Polisi mütrüfləşdirənlər kimlərdir?

Polisi mütrüfləşdirənlər kimlərdir?
Загрузка...
Məmuriyyətin artistləşməsi mədəniyyətə sevgidən deyil, mədəniyyətin deqradasiyaya uğramasından irəli gəlir. Sənətin ölməsi insanın müflisləşməsidir, cəmiyyətin dayazlaşması, əqidənin sönükləşməsidir.
Tarixdə, bütün inqilabları SƏNƏT yaradıb, sənətin doğduğu insan yaradıb. Və, tarixin heç bir dönəmində sənətkar şaha baş əyməyib, baş əyən, "sənət"i hakim hüzuruna gətirən sənətkarlıqdan çıxıb, sənətilə hüzura gəlib, təlxək kimi ayrılıb.
Sənət, sifarişçilərin əlinin çatmadığı nöqtədə, alverçilərin olmadığı bazardadır. Tarixdə millətimizin ən böyük kişiləri məhz sənət üfüqlərində doğulub. Nizaminin, Füzulinin, Nəsiminin şahın hüzurunda şeir deməyi ağılasığmaz göründüyü kimi, Xanın, Sara xanımın, Şövkət xanımın dövlət tədbirlərində ifaları da təbii görünür. Lakin, Xanın Mircəfər Bağırovla atdığı nərdin dalınca onun sənətini davam etdirmək üçün əlinə qaval alanların ən yeni nəsli onun şərəfləndirdiyi sənəti ev-ev, eyvan-eyvan gəzdirir, siyasətçilərin qarşısına zər yox, gül atır, hətta siyasətçilərin də yox, onların əmrində olanların...
Qətiyyən, heç kim elə başa düşməsin ki, polislə vətəndaş arasında münasibətlərin incəlməsinin, yaxşılaşmasının tərəfdarı deyiləm, əlsa... Həmişə demişəm, polis bu dövlətin dayaqlarındandır. Lakin, son 20 ildə aparılan işlər, görülən tədbirlər polisin gözdən salınmasına xidmət edir. Son aylarda qarşılaşdığımız quru, bayağı, yersiz təbliğat isə polisin onsuz da yaxşı olmayan imicinə bir az da zərbə vurdu. Artıq, Azərbaycan vətəndaşının düşüncəsindəki polis portreti şəhərin mərkəzindəki etiraz aksiyasında -əəə, bura gəl, əəə- deyib vətəndaşın boynunu buran polis zabitidir.
Təəssüf ki, vətəndaşlarımızın böyük hissəsi polisi kobud, rüşvətxor, şərçi və.s kimi qəbul edir ki, bunun da zərəri elə vətəndaşın özünə dəyməkdədir. Vilayət Eyvazovun, nazir gələndən sonra videoçarxlar çəkdirib polisi "yaxşı" təqdim etmək cəhdi daha yersiz görünür. Çünki, bu işin təməl prinsipləri mövcud deyil.
Əgər, polisin fəaliyyətinin əsasını vətən amalı, vətəndaşın təhlükəsizliyi təşkil etsə və polis bu vəzifəni səmimi şəkildə həyata keçirsə cənab nazirin videoçarx, reklam çəkməyinə ehtiyac qalmaz. Amma, vətəndaşa qarşı şiddət göstərən polisin təbii şəraitdə çəkilmiş yüzlərlə videosu olduğu halda onu təcili yardım həkiminin çantasını götürməyə məcbur edib, axırda söyüş söyəcək qədər tıncıxdırmağa və belə videolarla o boyda orqanı biabır eləməyə nə hacət? Maraqlıdır, bu ideyaları hansı "ağıllı" verir?
Bir də görürsən binanın həyətində dövlət himni səsləndi, iki-üç polis əməkdaşı fərəqət duruşunda dayandı və kənardan bunu hansısa polis zabiti və ya zabitləri çəkib, sosial şəbəkələrdə yaydı. Məyər, bu da polisin işinə aiddir? A kişi, ayıbdı, özünüz cəhənnəmə, polisi biabır eləməyin! İllərlə üstü açılmayan cinayət hadisələri dura-dura bu polis zabitlərinin hərəsinin əlinə bir andır verib, niyə salmısınız küçələrə? Qoyun, gedib işləri ilə məşğul olsunlar də...
Elə, bu axırıncı videogörüntülərdəki manıslar... Onların işi oxumaqdır, niyə qınamalıyıq ki? Ha, toyxana, ha eyvan... Pulunu ver, gəlib lap çimərlikdə oxusunlar. Amma, onları kimlərinsə mənzilinə soxub, karantin qaydalarını pozmaq, məhəllədə güya xidmət aparan polislərin onların səsinin ahəngiylə gəlib, eyvanların önündə dayanması, əl çalması o artistlərdən daha çox polisi artistləşdirdi. Axı, bu vəzifə sahiblərinin kifayət qədər şərəfli vəzifəsi var ki, onu son aylar ərzində görməkdəyik. Üzərinə düşən daha ciddi vəzifələri yetərincə həyata keçirə bilməsə də, polis karantin rejimi tətbiq olunan bu günlərdə sözün həqiqi mənasında fədakarlıq edir. Qızmar günəşin altında, qaynar asfaltın üstündə bu məmləkətin insanları üçün alqışalayiq xidmət...
İçində nə qədər vəzifə səlahiyyətlərini aşan, kobudluq edən fərdləri olsa da, bu günlərin ən böyük qəhrəmanı polisdir! Və, bunu hamı görür, duyur, bilir, qəbul edir. Bəs, bu, minbir əziyyətlə qazanılan həqiqi hörməti adi videolarla dəyərsizləşdirənlər, polisi mütrüfləşdirənlər kimlərdir? Necə sualdır, cənab nazir?! Məncə, polis özü hörmət qazana bilər, siz onun içindəki artistləri ayırd edərək, orqandan xaric etsəniz, yetər. Əgər, Azərbaycana və onun polisinə həqiqətən xidmət etmək istəyirsinizsə... Sonda, mən də sənə -yaşa!- deyirəm, Azərbaycan polisi, amma öz adınla yaşa, polis adınla, artist kimi yox! 
 
Vasif Qurbanzadə
Qarabağ Hərəkatının başqanı

Xəbər lenti