Nərmin Quliyevanın bacısı: Tanımadığım iki kişi məni evə aparmağı təklif etdi

Nərmin Quliyevanın bacısı: Tanımadığım iki kişi məni evə aparmağı təklif etdi
"İlkinin özü ilə salamlaşırdıq, qaraqabaq adam idi”
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir. Hər dəfə məhkəmə iclasında bu cinayət işi ilə bağlı yeni-yeni suallar yaranır.
Noyabrın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında Nərmin Quliyevanın bacısı Şəbnəm Quliyeva dindirilib. Hazırda 8-ci sinif şagirdi olan 14 yaşlı Şəbnəm Quliyeva bildirib ki, 2019-cu il noyabrın 21-də – bacısı itkin düşdüyü gün kənddə tanımadığı maşın və içərisində olan iki kişi yolda saxlayıb, ona da evlərinə aparmağı təklif edib. Lakin o, həmin şəxsləri tanımadığına görə maşına minməkdən imtina edib.
Şəbnəm Quliyevanın sözlərinə görə, bu hadisə bacısının arxasınca əmisigilə gedib, onun orada olmadığını biləndən sonra öz evlərinə geri qayıdanda baş verib:
"Həmin gün Nərmin məndən tez dərsdən gəlmişdi. Atam gödəkçəni əmimgilə aparmağımızı, əvəzində başqa gödəkçəni gətirməyimizi istədi. Günorta saat 2-3 arası olardı. Mənim dərslərim vardı deyə, Nərminə dedim ki, o getsin. 1-2 saat keçdi, Nərmin qayıtmadı. Atam məni də onun arxasınca göndərdi. Əmimgilə getdim, dedilər ki, Nərmin 1 saat olar gedib. Qayıdanda yolda bir sarı taksi dayandı, içində iki nəfər vardı. Mənə dedilər ki, "otur, aparaq səni”. Tanımırdım deyə getmədim. Mən kənd adamlarının əksəriyyətini üzdən tanıyıram. Bir az sonra qonşumuz maşını saxladı, ailəsi də içində idi, onlarla getdim”.
Şəbnəm Quliyeva deyir ki, bu məsələni bacısı itkin düşdüyü vaxt polisə də deyiblər. Polis şöbəsində ona 5 nəfərə yaxın adam və maşınlar göstərib, hadisə günü ona evlərinə aparmağı təklif edən avtomobil olub-olmadığını soruşublar:
"O adamların üzü yadımda qalmışdı. Onlar deyildi…”
Bacısı ifadəsində onu da bildirib ki, Nərmin itkin düşən gün onun əmisigildən çıxdığını paralel sinifdə oxuyan iki nəfər – Şəms və Sevinc də görüb. Şəbnəmin sözlərinə görə, Nərmin itkin düşdüyü gün atası ilə birlikdə qonşu kəndə qohumlarının toy öncəsi təşkil etdiyi "ciyəraxşamına” getməliydi. Lakin Nərmin gəlib çıxmadığına görə həmin axşam atası ora tək gedib: "Getdim, gördüm ki, əmimgildə də yoxdur, ata nənəmgildə də. Fikirləşdik ki, yəqin ana nənəmgilə gedib”.
Təqsirləndirilən İlkin Süleymanovun atasının sinif yoldaşı olduğunu deyən Şəbnəmin sözlərinə görə, bu ailə ilə münasibətləri yaxşı olub: "Bir neçə dəfə bizə kitablar da verib. Nərmin və mən İlkini tanıyırdıq, balaca bacım yox. İlkinin ailəsi tərəvəz satırdı, ona görə onlara gedirdik. İlkinin özü ilə salamlaşırdıq, qaraqabaq adam idi. Amma anası ilə münasibətlərimiz yaxşı idi. Nərmin yerli kanallardan "Mədəniyyət”ə, futbola görə "İdman”a baxırdı. Türk kanallarına da baxırdı”. Şəbnəmin sözlərinə görə, bacısının boyu onun çiynindən idi. Bacısı axırıncı dəfə evdən çıxıb əmisigilə gedəndə əynində yaşıl idman ayaqqabısı və qırmızı gödəkçə olduğunu deyən Şəbnəmin sözlərinə görə başqa geyimlərini xatırlamır. O, istintaqa ifadəsində isə bildirib ki, bacısı əmisigilə getməmişdən az əvvəl məktəbdən gəlmişdi deyə, əynində də ağ köynək, qara ətək, ağ kalqotka vardı. Bu məhkəmə prosesində Nərmin Quliyevanın qohumlarının (valideynləri, əmisi və bacısı) onun həmin gün geyimi ilə bağlı ifadələri arasında ziddiyyətlər var. Azyaşlının ölümü ilə bağlı məhkəmə prosesini hüquq müdafiəçiləri, Ombudsman Aparatının nümayəndəsi də izləyir.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, iş materiallarında qardaşının bu cinayətə aidiyyəti olmadığını sübut edən çoxsaylı faktlar, şahid ifadələri var: "Nərmin itkin düşən vaxt kəndə xüsusi it gətirmişdilər. Görünür, uşağın paltarının iyi əsasında onun izi ilə getmişdi. Uşağın olduğu evlərə – əmisigilə girmişdi, oradan çıxıb, onun getdiyi istiqamət üzrə getmişdi. Bir qədər sonra iz itmişdi. O iti bizim evin yanından da aparıblar. Lakin bizim evə girməyib. Bunu atası Şərif Quliyev dindiriləndə də dedi. Əgər uşaq bizim evdə olsaydı, mütləq girərdi…”
Araşdırmaların getdiyi Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısına İlkin Süleymanovun təqsirsiz olduğuna inanan çoxlu sayda kənd sakini də gəlib. Onlar İlkin Süleymanova dəstəklərini ifadə ediblər. Mərhum Nərmin Quliyevanın atası Şərif Quliyev və anası Aynurə İsmayılova isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Məhkəmə prosesi noyabrın 17-nə qədər təxirə salınıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Xəbər lenti