Polis 113 kiloqram narkotik tutub

Polis 113 kiloqram narkotik tutub
Загрузка...
Azərbaycanın İranla sərhədində Araz çayını qanunsuz keçməklə 113 kiloqram narkotik maddəni Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirən şəxslər saxlanılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin İmişli rayonu Bəhrəmtəpə-Biləsuvar magistral yolunda həyata keçirdiyi əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran vətəndaşı Əli Şəhriyari saxlanılıb.
"Onlardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək, 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Tədbir zamanı İran vətəndaşından həmçinin 1 ədəd tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb. Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.”
Nazirliyin məlumatında deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əli Şəhriyarı və Enibar İsmayılov tutularaq istintaqa cəlb olunub. Xəbərdə narkotikin Azərbaycanda kimə və ya kimlərə çatdırılacağı ilə bağlı məlumat verilmir. Öz növbəsində, narkotik qaçaqmalçılığında günahlandırılan şəxslərin vəkilləri və ya ailə üzvləri onların saxlanılmasının səbəbləri ilə bağlı hələ şərh verməyib.
Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Son illər ərzində hüquq-mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb. İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, İranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.

Xəbər lenti