Oktay Gülalıyevin oğlu: Atama baxan tibb bacılarının maaşı verilmir

Oktay Gülalıyevin oğlu: Atama baxan tibb bacılarının maaşı verilmir
 "Hesab edirəm ki, TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməz”
"Atama gündüz vaxtı baxan tibb bacılarına 3 aydır maaş verilmir. Onlar mayın 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklərini bildiriblər”. Hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülaliyev belə deyir.
Təbriz Gülaliyev bildirir ki, məsələ ilə bağlı tibb bacıları dəfələrlə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət ediblər, ancaq müsbət cavab ala bilməyiblər: "Buna görə də göstərilən müalicəni dayandırmaq məcburiyyətindədirlər. Atama gecəboyu mən və əmim baxmalı oluruq. Əmim yaşlıdır və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığından çətinlik çəkir”.
Təbriz Gülalıyev deyir ki, atasının dərmanlarının alınması ilə bağlı da 5 aydır problem yaşayırlar. Onlara heç bir dövlət qurumu yardım etmir: "Onsuz da atama lazım olan dərmanların alınmasında bəzi narahatlığımız var idi. Tibb bacılarının da bu şəkildə işdən getməsi vəziyyətimizi daha da ağırlaşdırır. Bütün bunlarla yanaşı, atamın durumunda inkişafla bağlı bu günlərdə sizə xoş xəbərlər də vermək istəyirdim. Bildirim ki, atam artıq bizim suallarımıza, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir. Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda, hazırki inkişafda Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə 4 dəfə əməliyyat edilməsinin rolu var”.
Təbriz Gülaliyev deyir ki, qəzadan sonra atasını Türkiyəyə aparanda orda onlara yaşama şansının 20 faiz olduğunu bildiriblər: "Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb. Onun normal həyata geri dönməsi, ayağa qalxması üçün fizioterapiya və davamlı dərmanlara ehtiyac var. Hesab edirəm ki, aidiyyatı qurumlar, o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməz”.
Hələlik, məsələ ilə bağlı TƏBİB-dən münasibət öyrənmək mümkün olmayıb. Hüquq müdafiəçisi Oktay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından ağır zədə alıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. Oktay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. O oktyabrın 31-də "City Hospital"da əməliyyat edilib.
Gülalıyev noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. O, 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib. Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb. Oktay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşdıqlarını söyləyiblər. Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verib. Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Xəbər lenti