Niyə Mahmudov? Niyə indi?

Niyə Mahmudov? Niyə indi?
Загрузка...
Böyük Britaniyanın "The Guardian” nəşri Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznes imperiyasının olduğunu yazıb. Eldar Mahmudovun İngiltərədə sərvətinin üzə çıxması yenidən onu diqqət mərkəzinə gətirib. Keçmiş nazirin sərvətinin məhz indi ortalığa çıxması və onun nüfuzlu media orqanında yayımlanması bəzi suallar ortaya çıxarıb.Niyə məhz vurulan məmurlar və niyə məhz London?Niyə məhz indi?Üstəlik, keçmiş nazirin sərvəti ilə bağlı məlumatın Azərbaycanda hətta hakimiyyətyönlü mediada da geniş şəkildə yayımlanması və bu yaxınlarda həmin keçmiş nazirə bağlılığı ilə ad çıxarmış banklardan birinin bağlanması Eldar Mahmudovun yenidən kimlərsə tərəfindən vurulması versiyasını artırır. Siyasi şərhçi, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu ASTNA-nın "Niyə?” sualına cavab verir.
***
- Ərəstun bəy, Böyük Britaniyanın "The Guardian” nəşri Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznes imperiyasının olduğunu yazıb. İndi hamını bir sual maraqlandırır. Niyə keçmiş nazirin sərvətləri məhz indi ortalığa çıxır?
- İlk növbədə onu qeyd edim ki, üzə çıxan məbləğ Mahmudov ailəsinin sərvətinin ən yaxşı halda 2-3%-i qədərdir. Mahmudov Azərbaycanda istər hakimiyyət ierarxiyasına, istərsə də biznes aləminə mənsub olan bütün zümrələri, təbəqələri hədə-qorxuya məruz qoyaraq, şantaj və təhdid yolu ilə böyük sərvət toplamış şəxsdir. İstisna eləmirəm ki, onun və ailəsinin sərvəti azı 5-8 milyard dollar təşkil edir.
Sadaladığım metodlarla sərvət toplamaqla yanaşı Mahmudovun cinayətkar dəstəsi külli miqdarda gəlir gətirən bir neçə kriminal trasmilli biznesə də nəzarət edirdi. Onun haqqında bu məlumatların indi üzə çıxmasının isə bir neçə səbəbi ola bilər. Siyasi səbəblər, yəni, hakimiyyətdaxili mübarizədə qruplardan birinin Mahmudov bandasından istifadə etmək cəhdi. Belə tendensiyalar əvvəllər də olub, son dövrlər isə daha da qabarıq görünürdü. Düşünürəm ki, İlham Əliyevə təsir edərək Akif Çovdarovun və Sübahir Qurbanovun əfvinə nail olan qruplaşma bunu məhz Mahmudov bandasının imkanlarından yararlanmaq üçün edib. Məhz bu iki şəxsin azad olunması da onu göstərir ki, həmin qərar Mahmudovla müəyyən danışıqlar və anlaşmadan sonra verilib. Amma siyasi təcrübəsizlik bunun indi üzə çıxan və hələ çıxacaq risklərini hesablamağa imkan verməyib.
Sırf nazir fəaliyyətilə bağlı səbəblər də ola bilər ki, bu da Mahmudovun nazir olduğu dövrdə xarici kəşfiyyatlara göstərdiyi xidmətlərin pərdəarxasının indi ya açılması, ya da təsdiqlənməsi ilə bağlı ola bilər. Bu haqda geniş danışmaq istəməzdim. İstisna eləmirəm ki, dünya mediasında bir gün bu məsələlər də az, ya çox dərəcədə öz əksini tapacaq. Şəxsi səbəblər də istisna olunmur, çünki Mahmudovun bandası yüzlərlə insanı özü, ailəsi, uşaqları ilə şantaj edib ki, belə şeylər də heç vaxt unudulmur və münasib zaman, imkan ələ düşən kimi ən amansız şəkildə xatırlanır. Xüsusilə də nəzərə alsaq ki, bu tip məsələlərdə keçmiş MTN hətta özündən də aşağı enə bilmişdi.
- Yəni, məsələnin maraqlı tərəflərindən biri budur ki, hansısa məmurun biznesinin ortalığa çıxması ilk hal deyil. Bundan əvvəl də Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin ailəsinin milyonları barədə məlumatlar açıqlanmışdı. Amma niyə məhz məmurlar vurulduqdan sonra bu məlumatlar tirajlanır? Həmin məmurların vurulmasından sonra bu məlumatların tirajlanması, özü də nüfuzlu beynəlxalq mediada yayılması bunun məqsədli olması ilə bağlı sizdə şübhələr yaratmırmı?
- Hər şeydən əvvəl, deməzdim ki, yalnız vurulan məmurların biznesi, korrupsiya əməlləri üzə çıxır. Dəfələrlə elə bu gün də iş başında olan bir çox məmurun korrupsiya əməlləri dünya mediasında, jurnalist araşdırmalarında öz əksini tapıb, sadəcə, ölkədə onlara reaksiya vurulmuş məmurlara olan reaksiyadan fərqli olub. Daha doğrusu, reaksiya əsasən olmayıb, bir neçə müxalif və müstəqil media bu haqda yazıb, 1-2 gün sosial mediada müzakirələr olub və bununla da mövzu bağlanıb. Odur ki, burada məqsədli bir yanaşma olduğunu demək obyektiv olmazdı. 

Ərəstun Oruclu 
Eldar Mahmudov və Cahangir Haciyevlə bağlı "sızmalar”a və sızan faktların son nəticədə nüfuzlu dünya mediasında yer almasına isə mümkündür ki, Azərbaycanın daxilindən də təşəbbüs göstərilib. Bunun nə dərəcədə rasional və əlverişli olması isə başqa mövzunun predmetidir. Hakimiyyət savadsızdır, onun təhlil institutları yoxdur, qərarları bir çox hallarda spontan və impulsiv şəkildə qəbul olunur, ona görə də atdığı addımların bütün mümkün çıxarlarını hesablaya bilmir. Bunun Azərbaycanın daxilindən ortaya atıldığı mənim öz müşahidələrimdən irəli gələn şəxsi fikrimdir, əlbəttə, amma hər bir halda Mahmudov mövzusu artıq çox geniş dairələrin diqqət mərkəzinə daxil olduğundan indi ən ağır itkiləri də Əliyev hakimiyyəti verəcək.
- Məsələnin digər maraqlı tərəfi isə odur ki, bu xəbər beynəlxalq mediada yayımlandıqdan sonra bütün yerli media, hətta hakimiyyətyönlü media da bu xəbəri tirajladı. Bu da keçmiş nazirin yenidən kimlərsə tərəfindən vurulması ehtimalını artırır. Bu yaxınlarda həmin nazirə bağlılığı ilə ad çıxarmış bir bankın ölkədə bağlanması isə bu ehtimalı daha da gücləndirir. Vəzifədən atılmış bir məmurun bu qədər vaxtdan sonra yenidən vurulması kimlərin marağındadır?
- Bu sualınızı yuxarıda qismən cavablandırdım, amma detallara getsək deməliyəm ki, elə mövzunun ölkə daxilində "israrla” gündəmdə saxlanılması onun daxildən qaynaqlanmasına işarədir. Mahmudov və onun cinayətkar dəstəsi o qədər insana düşmənçilik edib ki, indi bunun hamısı öz bəhrəsini göstərməkdədir və hələ xeyli göstərəcək də. Yuxarıda qeyd etdiyim kimi, insanlar belə şeyləri heç vaxt bağışlamırlar. Mahmudovun düşmənçilik etdiyi insanlar arasında isə adi bir müxalifətçidən tutmuş dövlət başçısına qədər minlərlə şəxs var ki, onlar da keçmiş nazirin kimlərsə tərəfindən reanimasiya olunmasında təkcə ədalətsizlik yox, həm də özləri üçün təhlükə görürlər. Odur ki, onun yenidən vurulmasında minlərlə maraqlı olan var. Açığını desəm, şəxsən mən artıq bu mövzudan yorulmuşam.
Təkcə son 4-5 gün ərzində 10-dək müsahibə və açıqlama üçün müraciət olub ki, onlardan da 3-ü xarici media vasitələridir. Siz xatırlayarsınız, radioda çalışdığınız vaxtlar sizin verilişlərdə dəfələrlə Mahmudovun cinayətləri haqda danışmışam və o zaman bunu heç də hamı eləmirdi, çünki eks-nazirin kəsdiyi başa sorğu olmayan zamanlar idi. Yeri gəlmişkən, kimlərisə susduğuna görə nə o zaman qınamışam, nə də bu gün qınamaq fikrim var. Özümün və ailə üzvlərimin həmin dövrdə yaşadıqları əsas verir ki, bunu heç vaxt etməyim, amma Mahmudova düşmən münasibətim də yoxdur. Əvvəla, ona görə ki, özümü kinlə, nifrətlə, qisasçılıqla yükləmək istəmirəm, ikincisi, onun əməlləri haqda səsləndirilməsi lazım olanların hamısını çoxdan demişəm, üçüncüsü, adam düşmənçiliyi də buna layiq olanla edər.
- Versiyalardan biri də budur ki, Eldar Mahmudovun həbsinə hazırlıq gedir. Ola bilərmi bu qədər vaxtdan sonra Eldar Mahmudov həbs olunsun? Və belə ehtimal varsa, bunun siyasi səbəbləri nə ola bilər?
- Məncə, indi bu haqda danışmaq artıq gecdir. İlham Əliyev Mahmudovun həbsini uzadaraq elə bir mərhələyə gətirib çıxardı ki, indi bu istiqamətdə atılan istənilən addım onun özünün əksinə olacaq. Başqa sözlərlə, bundan sonra Mahmudovun həbsi də, azadlıqda qalması da eyni dərəcədə İlham Əliyevə qarşı işləyəcək. Ziddiyyətli səsləndiyindən bu fikrimə bir az aydınlıq gətirmək istərdim. Mahmudovun azadlıqda qalması onunla bağlı məsələlərin böyüyərək beynəlxalq sanksiyalara qədər gedib çıxmasına səbəb ola bilər. Digər tərəfdən də unutmayaq ki, Mahmudovu hələ də himayə edən ciddi xarici tərəfdaşları var və onlar eks-nazirin həbsində maraqlı deyillər. Çünki həbsxanaya düşən Mahmudov bir çox şeylərə aydınlıq gətirə bilər. Ona görə də indi İlham Əliyevin eyni zamanda bir neçə tərəfdən ciddi təzyiqlərlə üzləşə biləcəyi istisna deyil. Bu halda da ortaq məxrəc tapmaq çox çətin olacaq. Amma vəziyyətdən çıxış yolu tapmaq yenə də mümkündür. Amma bu yolu seçmək qərarını da dövlət başçısı təkbaşına verə bilməz.
- Maraqlıdır ki, hazırda vəzifədə olan məmurların var-dövləti haqda mediada məlumatlar olsa da, bu xəbərlərin bu qədər üstünə gedən olmur. Yəni, araşdırılmır, yerli mediada o qədər də tirajlanmır. Niyə? Kimdir bu siyasəti müəyyən edən?
- Yerli medianın mütləq əksəriyyətinin hakimiyyətin nəzarətində olduğunu nəzərə alsaq, demək ki, belə qərarları verən də hakimiyyətdir. Təbii ki, hakimiyyət hələ iş başında olan məmurlarının ifşasında maraqlı deyil, çünki bu, elə hakimiyyətin ifşa olunması deməkdir. Belə ifşalar isə cəmiyyətdə etimad krediti onsuz da çox aşağı olan hakimiyyətə etimadı bir qədər də azaldır. Vurulan məmurlarla bağlı yanaşma isə tam əksinədir. Hakimiyyət vurulmuşları ifşa eləməklə həm onların siyasi cəsədi üzərində xal qazanmağa çalışır, həm də bu yolla onları təhdid edərək topladıqları sərvəti əllərindən almağa çalışır. Vurulmuş məmurların ifşası üzərində korrupsiya ilə mübarizə görüntüsü yaratmaq cəhdi müsbət nəticələr verməsə də, sərvətlərinin qismən də olsa əllərindən alınması mexanizmi işləyir. Bu da elə onlarla bağlı əsas məqsədlərdən biridir.
- Sizcə, bu olay ətrafında hansı proseslər baş verəcək? Və ya hakimiyyət bu məsələni hansısa formada öz xeyrinə həll edə biləcəkmi? Ya da bu məsələnin ümumi prosesin xeyrinə olması üçün hansı addımlar atıla bilər?
- Məncə, bu məsələdə beynəlxalq və xarici amillərin iştirakı və təsiri getdikcə artacaq ki, bu da mövzunun müzakirə dairəsini daha da genişləndirəcək. Belə halda hakimiyyətin imkanları daha da məhdudlaşır ki, bu da bir qədər əvvəl dediyim kimi, onun məsələni öz xeyrinə həll edə biləcəyini mümkünsüz edir. Səbəb də təkcə bu deyil, həm də odur ki, hakimiyyətin bununla bağlı hansısa ardıcıl, sistemli və dəqiq planının olmadığı faktdır. Məsələnin bu qədər uzanması da onun ziyanına işləyib və faktiki pat vəziyyəti yaradıb. Ona görə də indiki halda hakimiyyətin vəziyyətdən xeyirlə çıxa biləcəyi heç inandırıcı görünmür. Zənnimcə və təhlillər də göstərir ki, hakimiyyət ən yaxşı halda Mahmudov qalmaqalından "heç-heçə” ilə çıxa bilər. Başqa sözlərlə desək, həm quzular sağ qalır, həm də qurdlar doyur. Belə nəticə isə ancaq çox pozitiv sonluqlu nağıllarda olur.

Xəbər lenti