“Müstəntiq dedi ki, cücəni qızartdırım, ye...”

“Müstəntiq dedi ki, cücəni qızartdırım, ye...”
Bakı Ağır Cinayətlər Məhkəməsində heroin satışında təqsirləndirilən Natiq Məmmədovun məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror ittiham aktını elan edib.
Belə ki, N. Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 5 qram heroin aşkar olunub.
Təqsirləndirilən N. Məmmədov özünü təqsirli bilmədiyini deyib: "Masallı rayonunda yaşayıram, iki oğlum Bakıda qiyabi oxuyur, həm də işləyirlər. Mən də 10 gün əvvəl yoldaşımla onların yanına gəlmişdim. Binanın həyətində mağazadan meyvə və toyuq alıb evə gedəndə mülki geyimlə adamlar yaxınlaşıb maşına mindirdilər. Dedim icazə verin meyvələri evə verim, ya da heç olmasa dükana qoyum. Ona da imkan vermədilər. Heç özlərini də təqdim etmədilər. İdarədə müstəntiq dedi cücəni qızartdırım, ye, dedim lazım deyil. Mənə ailəmlə danışmağa imkan vermədilər, övladlarım məni 3 gün morqlarda axtarıblar. Mənə işgəncə verilməyib, amma etiraf etməsəydim böyük tikəmi qulağım boyda edərdilər. "Bandotdel"də əməliyyatçı Fərhad əlini cibimə salıb narkotiki çıxarıb stolun üstünə atdı, dedim mənim deyil, dedilər indi oldu sənin. Sonra təzyiq etməyə başladılar, mən də bu yaşımda şillə təpik altına düşməmək üçün, bunu özümə təhqir hesab etdiyim üçün dedikləri formada ifadə yazdım. Mən 6 aydır tərəddüd içindəyəm ki, məni kim və niyə tutub. Mən heç vaxt narkotik vasitə çəkməmişəm, satmamışam". N. Məmmədov uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyini, Masallıda "Cənub Regional Ovçular İttifaqı”nın sədri olduğunu deyib.
Daha sonra "Bandotdel" əməkdaşı Fərhad Məmmədov ifadə verib. O bildirib ki, daxil olan əməliyyat məlumatı əsasında Natiq Məmmədovu saxlayıblar: "Məhəmməd Hadi küçəsinə gedib mövqeyimizi tutduq, 15 dəqiqə gözləyəndən sonra Natiq Məmmədova yaxınlaşıb özümüzü təqdim etdik, hal şahidlərinin iştirakı ilə o özü cibindən narkotik vasitəni çıxarıb verdi. Dedi bir iki gün əvvəl yaşadığı binanın girişindən tapıb və narkotik vasitə olduğunu bilib. Amma özü istifadə etmir. Heç bir müqavimət göstərmədi, səmimi davrandı". F. Məmmədov vəkilin sualına cavab olaraq bildirib ki, N. Məmmədovun narkotiki tapdığını dediyi bloka baxış keçirməyiblər: "Ərzaq məhsullarının içinə də baxış keçirilmədi". Hakim əməliyyatçıdan soruşub ki, nəyə görə N. Məmmədovun yaşadığı mənzilə də baxış keçirilməyib: "Bəlkə daha böyük miqdarını evdə saxlayırdı". Əməliyyatçı F. Məmmədov suala cavab verə bilməyib. Hakim əməliyyatçıya "Natiq Məmmədovdan narkotiki nə edəcəyini soruşdunuz, satacaqdı ya hədiyyə verəcəkdi?" deyə soruşub. Əməliyyatçı bu sualı vermədiklərini bildirib. Ardınca hal şahidi, 54 yaşlı Ulduz Məmmədov ifadə verərək deyib ki, "Çapayev" küçəsində olanda bir nəfər ona yaxınlaşaraq vətəndaşlıq borcunu yerinə yetirməyi təklif edib: "Məhəmməd Hadi küçəsinə getdik, orada saxlanılan şəxsin üstündən narkotik çıxdı".
Proses oktyabrın 31-də davam etdiriləcək.

Xəbər lenti