Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi

Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
 İlahiyyatçı vətənə xəyanətdə ittiham olunur
Azərbaycan İslam Partiyasının sədr əvəzi, dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı İlham Əliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində prokuror çıxış edərək, ilahiyyatçının 18 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Əliyevlə birlikdə mühakimə olunan Mehman Rzayevə isə 16 il həbs cəzası verilməsini təklif edib.
Prokuror çıxışında bildirib ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə irəli sürülmüş ittiham məhkəmə araşdırması zamanı şahid ifadələri və başqa dəlillərlə sübuta yetirilib. Onlar pul müqabilində İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, casusluq etməkdə təqsirləndirilirlər. İlham Əliyev və Mehman Rzayev isə ittihamı qəbul etmir, cinayət işində yazılanların yalan, özlərinin də təqsirsiz olduqlarını bildirirlər. Aprelin 12-də məhkəmədə vəkillər çıxış etməli, təqsirləndirilən şəxslər son sözlərini deməli, ardınca da hökm oxunmalıydı. Lakin məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, səbəb bu işə baxan üç hakimdən birinin koronavirusa yoluxmasıdır. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da uzun illərdir həbsdədir. O, 12 il azadlıqdan məhrum edilib. 2011-ci ildə Mövsüm Səmədovun dövlət çevrilişinə cəhd ittihamıyla həbsindən sonra birinci müavini İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb. Mövsüm Səmədov da təqsirsiz olduğunu, sifarişlə həbs edildiyini deyir.
İlham Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağrılıb və dövlətə xəyanət ittihamıyla həbs edilib. Azərbaycan İslam Partiyası 1991-ci ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçib. 1995-ci ildə partiyanın sədri Əlikram Əliyevin həbsindən sonra məhkəmə qərarıyla partiyanın qeydiyyatı da ləğv olunub.

Xəbər lenti