Müsavat fəalı: 'Sizə kim dedi ki, Azadın cibinə narkotik atın'

Müsavat fəalı: 'Sizə kim dedi ki, Azadın cibinə narkotik atın'
Загрузка...
«Sizə kim dedi ki, Azadın cibinə narkotik atın?», - Müsavat Partiyasının həbsdə olan fəalı Azad Həsənov məhkəmədə bu sualı Bakı Şəhər Baş Polis İdarəsinin mayoru Fikrət Nəsibova verib. Siyasi mühacir statusu ilə Litvada yaşayan və ötən il oktyabrın 10-da onkoloji xəstə olan atasına baş çəkməyə gəlib, elə həmin gün də həbs olunan A.Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Mayın 27-də məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin iki əməkdaşı - Şamxal Bağırov və Fikrət Nəsibov şahid kimi dindirilib. Hər ikisi deyib ki, idarəyə Azad adlı adamın narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında Hövsan qəsəbəsində əməliyyat keçirib, Azadı tutub idarəyə gətiriblər. İdarədə A.Həsənov özü cibindən çıxarıb, üç büküm narkotiki stolun üstünə qoyub. Hər iki polis iddia edib ki, əməliyyata idarənin əməkdaşı Elvin Kazımov rəhbərlik edib, sənədlərin hazırlanması, protokolun yazılması və s. bütün işləri o görüb. A.Həsənov isə deyir ki, yalandır, prosesə F.Nəsibov rəhbərlik edirdi: «Hamısını bu eləyirdi. İdarədə sənədləri də bu yazdı. Deyir ki, guya o biri dörd nəfər məni tutub maşınla gətirib, bu, başqa maşına minib gəlib. Yalandır. Hövsandan şəhərə qədər mənimlə yolda danışan, idarədə də bütün işləri görən, o birilərə göstəriş verən bu idi. Telefonumu da bu aldı əlimdən...».
A.Həsənov və vəkili Osman Kazımov polis əməkdaşı F.Nəsibova suallar vermək istərkən hakimin müdaxiləsinə Müsavat fəalı belə etiraz edib: «Mən bir daha belə məhkəmədə iştirak etmək istəmirəm. Növbəti məhkəməyə də gəlməyəcəm. Soruşursunuz, o da deyir ki, (Fikrət Nəsibovu nəzərdə tutur-red.) qərəzim yoxdur. Qərəzin buynuzu olmur ki. Əlbəttə, qərəzi var, müsavatçı olduğuma görə...».
Vəkil polislərdən soruşub ki, niyə onun üzərinə elə Hövsanda baxış keçirmədilər, nə ehtiyac vardı onu Bakı Şəhər Baş Polis İdarəsinə gətirməyə? Polislər deyir ki, Hövsanda kənd camaatının səs-küy salmasından ehtiyatlanıblar. Məhkəmədə dindirilən polislər A.Həsənovun əllərinə qandal vurmadıqlarını desələr də, müsavatçı fəal əksini iddia edir. Deyir ki, onu saxlayan kimi əllərini qandallayıb maşına mindiriblər. Ona görə də vəkil məhkəmədən Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib, oktyabrın 11-nə aid kamera görüntülərinin alınmasını istəyib.
Müdafiəçi deyib ki, bu görüntülər Azadın idarəyə əlləri qandallı, yoxsa açıq gətirildiyini sübut edə bilər. Məhkəmə bu məsələyə iyunun 3-də keçiriləcək növbəti iclasda baxacaq.
Xatırlatma
Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti