ki, niyə camaata yardım paylayırsan? Səni kim maliyyələşdirir? Dedim ki, heç kim maliyyələşdirmir, Allaha xatir insanlara kömək edirəm. Sonra məni 36-cı polis bölməsinə gətirdilər. Bir sutka betonda saxladılar. Sonra yenə döyməklə, ailə üzvlərimlə hədələyib, bir izahata qol çəkdirdilər. Məcbur edib, telefonun kodunu aldılar. Oradan yazışmaları götürdülər. Hazırda sağ əl barmağım sınıb, şişib. Sağ qulağım eşitmir...”
H.Ağayev Xətai Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarıyla 25 sutkalıq həbsə göndərilib. O, İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimini pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. H.Ağayevin yaxınları Meydan TV-yə bildirib ki, o, həbsindən bir gün əvvəl – aprelin 10-da ehtiyaclı ailələrə yardım aparanda onu polislər saxlayıb, karantin rejiminin pozulmasına görə 100 manat cərimələmişdi. Aprelin 11-də o, evdən işə gedib, günorta saat 16.00 radələrindən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Yaxınları H.Ağayevin iş yerinə gediblər, amma mağazanın qapısının bağlı olduğunu görüblər. Ancaq avtomobili mağazanın qarşısında olub.
Aprelin 11-də axşam saatlarına qədər H.Ağayevin hara aparılması haqda heç bir xəbər ala bilmədiklərini deyən ailə üzvləri sonradan onun Xətai rayonu, 36-cı polis bölməsində olduğunu öyrəniblər: "Amma demədilər ki, bu adamı niyə tutub gətiriblər”. İnanclı fəalın atası Xeyrulla Ağayevin sözlərinə görə, aprelin 12-də Xətai Rayon Məhkəməsilə əlaqə saxlayıb, onun işinə baxılıb-baxılmadığını soruşublar. Onlara bildirilib ki, onun məhkəməsi aprelin 13-də keçiriləcək.
Aprelin 13-də isə öyrəniblər ki, bir gün əvvəl H.Ağayevin haqqında 25 günlük inzibati həbs qərarı çıxarılıb və o, artıq təcridxanaya göndərilib. Daxili İşlər Nazirliyi əsassız həbslər və polis orqanlarında saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddiaları rədd edir. "Müsəlman Birliyi” Hərəkatının başqa bir üzvü Samir Babayev də hazırda inzibati həbsdədir. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsilə 30 sutka həbs cəzası alıb. S.Babayev həbsindən bir gün öncə hərəkatın başqa gənc üzvlərilə birlikdə metronun "28 May” stansiyasının qarşısında epidemiya əleyhinə mübarizə məqsədilə əhaliyə pulsuz maskalar və koronavirusdan qorunmağın yolları yazılmış bukletlər paylayıb. Elə buna görə də polislər onları saxlayıb. Təşkilatın sədr müavini Elçin Qasımovun dediyinə görə, saxlanılanlar sonradan sərbəst buraxılsa da, gecəyarısı S.Babayev yenidən polis bölməsinə çağrılıb. Deyilib ki, yaddan çıxan bir sənədi imzalamalıdır. O gecə polisə gedən inanclı gənc geri qayıtmayıb. Martın 22-də isə Sabunçu Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.
"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrora çağırış, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbsə məhkum ediliblər. Amma inanclı fəallar özlərini təqsirli bilmir, hökumətin siyasətini, korrupsiyanı tənqid etdiklərinə görə saxta ittihamlarla cəzalandırıldıqlarını deyirlər.

Xəbər lenti