“OMON” hadisələrindən 25 il ötür

“OMON” hadisələrindən 25 il ötür
 Martın 17-sində Rövşən Cavadovun başçılığı ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinə ("OMON”) qarşı həyata keçirilən əməliyyatın 25-ci ildönümü tamam olur. Martın 13-dən OMON-la Daxili Qoşunlar arasında gedən silahlı münaqişə Rövşən Cavadovun öldürülməsi, "OMON”çuların təslim olması ilə nəticələndi.
Qeyd edək ki, mart hadisələri 1995-ci il martın 13-də Qazaxda başladı. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum olundu və qanlı döyüş baş verdi. Bununla da mart hadisələrinin əsası qoyulub.
Martın 14-də daxili işlər naziri "OMON”un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq (törətdikləri cinayət əməllərinə görə) və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Əliyev "OMON”çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. Lakin Rövşən Cavadov bununla razılaşmadı. Martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON” qərargahı yaxınlığında başlanan atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülmüş, 105 nəfər yaralanmışdı.
XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.
Mart hadisələri ilə bağlı həbs edilənlərin əksəri siyasi məhbus kimi azadlığa buraxılıb. Lakin "OMON”un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, eləcə də Arif Kazımov, Səfa Poladov, Şəmsi Abdullayev, Dəyanət Kərimov, hələ də həbsxanadadır. Mahir Cavadov isə bir müddət İranda yaşasa da, sonradan Avstriyada siyasi sığınacaq alıb. Rövşən Cavadovun atası, keçmiş prokuror Bəxtiyar Cavadov da neçə il əvvəl vəfat edib. Onun yasında iştirak etmək üçün Bakıya gələn R.Cavadovun oğlu Laçın Moskvaya qayıtdıqdan 3 gün sonra müəmmalı şəraitdə dünyasını dəyişib. 

Xəbər lenti