Narkoloji Mərkəzdəki yanğına görə ömürlük həbs tələbi

Narkoloji Mərkəzdəki yanğına görə ömürlük həbs tələbi
Загрузка...
Prokuror məhkəmədə təqsirləndirilənlərə iş istədi
Ötən il martın 2-də Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə həbs olunan 64 yaşlı Məhəmməd Məmmədova ömürlük azadlıqdan məhrumetmə cəzası tələb olundu. Aylardır M.Məmmədov günahsız olduğunu, kimsəsiz olduğuna görə bu cinayətin onun üzərinə atıldığını desə də, prokuror fərqli fikirdədir. Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edib. Deyib ki, M.Məmmədov, eləcə də digər üç nəfər təqsirləndirilən şəxsin – Mərkəzin direktoru Telman Məmmədsalahov, müavini Mahir Abdullayev və M.Məmmədovun həkimi olmuş şöbə müdiri Afət Məmmədovaya qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Dövlət ittihamçısı T.Məmmədsalahova 4 il, M.Abdullayevə 3 il 6 ay azadlıqdan məhrumetmə, A.Məmmədovaya isə 5 il şərti cəza verilməsini istəyib. Məhkəmə prosesi aprelin 9-na qədər təxirə salınıb.
Mərkəzin keçmiş direktoru və müavini Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), A.Məmmədova isə 311-ci (rüşvət alma) maddəsilə ittiham olunur. İddia olunur ki, M.Məmmədov spirtli içki aludəçisi olub. Oğlu onun evini ələ keçirmək məqsədilə illərlə Narkoloji Mərkəzdə saxlatdırıb. Bu məqsədlə A.Məmmədovaya rüşvət verilib. Martın 1-də onun Narkoloji Mərkəzdə növbəti müalicə kursunun müddəti başa çatıb. Ona müddətin artırıldığını deyəndə narazılıq edib. Gecə özünü öldürmək məqsədilə yorğanı yandırıb, amma az sonra fikrindən daşınıb. Yorğanı üstündən yerə atıb və nəticədə otaq alovlanıb, digər palataları da alov bürüyüb. Lakin M.Məmmədov ittihamı rədd edir. Cinayətin onun üzərinə atıldığını, ilkin ifadəyə də işgəncə altında imza atdığını bildirir.
Məhkəmədə dindirilən bir neçə şahid də yanğının M.Məmmədovun saxlandığı palatadan yox, yanaşı otaqdan başladığını deyib. Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli bilmirlər.

Xəbər lenti