"Nardaran məhbusu" cəzasını çəkib azadlığa çıxdı

Загрузка...
Nardaran hadisələrinə görə hadisədən sonra həbs edilən və siyasi məhbus kimi tanınan Əliəsgər Cabbarov bu gün azadlığa buraxılıb. Criminal.az xəbər verir ki, o, 2 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası çəkib. 
Ə.Cabbarov «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Cabbar Cabbarovun qardaşıdır. Cabbar Cabbarov qətl və bir sıra ağır cinayətlərdə ittiham edilərək 19 il həbs cəzası alıb.
Rəsmi məlumata görə, Əliəsgər Cabbarovu əməliyyat məlumatı əsasında Sabunçu rayon Polis İdarəsinin 42-ci bölməsinin əməkdaşları saxlayıb.
İddia olunur ki, Cabbarovların həyətindəki tikilidən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş «Karabin» markalı tüfəng, 1 ədəd «RQD-5» qumbarası və 1 süngü-bıçaq götürülüb. Əliəsgər Cabbarova CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Cabbarovun yaxınları isə ittihamın yalan olduğunu bildirirlər.
Onlar hesab edir ki, bu, Cabbar Cabbarovun məhkəmədəki sərt çıxışlarına görə alınan qisas, həmçinin Nardaran sakinlərinə təzyiqlərin tərkib hissəsidir. «Hələ məhkəmə gedən dövrdə Əliəsgəri izləyirdilər, fəhlə işləyirdi, ora da getmişdilər. İzlənilən adam evində silah saxlayar? Tamamilə yalandır», – yaxınları bildirib.
2015-ci il noyabrın 26-da Nardaran əməliyyatı zamanı həbs olunan Cabbar Cabbarova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il həbs cəzası verilib. XATIRLATMA
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb.
Tale Bağırova 20 il, digərlərinə isə 20 ildən 10 ilə kimi həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər. Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti