Polis azərbaycanlı qadına Rusiyada belə divan tutdu...

Polis azərbaycanlı qadına Rusiyada belə divan tutdu...
Загрузка...

Sankt-Peterburqda azərbaycanlı qadının başına gələn dəhşətli hadisə Rusiya internet resurslarında artıq bir neçə gündür ki, qızğın müzakirə olunur.

Criminal.az virtualaz.org saytına istinadən xəbər verir ki, insident bir müddət öncə - yayda baş versə də bu məsələ Rusiyanın “Novaya qazeta” nəşrinin araşdırması sayəsində yalnız indi gündəmə gələrək aktuallaşıb.

Söhbət polis baş leytenantı Roman Tolpeyevin İradə Rəcəbəliyeva adlı azərbaycanlı sahibkar qadına divan tutmasından gedir. Məsələ burasındadır ki, polis tərəfindən vəhşicəsinə döyülmüş qadın bu fakt üzrə cinayət işi açılmasına nail ola bilmir.

Onun 47 yaşı, əri, iki uşağı, yaxşı işi var. İradə Rəcəbəliyeva 18 yaşından Rusiyada yaşayır. Azərbaycandan əvvəlcə Kareliyaya köçüb, orada tibb texnikumunu bitirib. 12 il xəstəxanada tibb bacısı işləyib.

2000-ci illərin əvvəllərində İradə Rəcəbəliyeva ailəsi birgə Peterburqa köçüb. Burada bizneslə məşğul olublar. Ər-arvad Rəcəbəliyevlərin Piterdə ərzaq mağazası və “Sosnovka” adlı kafesi var.

İlk baxışda hər şey yaxşı idi. Məmnunluq doğuran bu sakit vəziyyət 2015-ci ilin iyuluna - baş leytenant Tolpeyevlə üz-üzə gələnə qədər davam etdi.

Bu qarşılaşma adi qaydada da başa çata bilərdi: küçə ticarətinə görə (yay olanda İradə Rəcəbəliyeva mağazasının qabağında çadır quraraq meyvə-tərəvəzi orada satırdı) cəriməni ödəyərdin, vəssalam. Lakin başqa cür alındı.

İyulun 6-da Rəcəbəliyevanın satıcısı işə çıxmadığı üçün piştaxta dalında özü dayanmalı olmuşdu.

“Saat təxminən 14:45-də mağazaya mal gətirdilər. Köhnə müştərim Maşanı piştaxta dalında qoyub bir neçə dəqiqəliyə çıxdım. Mən mal gətirənlərlə söhbət edəndə Maşa çığırıb məni çağırdı: “İradə, polislər gəlib”.

Qayıdıb gəldim. Qarşımda cavan bir oğlan dayanmışdı. Qışqırdı ki, satıcını çağırın. Dedim satıcı mən özüməm. Oğlan dərhal dönüb yeşiyin üstündəki tərəzini götürdü. Alver pulları da yeşiyin içində idi. Mən ondan niyə belə etdiyini soruşdum və tərəzini əlindən almağa çalışdım.

Tolpeyev bu dəm bağıra-bağıra üstümə hücum çəkdi, gözümdən bir yumruq vurdu. Sonra məni amansızcasına döyməyə başladı. Əllərimi tutub saçımdan yapışdı. Daha sonra maşında oturan dostlarını da köməyə çağırdı.

Ətraf adamla dolu idi. Öz uşaqlarım da yaxınlıqdakı kafedə oturmuşdu. Hamı bu mənzərəni görüb qışqırırdı. Onlar isə məni döyür və sürüyürdülər. Sanki hansısa qorxunc cinayətkar idim. Məndən nə sənəd istəmədilər, nə də öz adlarını, kim olduqlarını demədilər.

Tolpeyev məni maşına oturtmazdan qabaq başımı qəsdən maşının kapotuna çırpdı. Nə baş verdiyini anlaya bilmirdim. Heç nə demirdilər, heç bir izahat vermirdilər. Mən onların maşınına minəndən sonra Tolpeyev qaz balonundan gözümə nəsə püskürtdü. Nə görə, nə də nəfəs ala bilmirdim. Sonra uşaqlarımı da maşına basdılar. Onlar isə hey qışqırır və bizi buraxmaqlarını xahiş edirdilər. Bunu görən polislər həmin qaz balonundan uşaqların da üzünə nəsə püskürtdülər” - deyə İradə Rəcəbəliyeva başına gələnləri nəql edib.

İ.Rəcəbəliyeva deyib ki, onu və yetkinlik yaşına çatmayan uşaqlarını - oğlunu və qızını Peterburqun 36-cı polis bölməsinə aparıblar: “Demək olar ki, aparan kimi də qollarımıza qandal vurdular. Buna da heç bir izahat vermədilər. Ağrıdan artıq hissiyyatımı da itirmişdim, nə baş verdiyini hiss etmirdim. Yalvarırdım ki, heç olmasa uşaqları buraxın. Qaz onlara pis təsir etmişdi.

Tolpeyev bu xahişimə belə cavab verdi: “Qancıq, ağzını yum. Yoxsa səni güllələyərəm”.

Sonra uşaqları harasa apardılar. Tolpeyev isə məni sürüyə-sürüyə növbətçi hissə ilə üzbəüz otağa apardı, orada təhqir elədi. Daha sonra isə məni yenə sürüyüb başqa otağa apardı. Orada döşəməyə uzadıb təpiklə başıma, bədənimə zərbələr endirməyə başladı”.

Rusiya nəşri yazır ki, baş leytenant Tolpeyev bu “profilaktik söhbət”dən sonra Rəcəbəliyevanı növbətçi hissəyə qaytarıb. Qadın burada əli qandallı vəziyyətdə haradasa iki saat oturub gözləməyə məcbur edilib.

İ.Rəcəbəliyeva huşunu itirməyə başladığını hiss edincə növbətçi polisdən təcili yardım çağırmağı xahiş edib. Sağ gözü zədələndiyi üçün onu əvvəlcə oftalmoloji mərkəzə, oradan isə Marinsk xəstəxanasına aparıblar. Xəstəxanada Rəcəbəliyevaya hematoma, sağ gözün kontuziyası, döş qəfəsinin yumşaq toxumalarının zədələnməsi diaqnozu qoyulub.

Rəcəbəliyevanın 17 yaşlı qızı Aytən isə qaz zəhərlənməsi diaqnozu ilə Müqəddəs Olqa şəhər uşaq xəstəxanasına aparılıb. Bunun ardınca Kalinin rayon uşaq travmatoloji xəstəxanasından 36-cı polis bölməsinə belə bir məzmunda telefonoqram gəlib ki, 13 yaşlı Şahin Rəcəbəliyev sol çiyin nahiyəsindəki zədə və qanaxma ilə xəstəxanaya daxil olub.

Daha sonra isə o da məlum olub ki, Rəcəbəliyevanın mağazasından xeyli mal (xiyar, ərik və s. meyvə-tərəvəz dolu yeşiklər) yoxa çıxıb.

“Tolpeyev məni sadəcə olaraq təhqir edir və döyürdü. Qışqıra-qışqıra təhqiramiz formada deyirdi ki, siz qaralar qudurmuşunuz, burada yaxşı qazanırsınız, hər şeyiniz var... Mənim 47 yaşım var. 18 yaşımdan Rusiyada yaşayıram. Bütün bu müddət ərzində yalnız işləmişəm. Dayanmadan işləmişəm. Təhsilimi də burada - Rusiyada almışam. Mənim burada qanunlarla, dövlətlə heç bir problemim olmayıb. Əgər bilsəydim ki bu vəziyyətə salınan axırıncı adam mən olacam, yenə də susardım. Amma məncə, mən bu dəhşəti yaşayan sonuncu adam deyiləm” - deyə İ.Rəcəbəliyeva göz yaşı içində əlavə edib.

“Novaya qazeta” yazır ki, Peterburqun hüquq-mühafizə orqanlarının bu işi ört-basdır etmək istəyi aydın görünür. Onlar sadist polisi məsuliyyətə cəlb etməyə də hazırlaşmır.

Lakin rusiyalı jurnalistlər araşdırmalar zamanı qeyri-adi faktları üzə çıxara biliblər. Məlum olub ki, baş leytenant Tolpeyev sosial şəbəkələrdə özünü monarxist və davakar pravoslav xristian kimi təqdim edir, habelə qafqazlılara nifrətini açıq şəkildə dilə gətirir.

Onun “ВКонтакте” sosial şəbəkəsindəki səhifəsi svastika şəkilləri, Üçüncü reyxin dövlət xadimlərinin fotoları ilə doludur. Tolpeyev səhifəsinə irqçi mətnlər də yerləşdirib və burada hamını aşağılayıb.

“Novaya qazeta”nın jurnalistləri onu da yazıblar ki, Tolpeyevin statusları cinayət haqda rəsmi elan, xəbərdarlıq deməkdir. Onlar hüquq-mühafizə orqanlarından polis zabitinin bu statuslarını diqqətlə araşdırmağı və həmin fikir və çağırışları milli ədavəti qızışdırmaq cəhdləri kimi qiymətləndirməyi xahiş edir.

Bu qəzet materialından sonra polis zabitinin cinayətini ört-basdır etmək çətin ki, mümkün olsun.

Sankt-Peterburq Qanunverici Məclisinin üzvü, deputat Aleksandr Kobrinski virtualaz.org saytının müxbiri ilə söhbətində bildirib ki, o, həmkarı Boris Vişnevski ilə birlikdə Rusiyanın baş prokuroruna müraciət etmək və İradə Rəcəbəliyevanın başına gətirilən müsibəti diqqətlə araşdırmağı tələb etmək niyyətindədir.

“Biz bu insidentin araşdırılmasının nəzarətə götürülməsini tələb edirik. Bu olayın mətbuatda işıqlandırılmasının özü də prokurorluq üçün ciddi əsasdır. Mən bir deputat kimi bu araşdırmanın gedişini izləyəcəyəm” - deyə A.Kobrinski bildirdi.

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü, aparıcı rusiyalı jurnalist, etnomədəniyyət və dini siyasət məsələləri üzrə tanınmış ekspert Maksim Şevçenko da Peterburq polisinin bu özbaşınalığından hiddətlənib.

M.Şevçenko virtualaz.org saytına açıqlamasında bildirdi ki, İradə Rəcəbəliyevaya qarşı bu amansız hücumun diqqətlə araşdırılmasına nail olacaq.

Rusiyadakı Azərbaycan diasporuna gəlincə isə bizimkilərin dərin qış yuxusundan nəhayət ki, ayılmasını və bir azərbaycanlı qadına qarşı zorakılığa etiraz səsini ucaldacağı anı gözləməkdən başqa çarəmiz yoxdur. Onlar hələlik susurlar. “Novaya qazeta” yazsa da bizim diaspor təşkilatlarından hələ heç birinin səsini eşidən olmayıb.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti