"Onu həbs edərkən uşağına işgəncə verilib, iti öldürülüb..." - Məhkəmələrdəki saxta şahidləri ifşa edən məhbusun CİNAYƏT İŞİ

Загрузка...
Əhməd Əliyev həbs olunarkən iti də öldürülüb
"Əhmədin üzünə dayanan şahidlər başqa işlərdə də bir neçə nəfərin əleyhinə ifadə veriblər. Bu adamlar "paykovoy” şahidlərdir. Kimin üzünə dayanmaq lazımdırsa, çağırırlar, saxlayırlar. Vəkili sorğu verdi, məlum oldu ki, həmin şahidlər Nərimanov, Nizami, Binəqədi, Sabunçu və Bakı Ağır Cinayətlər Məhkəmələrində başqa işlərdə də şahid kimi qeydə alınıblar” – Azərbaycan vətəndaşı Əhməd Ramiz oğlu Əliyevin yaxınları Meydan TV-yə açıqlamalarında belə deyiblər.
Onların sözlərinə görə, Əhməd Əliyev həbs olunarkən ona, övladına qarşı zorakılıq törədilib, onlara işgəncə verilib, həyətində iti də öldürülüb: "Əhmədin həbsindən əvvəl o, polis əməkdaşlarının əməllərindən müxtəlif dövlət orqanlarına şikayətlər etmişdi. Ona qarşı qanunsuz hərəkətlərə yol verilməsindən şikayətlənmişdi. Ona görə də üstünə narkotik qoyub həbs etdilər. Bakı Ağır Cinayətlər Məhkəməsində də saxta şahidləri üzünə qoyub barəsində 12 il azadlıqdan məhrumetmə cəzası çıxarılmasına nail oldular”.
Əhməd Əliyevin vəkili Rafiq Hümbətovun Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına təqdim etdiyi apelyasiya şikayətində "paykovoy”şahidlər haqda ətraflı məlumat verilir və hakimlərin diqqətinə həmin şəxslərin şahid qismində məhkəmədə dindirilmələrinin, şahid qismində qəbul olunmalarının qanunla yolverilməzliyi çatdırılır. Əhməd Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə məhkum olunub.
2018-ci ilin mayında həbsindən sonra barəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Ülvi Ələsgər oğlu Novruzov tərəfindən tərtib edilən şəxsi axtarış və götürmənin aparılması protokolunda bu prosessual hərəkətin 15:30-dan 15:50-dək keçirildiyi və 10.13 qram narkotik vasitə heroin aşkarlandığı əks olunur. Şəxsi axtarış və götürmədə hal şahidləri qismində Emin Bahadur oğlu Xəlilov və Elməddin Bayraməli oğlu Zeynalov iştirak edərək protokolu imzalayıblar.
Elməddin Bayraməli oğlu Zeynalov öz izahatında qeyd edib ki, 14.05.2018-ci il tarixdə 17:15 radələrində Sabunçu qəsəbəsindəki "Bravo” marketdən çıxarkən ona polis əməkdaşları yaxınlaşıb. Hal şahidi kimi prosessual hərəkətdə iştirak etmək üçün 12-ci Polis Şöbəsinə dəvət ediblər. Digər Emin Bahadur oğlu Xəlilov isə öz izahatında göstərib ki, 14.05.2018-ci il tarixdə 7:20 radələrində Sabunçu xəstəxanasından çıxarkən ona polis əməkdaşları yaxınlaşıb və hal şahidi kimi prosessual hərəkətdə iştirak etmək üçün 12-ci Polis Şöbəsinə dəvət ediblər. Hər 2 hal şahidi məhkəmə istintaqı zamanı verdiyi ifadələrində izahatlarında göstərdiklərini təsdiq edib.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəşində qeyd olunur ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin də digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Vəkil apelyasiya şikayətində qeyd edir ki, şahidlərin 9 saat fərqlə polis şöbəsinə dəvət olunması vaxt uyğunsuzluğu məsələsini ortaya çıxarır. Buna görə də protokol və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir. Qanunun tələbi belədir. Vəkil məsələni birinci instansiyada qaldırıb və protokolun sübutlar siyahısından çıxarılmasını istəyib.

 
Polis Əhməd Əliyevin oğluna təzyiq edir
Bundan başqa, Emin Bahadur oğlu Xəlilov Əhməd Əliyevin evinə baxış keçirmə haqda protokolu da imzalayıb. Əhməd Əliyevin evinə baxış keçirilərkən Emin Bahadur oğlu Xəlilovla yanaşı Nicat Fərrux oğlu Nərimanov da hal şahidi qismində iştirak ediblər. Hər 2 şəxs 30.04.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zamanı həmin günə qədər heç vaxt hər hansı statusda məhkəmədə iştirak etmədiklərini israrla bildiriblər. Lakin hər 2 şahidin yalan danışdığı faktlarla sübut olunur. Əldə edilmiş məlumatlara əsasən Emin Bahadur oğlu Xəlilov
1. 1(005)-201/2018 iş üzrə şahid qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində;
2. 1(008)-128/2018 iş üzrə şahid qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində;
3. 1(005)-115/2018 iş üzrə zərərçəkmiş şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində;
4. 1(005)-140/2018 iş üzrə zərərçəkmiş şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində;
5. 1(005)-106/2019 iş üzrə zərərçəkmiş şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində;

Nicat Fərrux oğlu Nərimanov isə
1.l(101)-820/2018 iş üzrə şahid qismində Bakı Ağır Cinayətlər Məhkəməsində;
2. l(007)-281/2018 iş üzrə şahid qismində Bakı şəhəri Nizami Rrayon Məhkəməsində;
3. 1(008)-281/2018 iş üzrə şahid qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində;
4. l(001)-258/2018 iş üzrə şahid qismində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məhkəmə proseslərində iştirak ediblər.
"Bu şəxslərin məhkəmələrdə gün keçirmələrini elə Bakı Ağır Cinayətlər Məhkəməsində gizlin saxlamaları özlüyündə durumu çılpaqlığı ilə ortaya qoyur,”- Əhməd Əliyevin yaxınları deyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94.1 maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin məcəllənin 115.1-ci maddəsinə əsasən, "şəxs bu məcəllənin 94.1-ci maddəsində göstərilin tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz”. 

Digər şəkildə də Əhməd Əliyevi həbs edərkən qəfəsdəki itini də öldürürlər
Məcəllənin 115.2-ci maddəsi isə hal şahidinin iştirakının mütəmadi xarakter daşıması hallarını istisna edir. Beləliklə, Emin Bahadur oğlu Xəlilov və Nicat Fərrux oğlu Nərimanovun mütəmadi olaraq cinayət təqibi proseslərində iştirakları onların maraqlı tərəf olmasım göstərir. Vəkil məhkəmədə qeyd olunan səbəblərə istinad etməklə hər iki hal şahidini iştirakı ilə keçirilən istintaq hərəkətlərinin protokollarının etibarsız hesab edilməsini istəyib, məhkəməyə yazılı vəsatət təqdim edib. Hakim vəsatəti təmin etməyib. Əhməd Əliyev ibtidai istintaq dövründə özünün və övladının işgəncəyə məruz qalmasını hakimin diqqətinə çatdırıb. Bildirib ki, ona işgəncə verilib, həyətndə dəmir qəfəsdə olan iti heç bir səbəb olmadan polis əməkdaşları tərəfindən öldürülüb. Məhkəmədə üzə çıxıb ki, Əhməd Əliyev tutulduqdan 23 gün sonra narkoloji müayinədən keçirilib və analiz üçün ondan hər hansı nümunə götürülməyib! Vəkil bunu iş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 971 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinin saxta olmasının sübutu olduğunu hakimin diqqətinə çatdırıb və rəyin sübutlar siyahısından çıxarılması üçün vəsatət təqdim olunub. Lakin bu vəsatət də təmin olunmaylıb. Hazırda iş Bakı Apelyasiya Məhkəməsindədir.
Загрузка...
Загрузка...

Xəbər lenti