Nardaran məhbusunun qardaşı: "Ciyəri zədələnib, ona görə müalicəyə ehtiyacı var''

Nardaran məhbusunun qardaşı:
Загрузка...
 Cahad Babakişizadənin vəziyyətinin pisləşdiyi deyilir
18 yaşında olarkən Nardaran hadisələri zamanı həbs edilən Cahad Babakişizadənin təcili müalicəyə ehtiyacı olduğu bildirilir. Bu barədə Meydan TV-yə onun qardaşı Məhəmmədrza Babakişiyev məlumat verib.
Onun sözlərinə görə, Cahad xüsusən ciyərindəki problemlərdən əziyyət çəkir. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 2015-ci ilin noyabrında Nardaranda keçirdiyi əməliyyatda Cahad da xəsarət almışdı - ona sinəsindən bir güllə dəymişdi.
Qardaşı deyir ki, Cahad əməliyyat olunub güllə çıxarılsa da, onun fəsadlarından bu gün də əziyyət çəkir: "Ciyəri zədələnib, ona görə müalicəyə ehtiyacı var. Bunun üçün əvvəlcə müayinə olunmalıdır, bilinməlidir ki, hansı vəziyyətdədir, ciyərdə ağrı verən hansı problemdir. Həbsxanada da belə müayinə, müalicə mümkün deyil. Ona görə həbsxana rəhbərliyinə müraciət edib ki, onu Müalicə Müəssisəsinə köçürsünlər. Amma imtina ediblər".
M.Babakişiyev onu da bildirib ki, yaxın günlərdə məsələ ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək. C.Babakişizadə Qobustadakı qapalı həbsxanada saxlanılır.
Penitensiar Xidmətdən isə bildirilib ki, məhkumun müalicəyə ehtiyacı olub-olmamasına, onun müəssisə daxilindəki tibb-sanitar hissəsində saxlanması, yoxsa Müalicə Müəssisəsinə köçürülməsinə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri qərar verir.
"Əgər həkimin rəyi olarsa, məhkum köçürülür", - deyə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən isə bildirilib ki, C.Babakişizadə üçün həyati təhlükə yoxdur. 1997-ci il təvəllüdlü C.Babakişizadə ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. O, əməliyyatın keçirildiyi, Əbülfəz Bünyadova məxsus evin qonşuluğunda yaşayır.
Məhkəmədə bildirib ki, 2015-ci il noyabrın 26-da əməliyyat keçiriləndə evdə olub. Küçədən səs-küy gəldiyini eşidib və nə baş verdiyini öyrənmək üçün o tərəfə gedib. Hasara çıxıb baxanda isə polislərin atdığı güllələrdən biri ona dəyib. Həmin vaxt T.Bağırzadə və digərləri ilə birlikdə onu da tutub aparıblar. Ona qarşı da terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb.
C.Babakişizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 14 il 6 ay azadlıqdan məhrum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti