Polisi döyməkdə ittiham olunan deputatın məhkəməsi başlayır

Polisi döyməkdə ittiham olunan deputatın məhkəməsi başlayır
 Eldəniz Səlimovun işi üzrə istintaq yekunlaşıb
Xaçmazda "Starıy dvor” restoranında polisi döyməkdə təqsirləndirilərək həbs olunan deputat Eldəniz Səlimov yaxın günlərdə hakim qarşısına çıxarılacaq. Baş Prokurorluğun İstintaq İdarəsində onun işi üzrə gedən araşdırmalar başa çatıb. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iş materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldəniz Səlimov avqustun 3-də həbs olunub. 45 yaşlı deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb. Eldəniz Səlimov əməlinin yanlış olduğunu etiraf edərək, avqustun 2-də üzr istəsə də, yaydığı açıqlamada bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu vurğulamışdı: "Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəb, təhdid və təzyiqlər də olub”.
1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, 2020-ci ilin fevralında keçirilən son parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma bu ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Xəbər lenti