Narkoloji Mərkəzin baş həkimi: 'YAP üzvüyəm, mənə bəraət verin...'

Narkoloji Mərkəzin baş həkimi: 'YAP üzvüyəm, mənə bəraət verin...'
Загрузка...

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə həbs olunanlardan biri də oranın baş həkimi Telman Məmmədhəsənov idi. Yarım ildir bu hadisə ilə bağlı məhkəmə araşdırması getsə də, sabiq baş həkim ifadə verməkdən imtina edirdi. Yanvarın 30-da o, fikrini dəyişib və ifadə verib.

Deyib ki, yanğının baş verməsində onun heç bir təqsiri olmayıb. Ömrü boyu dövlətə, millətə xidmət etməsi, YAP üzvü olması və ailə vəziyyətinin nəzərə alınmasını xahiş edən T.Məmmədhəsənov haqqında bəraət hökmü çıxarılmasını istəyib. O bildirib ki, 2011-ci ildən Narkoloji Mərkəzə rəhbərlik edib: «İttihamda yazılıb ki, Mərkəzi yandırmaqda təqsirləndirilən Məhəmməd Məmmədovu məcburi müalicəyə saxlamışıq, müddəti uzatmışıq. Əvvəla, xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyil. Təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər, müalicələri bitəndə də könüllü olaraq çıxıb gediblər. Mən o zaman özümü günahkar bilərdim ki, Mərkəzdə bütün ştatlar ləğv edilsin, bütün işləri özüm görüm».

«Mən cadugər, uzaqgörənəm ki...»

T.Məmmədhəsənov iddia edir ki, Mərkəzdə hamı üçün normal şərait yaradılmışdı, bu müəssisəyə ayrılan bir iynə belə, kənara getməyib, hər şey xəstələrə verilib. Onun sözlərinə görə, xəstələr orada pulsuz müalicə olunur, dərmanla təmin edilirdi.

«İttihamda da göstərilir ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə, həmin yanğından xilas olmaq mümkün deyildi. Çünki bina köhnə və yararsız idi. Mən cadugər, uzaqgörənəm ki, kimin ağlında nə olduğunu əvvəldən bilim?», - T.Məmmədhəsənov bildirib.

O, sualları cavablandırarkən deyib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə Mərkəzdə yoxlama aparıb, akt tərtib ediblər. Məsələn, irad tutublar ki, siqnalizasiya yoxdur. Aktların surəti, qeyd olunan nöqsanlar rəhbər orqanlara çatdırılıb.

Zərərçəkən Məhbubə Dəmirovatəqsirləndirilən sabiq baş həkimdən soruşub ki, əgər Mərkəz dövlət hesabına xəstələri bütün lazımi dərmanlarla, xidmətlə pulsuz təmin edirdisə, niyə həkimlər xəstələrdən rüşvət alırdı?

T.Məmmədhəsənov deyib ki, onun Mərkəzdə rüşvət hallarından xəbəri olmayıb. Onun sözlərinə görə, Mərkəzin maliyyə müstəqilliyi də yox idi: «Mərkəzə ancaq maaş və dəftərxana xərcləri üçün vəsait ayrılırdı. Təmir-tikinti xərcləri üçün vəsait nəzərdə tutulmamışdı. Başqa avadanlıqlarla bağlı yazırdıq ki, bizim bu qədər yataq dəstinə, şkafa ehtiyacımız var, özləri təmin edirdilər. Yemək də mərkəzləşdirilmiş qaydada hazırlanıb göndərilirdi. Yəni, bizim özümüzün maliyyə müstəqilliyimiz yox idi».

Məhkəmə fevralın 1-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Загрузка...
Загрузка...

Xəbər lenti