Pilotun həyat yoldaşı: "mənə başsağlığı verməyin" - FOTO

Pilotun həyat yoldaşı:
Загрузка...

Aprelin 2-dən bu yana pilot, mayor Urfan Vəlizadənin aqibəti ilə bağlı ailəyə hər hansı rəsmi məlumat verilmir

Aprelin 2-nə keçən gecə təmas xəttində başlayan "qızğın atışmalarda" vurulan Mi-24 helikopterinin pilotları ilə bağlı bu günə qədər ailələrinə məlumat verilmir, pilotların ailəsi BBC Azərbaycancaya deyib. "Bizə hadisə baş verən gün gəlib başsağlığı verdilər ki, şəhid olublar. Sonra da gecə saat 4-də gəldilər üzr istədilər ki, bəs məlumat təsdiqlənməyib, bağışlayın", pilot Urfan Vəlizadənin qaynatası, Nəriman Əsədov onların sağ və ya həlak olmasından hələ də xəbərsiz olduqlarını deyir. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin hərbi mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopterinin vurulmasını təsdiqləsə də, pilotlarla bağlı hər hansı rəsmi məlumat verilmir. Ermənistan tərəfi də bu hadisə ilə bağlı hər hansı şərh verməyib.Pilotların ailələrinin dediyinə görə, vurulan Mi-24 helikopterində Azərbaycan Hərbi Hava Qüvvələrinin mayorları, Urfan Vəlizadə və Təbriz Musazadə olub.

"Başsağlığı verməyin"

"Urfan mənə söz verib, gəlib dərmanlarımı alacaq", pilotun atası, Üzeyir dayı oğlunun gözləyir 37 yaşlı mayor Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışır. Ali təhsilini bir sıra xarici ölkələrdə alıb. İki övladı var. Böyük qızı 8, kiçiyi isə 1 yaşındadır. Pilotun ailəsi ilə məhəllədə qurulan çadırda görüşdük. Gəlib gedən insanların çox olması səbəbindən Nizami rayon İcra başçısının göstərişi ilə həyətdə çadır qurulub. Pilotun həyat yoldaşı deyir ki, sonuncu dəfə aprelin 2-si, səhər tezdən telefonda danışanda Urfan "Könül, narahat olma burda yaxşılıqdır", deyərək onu "axşama gözləməyi" xahiş edib. "Həmin gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də saytdan oxudum ki, helikopter vurulub. Ufranın da şəklini qoyublar", pilotun həyat yoldaşı BBC Azərbaycancanın müxbirinə danışır.

Həmin gün hərbi nümayəndələrin "başsağlığı xəbərinə" edilən düzəlişdən sonra ailəyə bu günə qədər hər hansı "rəsmi məlumat verilməyib". Çadıra gələn insanlara "mənə başsağlığı verməyin" deyə etiraz edən pilotun həyat yoldaşı inanır ki, indiyə qədər keçdiyi təcrübə Urfanı düşdüyü ərazidən də "sağ salamat çıxmasına kömək olacaq". "Urfan bu ilin avqustunda pensiyaya çıxacaq. Ərizəsini də bir neçə ay əvvəlcədən yazıb", pilotun bacısı da onun "yoxluğuna" inanmaq istəmir və tezliklə sağ qayıdacağına "ümid edir".

"Ehtimallar"

Hər iki pilotun yaşadığı ərazidə insanları qəbul etmək üçün çadır qurulub

Hər iki pilotun yaşadığı ərazidə insanları qəbul etmək üçün çadır qurulub 35 yaşlı pilot, mayor Təbriz Musazadə Urfanın həm qohumu, həm də yaxın dostudur. Ailəlidir və iki övladı var. "Burada İcra başçısı gətirib çadır qurdurub. Bilmirik niyə qurub. Kim ölüb ki?", - deyə pilotun qardaşı Ruslan sual edir.

Pilotun ailəsi ehtimal edir ki, hadisə baş verən gün Təbriz də Urfanla birlikdə eyni helikopterdə olub. "İş yoldaşlarının dediyinə görə, Təbriz deyib ki, mən Urfan qardaşımla uçacam. Onu tək qoya bilmərəm", pilotun qohumu deyir. Təbrizlə bağlı rəsmi məlumat əldə edə bilməyən ailə sosial şəbəkələrdə yayılan videolara əsasən onların hər ikisinin sağ olduğunu "ehtimal edir".

"İnternetdə yayılan videoda görünür ki, helikopter dağılıb. Amma sonradan iki nəfər helikopterin yanında sağ salamat görünür", ailənin yaxın qohumu pilotların "neytral zonada olmasını" ehtimal edir. Ancaq pilotun ailə üzvlərinə rəsmi məlumat verilmədiyinə görə onlar yalnız "ehtimallarla yaşayır".

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 15, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir. Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.

Criminal.az

Xəbər lenti